Azərbaycanın müdafiə sənayesi üçün kadr hazırlığı sahəsində mühüm sənəd imzalanıb
Elm və Təhsil Nazirliyi (ETN) ilə Müdafiə Sənayesi Nazirliyi (MSN) arasında müdafiə sənayesi üçün kadr hazırlığı sahəsində əməkdaşlıq haqqında Memorandumun imzalanması ilə əlaqədar mayın 26-da Azərbaycan Texniki Universitetində (AzTU) tədbir keçirilib.
Tədbirdə müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov, elm və təhsil nazirinin müavini İdris İsayev, AzTU-nun rektoru Vilayət Vəliyev, MSN-in tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Emil İbrahimov, MSN-in və ETN-in digər rəhbər işçiləri, universitetin müəllim və professor heyəti, həmçinin akademik göstəriciləri yüksək olan bakalavr və magistr pillələrində təhsil alan bir qrup tələbə iştirak edib.
Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.
Universitetin Heydər Əliyev Mərkəzində davam edən imzalanma tədbirində elm və təhsil nazirinin müavini İ.İsayev çıxış edərək müasir təhsil sistemi, bu sahədə aparılan islahatlar, ali məktəblərin bakalavr, magistratura və doktorantura pillərərinə qəbul proqramları haqqında ətraflı məlumat verib. O, imzalanacaq Memorandumla ETN və MSN arasındakı əməkdaşlığın yeni mərhələyə qədəm qoyacağını qeyd edib. Nazir müavini müasir təhsilvermənin tələbləri nəzərə alınmaqla hazırlanmış çoxistiqamətli əməkdaşlığı ehtiva edən sənədin müdafiə sənayesi üzrə kadr hazırlığına olan tələbatın, o cümlədən yeni texnologiyalar sahəsində çağdaş bilik və bacarıqlara malik yüksəkixtisaslı mühəndis kadr hazırlığının təmin edilməsində xüsusi rol oynayacağını vurğulayıb.
Müdafiə sənayesi nazirinin müavini H.Əzimov müdafiə sənayesi üzrə ixtisaslı kadr hazırlığı, sahəvi mütəxəssislərin təkmilləşdirilməsi və innovativ mühəndisliyin daha da inkişaf etdirilməsi məqsədilə ETN və onun strukturuna daxil olan elmi-tədqiqat institutları, eləcə də ali təhsil və peşə hazırlığı müəssisələri ilə səmərəli əməkdaşlıq edildiyini, bu sahədə əlaqələrin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. H.Əzimov Memorandumun ölkəmizin prioritet inkişaf istiqamətləri üzrə kadrlara olan tələbatının, o cümlədən yeni texnologiyalar sahəsində yüksəkixtisaslı mühəndislərin hazırlığının təmin edilməsinə geniş imkanlar yaratdığını, müasir dövrdə sənaye-universitet əlaqələrinin inkişafı baxımından bu sənədin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
AzTU-nun rektoru V.Vəliyev ali təhsil müəssisəsi ilə MSN arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edib. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı və MSN-in təşəbbüsü əsasında 2012-ci ildən AzTU-da Xüsusi texnika və texnologiya fakültəsinin uğurla fəaliyyət göstərdiyini, təhsil müddətində yüksək nailiyyətlər əldə etmiş məzunların əksəriyyətinin MSN-in müəssisələrində müvəffəqiyyətlə çalışdıqlarını vurğulayıb. Rektor müdafiə sənayesi üzrə kadr hazırlığı ilə bağlı çağdaş dövrün tələblərinə uyğun yeni strategiya hazırlandığını diqqətə çatdırıb.
Sonra elm və təhsil nazirinin müavini İ.İsayev və müdafiə sənayesi nazirinin müavini H.Əzimov ETN ilə MSN arasında əməkdaşlıq haqqında Memorandumu imzalayıblar.
Tədbirin sonunda qonaqlar AzTU tərəfindən müasir tədris-təhsil proqramlarının həyata keçirilməsi məqsədilə ali təhsil müəssisəsinin maddi-texniki bazasının əsasında yaradılmış texnoloji imkanlar və perspektiv layihələrlə tanış olublar.
Qeyd olunmalıdır ki, bu il Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 20 illiyidir. Hazırkı Memorandumun Azərbaycan Respublikasında elan edilmiş “Konstitusiya və Suverenlik İli”ndə, Vətən müharibəsində qazanılmış tarixi və şanlı Zəfərin beşinci ildönümü və Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının yubileyi ərəfəsində imzalanması əlamətdar hadisədir və ölkəmizdə insan kapitalının formalaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasətinə növbəti töhfənin bariz nümunəsidir.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
17.07.2026, 16:03
Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Gürcüstanda rəsmi səfərdə olub
11.07.2026, 18:28
“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı”nın hesabat və məzun günü ilə bağlı tədbir keçirilib
09.07.2026, 19:13
Vüqar Mustafayev Selçuk Bayraktarla görüşüb
02.07.2026, 18:06
Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub
30.06.2026, 18:31
Müdafiə sənayesi sahəsində kadr hazırlığı diqqət mərkəzindədir
30.06.2026, 11:08
Müdafiə Sənayesi Nazirliyinin şəhid olmuş əməkdaşları ölümündən sonra ordenlə təltif ediliblər
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib
16.06.2026, 16:50
"İxtisaslaşmış Akademik Tədris Proqramı" ilə bağlı infosessiyalar keçirilib
19.05.2026, 18:30
Müdafiə sənayesi sahəsində kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məqsədilə görüş keçirilib