Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
26 Oktyabr, 2016 15:10 2640

Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2016-cı ilin doqquz ayının yekunlarına həsr edilmiş səyyar kollegiya keçirildi

Nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edildi.

Kollegiyanın sədri Yavər Camalov bildirdi ki, dünyada əlverişsiz iqtisadi proseslərin davam etdiyi, regionda silahlı münaqişələrin və qanlı terror aktlarının baş verdiyi bir dövrdə ölkəmizdə sabitlik qorunub saxlanılır, iqtisadi islahatlar getdikcə dərinləşir, dövlətimizin gücü və beynəlxalq nüfuzu durmadan artır. Ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli daxili və xarici siyasəti nəticəsində ölkədə siyasi, iqtisadi və hərbi sahədə böyük uğurlar əldə edilir.

Bildirildi ki, ötən müddət ərzində aparılan məqsədyönlü işlər nəticəsində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müvafiq proqramlar əsasında müdafiə təyinatlı məmulatların istehsalı üçün yeni sahələrin yaradılması işləri davam etdirilmişdir.

Hesabat dövründə cari il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilmiş, respublikanın güc strukturlarının sifarişləri üzrə bağlanmış müqavilələr əsasında müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilmişdir. Eyni zamanda, mülki məmulatların istehsalının genişləndirilməsi üzrə işlər davam etdirilmişdir.

2016-cı ilin doqquz ayında nazirliyin müəssisələrində istehsal olunan məhsulların ümumi həcminin 81 faizini müdafiə və xüsusi təyinatlı, 19 faizini isə mülki təyinatlı məhsullar təşkil etmişdir. İstehsal olunaraq sifarişçilərə təhvil verilən müdafiə təyinatlı məmulatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz, çeşidlərinin sayı isə 2 dəfədən çox artmışdır. Eləcə də, ötən ilin müvafiq dövrü ilə müqayisədə mülki məhsul istehsalında 8,2 faiz artım əldə olunmuşdur.

2016-cı ilin Yaradılma Proqramına uyğun olaraq Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 115 mövzu üzrə 198 mərhələni əhatə edən təcrübi konstruktor işləri aparılır. Nazirliyin Elmi-Tədqiqat İnstitutunda cari ildə dövlət sifarişi xətti ilə 14 mövzu üzrə elmi-tədqiqat və təcrübi konstruktor işləri  davam etdirilmişdir. Nazirlikdə fəaliyyət göstərən Elmi-Texniki Şuranın müvafiq bölmələrinin üç iclası keçirilmiş, iş planına daxil edilmiş müxtəlif səpgidə mövzular üzrə müzakirələr aparılmış, konkret təklif və rəylər qəbul edilmişdir.

Hesabat dövründə nazirliyin qarşısında qoyulan tapşırıqların vaxtında təmin edilməsi üçün dünyanın inkişaf etmiş dövlətlərinin hərbi sənaye kompleksinə daxil olan şirkət və qurumlarla hərbi-texniki sahədə əməkdaşlıq davam etdirilmişdir.

Kollegiyada qeyd olundu ki, 2009-cu ildən beynəlxalq sərgilərə qatılan  Müdafiə Sənayesi Nazirliyi “ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisinin keçirilməsini yüksək səviyyədə təşkil etdi.

Cari ilin 27-30 sentyabrında Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində dünyanın 44 ölkəsindən 250-yə yaxın  şirkət və rəsmi heyət iştirak edirdi.

"ADEX-2016" sərgisində ekspozisiya meydançasının 1000 kvadratmetrlik sahəsini əhatə edən Milli Pavilyonda Azərbaycan müdafiə sənayesinin yenilikləri nümayiş etdirildi.

İki il öncə “ADEX-2014” birinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində 168 adda məmulat nümayiş etdirən Müdafiə Sənayesi Nazirliyi “ADEX-2016”  sərgisində 260 adda məmulat nümayiş etdirdi.

Sərgidə ilk dəfə nümayiş etdirilən məmulatlardan mina əleyhinə “İldırım” və “Qasırğa” zirehli maşınları, “AZAD Sistemlər” müəssisəsi tərəfindən hazırlanan pilotsuz uçuş aparatların ən yeni tipli təkmilləşdirilmiş variantları, yeni növ atıcı silahlar, tank əleyhinə idarə olunan raketlə təchiz edilmiş “Gürzə” nəzarət patrul maşını, döyüş sursatları və onların partladıcı başlıqları sərgini ziyarət edənlər tərəfindən böyük maraqla qarşılandı.

Sərgi çərçivəsində hərbi-texniki əməkdaşlığın müxtəlif istiqamətləri üzrə danışıqlar aparıldı və bir sıra yeni layihələrin reallaşdırılması məsələləri müzakirə olundu.

Sərgi zamanı Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında yeni növ kamikadze tipli “Zərbə” və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatlarının istehsal edilib Silahlı Qüvvələrin istifadəsinə verilməsinə dair memorandum imzalandı.

 Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, digər dövlət və hökumət nümayəndələrinin “ADEX-2016” sərgisini ziyarət etməsi sərginin əhəmiyyətini daha da artırdı.

Sərginin yüksək səviyyədə keçirilməsi və Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatların nümayişi ölkənin müdafiə qüdrətinin günü-gündən möhkəmlənməsinə və Azərbaycan Silahlı Qüvvələrinin reqionda qüdrətli ordulardan birinə çevrilməsinə xidmət edir.

İclasda birlik və müəssisə rəhbərlərinin hesabatları dinlənildi.

Kollegiya iclasında nazir Yavər Camalov hesabat dövründə tabeli birlik və müəssisələr tərəfindən  görülmüş işləri müsbət qiymətləndirdiyini bildirdi.

Nazir Prezident İlham Əliyev tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə göstərişlər verdi.