Dördüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin iştirakçılarına
Hörmətli sərgi iştirakçıları və qonaqlar!
Sizi “ADEX-2022” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin açılışı münasibətilə salamlayır və bütün iştirakçılara uğurlar arzulayıram.
Artıq ənənəvi xarakter almış “ADEX” sərgisi hərbi-texniki əməkdaşlığın inkişafı, ən müasir silah, texnika və texnologiyaların nümayiş etdirilməsi üçün mühüm platformaya çevrilmişdir. Sərgi dünyanın tanınmış hərbi sənaye müəssisələrini, nüfuzlu xarici şirkət və təşkilatları, rəsmi nümayəndə heyətlərini və mütəxəssisləri eyni məkanda toplayaraq işgüzar əlaqələrin qurulması və yeni müqavilələrin imzalanması üçün geniş imkanlar yaradır.
“ADEX-2022” Vətən müharibəsində qazanılmış parlaq qələbədən sonra Azərbaycanın təşkil etdiyi ilk beynəlxalq müdafiə sərgisidir. Tədbirdə real döyüş əməliyyatları zamanı uğurla sınaqdan çıxmış yerli hərbi təyinatlı məhsulların nümayiş etdirilməsi onun əhəmiyyətini daha da artırır.
XXI əsrin müharibəsini aparmış Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsi bu gün inkişaf etmiş ölkələrin hərbi mərkəzlərində diqqətlə öyrənilir. Son dərəcə çətin relyef şəraitində ən müasir döyüş silahlarını tətbiq etməklə Azərbaycan Silahlı Qüvvələri düşmənin möhkəmləndirilmiş müdafiə xətlərini yarmış və sürətlə irəliləyərək cəmi 44 gün ərzində onu təslim olmağa məcbur etmişdir. Azərbaycanın tarixi qələbəsi göstərdi ki, hərbi sahədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün müasir ordu quruculuğu, ölkənin hərbi qüdrətinin yüksəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi son dərəcədə əhəmiyyətlidir.
Azərbaycan Respublikası öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına və maddi-texniki bazasının gücləndirilməsinə daim xüsusi önəm verir. Ölkəmiz hərbi-texniki sahədə dünyanın qabaqcıl dövlətləri ilə əməkdaşlığını inkişaf etdirməklə yanaşı, milli müdafiə sənayesi sahəsində də imkanlarını genişləndirir. Hazırda Azərbaycan aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın 50-dən çox ölkəsinin aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir, ölkəmizin müdafiə sənayesi müəssisələrində istehsal olunan məmulatların həcmi ildən-ilə artır.
Biz, qarşıdan gələn dövrdə də müasir silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsalına xüsusi diqqət yetirməklə Azərbaycan Silahlı Qüvvələrini və ölkəmizin müdafiə qabiliyyətini daha da gücləndirəcəyik.
Əminəm ki, “ADEX-2022” sərgisi faydalı təcrübə mübadiləsinin aparılmasına, yeni əməkdaşlıq əlaqələrinin qurulmasına əlverişli imkan yaradacaq və Azərbaycanın müdafiə sənayesinin elmi-texnoloji potensialının artırılmasına öz müsbət töhfəsini verəcəkdir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 sentyabr 2022-ci il
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
22.07.2026, 16:43
MSN və UNEC arasında əməkdaşlıq imkanları müzakirə edilib
19.07.2026, 11:40
Müdafiə Sənayesi Nazirliyinin məlumatı
17.07.2026, 16:03
Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Gürcüstanda rəsmi səfərdə olub
11.07.2026, 18:28
“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı”nın hesabat və məzun günü ilə bağlı tədbir keçirilib
09.07.2026, 19:13
Vüqar Mustafayev Selçuk Bayraktarla görüşüb
02.07.2026, 18:06
Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub
30.06.2026, 18:31
Müdafiə sənayesi sahəsində kadr hazırlığı diqqət mərkəzindədir
30.06.2026, 11:08
Müdafiə Sənayesi Nazirliyinin şəhid olmuş əməkdaşları ölümündən sonra ordenlə təltif ediliblər
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib