XVI Respublika Spartakiadasında fərqlənən Müdafiə Sənayesi Nazirliyi işçiləri ilə görüş keçirildi
Müdafiə Sənayesi Nazirliyində “Zenit” İdman Cəmiyyətinin xidmət sahəsinə daxil olan müəssisə və təşkilatların XVI Respublika Spartakiadasında fərqlənən müdafiə sənayesi işçiləri ilə görüş keçirildi.
Tədbiri açan Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Röfət Müfid-Zadə müdafiə sənayesi naziri Yavər Camalovun təbriklərini komanda üzvlərinə çatdırdı.
İclasda bildirildi ki, respublikada bədən tərbiyəsi və idmanın inkişafına köməkliyin göstərilməsi və Həmkarlar İttifaqı üzvlərinin sağlamlığının möhkəmləndirilməsi məqsədilə 2013-cü ildə “Zenit” İdman Cəmiyyətinə üzv təşkilatların birgə qərarına əsasən xidmət sahəsinə daxil olan müəssisə və təşkilatların XVI Respublika Spartakiadası keçirilmişdir.
Keçirilən Spartakiadaya Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nazirliyin işçilərindən təşkil olunmuş komandaları da qatılmış və layiqli yerlər tutmuşlar.
Müdafiə Sənayesi Nazirliyi işçilərinin komanda və fərdi halda qatıldıqları yarışlarda komandalar nərd və kəndirdartma üzrə I yerləri, voleybol, şahmat və güllə atıcılığı üzrə III yerləri, həmçinin fərdi yarışlarda - daşqaldırma və armrestlinq üzrə iki nəfər II yeri, dörd nəfər isə III yeri tutmuşdur.
Nazirlik ümumi komanda hesabında üçüncü yeri tutmuşdur.
Buna görə də komandalar “Zenit” İdman Cəmiyyətinin Respublika Şurasının diplomları və kuboku ilə təltif olunmuşlar.
Müdafiə Sənayesi Nazirliyi fəaliyyətə başladığı gündən etibarən nazirliyin əməkdaşlarının sağlamlıqlarının möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə nazirliyin müəssisələrində yüksək səviyyədə şərait yaradıldığını vurğulayan Röfət Müfid-Zadə buna görə nazirliyin rəhbərliyinə öz təşəkkürünü bildirdi.
Tədbirin sonunda yarışlarda fərqlənən komanda üzvlərinə pul mükafatları verildi.