Əsas səhifə \ Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri...
30 sen, 2026 11:46

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri öz işinə başlayıb

Sentyabrın 30-da “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 15-сi yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi öz  işinə başlayıb.

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə “Bakı Ekspo Mərkəzi”ndə  üç gün davam edəcək sərginin açılış  mərasimində dövlət və hökumət rəsmiləri, xarici ölkələrin nümayəndə heyətləri, digər əlaqədar qurumların nümayəndələri iştirak ediblər. 

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev tədbir iştirakçılarını salamlayıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərgi iştirakçılarına salamlama məktubunu oxuyub.

Qeyd edək ki, ADEX Qafqaz regionunun bu sahə üzrə ən böyük ixtisaslaşmış sərgisi və hərbi-texniki əməkdaşlığın əsas platformalarından biridir. Budəfəki sərgidə iştirakçı ölkələrin və şirkətlərin sayı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2014-cü ildə keçirilmiş ilk ADEX sərgisində 34 ölkə iştirak etdiyi halda, 2026-cı ildə bu ölkələrin sayı 53-ə çatıb. Sərgidə 53 ölkədən 280 şirkət və 59 xarici rəsmi nümayəndə heyəti iştirak edir. 

Türkiyənin “Roketsan” şirkəti “ADEX” sərgisinin baş sponsoru, Amerika Birləşmiş Ştatlarının (ABŞ) “Northrop Grumman” şirkəti isə ölkə tərəfdaşı sponsorudur. Sərginin sponsorları qismində, həmçinin “Absheron Hotel Group”, “Accurate Az MMC” və “Bilboard.al” şirkətləri çıxış edir.

Bu il ABŞ-nin  ADEX-də iştirakı xüsusi diqqət çəkir. ABŞ-nin “SIG SAUER” və “Lockheed Martin” kimi şirkətləri, həmçinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı və Almaniya ilk dəfə ADEX-də iştirak edirlər. 

Azərbaycanla yanaşı, ABŞ, Belarus, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Çexiya, Çin, İsrail, İtaliya, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya, Slovakiya və Türkiyə olmaqla 14 ölkə sərgidə milli pavilyonla təmsil olunur.

“ADEX-2026”nın əsas yeniliklərindən biri də sərginin miqyasının genişlənməsidir. Belə ki, bu il ilk dəfə olaraq “Bakı Ekspo Mərkəzinin” 5-ci pavilyonu ADEX sərgisi üçün istifadə olunur. Bu addım sərgiyə beynəlxalq marağın artmasının və ADEX-in müdafiə sənayesi sahəsində beynəlxalq platforma kimi mövqeyinin möhkəmlənməsinin göstəricisidir.

Digər mühüm yenilik isə Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunun ilk dəfə olaraq milli ekspozisiyaya ayrılmasıdır. Burada Azərbaycanın müdafiə sənayesi, texnologiya, kosmik sənaye və mühəndislik sahələrini təmsil edən qurum və şirkətlərinin məhsul və imkanları təqdim olunur.

Paylaşmaq üçün linki kopyala:

Yazını paylaş

Baxış sayı:

191

Oxşar yazılar