Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
31 Oktyabr, 2014 16:00 2010

Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2014-cü ilin doqquz ayının yekunlarına həsr edilmiş səyyar kollegiya keçirildi

Nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclaslarda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edildi. Bildirildi ki, aparılan məqsədyönlü işlər nəticəsində nazirliyin müəssisələrində müvafiq proqramlar əsasında müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı üçün yeni istehsal sahələrinin yaradılması işləri davam etdirilmişdir.

Hesabat dövründə cari il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilmiş, respublikanın güc strukturlarının sifarişləri üzrə bağlanmış müqavilələr əsasında müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilmişdir. Eyni zamanda, mülki məmulatların istehsalının genişləndirilməsi üzrə işlər davam etdirilmişdir.

2014-cü ilin doqquz ayında nazirliyin müəssisələrində istehsal olunmuş məhsulların ümumi həcminin 86 faizini müdafiə və xüsusi təyinatlı, 14 faizini isə mülki təyinatlı məhsullar təşkil etmişdir. Cari ildə təhvil verilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 1,3 dəfə artmışdır.

2014-cü ilin Yaradılma Proqramına uyğun olaraq nazirliyin müəssisələri tərəfindən 66 mövzunu və 169 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işləri aparılır. Nazirliyin Elmi-Tədqiqat İnstitutunda cari ildə dövlət sifarişi xətti ilə 10 mövzu üzrə elmi-tədqiqat və təcrübi konstruktor işləri  davam etdirilmişdir. Nazirlikdə fəaliyyət göstərən Elmi-Texniki Şuranın müvafiq bölmələrinin üç iclası keçirilmiş, iş planına daxil edilmiş müxtəlif səpgidə mövzular üzrə müzakirələr aparılmış, konkret təklif və rəylər qəbul edilmişdir.

Hesabat dövründə nazirliyin qarşısında qoyulmuş tapşırıqların vaxtında təmin edilməsi üçün dünyanın inkişaf etmiş dövlətlərinin hərbi sənaye kompleksinə daxil olan şirkət və qurumlarla hərbi-texniki sahədə əməkdaşlıq davam etdirilmişdir.

Kollegiyada qeyd olundu ki, 2009-cu ildən etibarən nazirliyin müəssisələrində yaradılan və istehsal olunan məmulatlar mütəmadi olaraq beynəlxalq sərgilərdə nümayiş etdirilir.

Cari ilin 11-13 sentyabrında Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə  Bakı Ekspo Mərkəzində birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi “ADEX-2014” Sərgisi keçirildi. Sərgidə Türkiyə, ABŞ, Fransa, Polşa, İsrail, Belarus, Rusiya, Cənubi Afrika və s. daxil olmaqla dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edirdi.

"ADEX-2014" sərgisində Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya, Polşa, İsrail və Ukraynanın 8 milli qrupu öz ekspozisiyalarını nümayiş etdirdilər. Ekspozisiya meydançasının 1000 kvadratmetrlik sahəsini əhatə edən Milli Pavilyon Azərbaycan müdafiə sənayesinin yeniliklərini nümayiş etdirdi.

2009-cu ildə ilk qatıldığı beynəlxalq sərgidə 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Müdafiə Sənayesi Nazirliyi “ADEX-2014” sərgisində 168 adda məmulat nümayiş etdirdi. Sərgidə nazirliyin nümayiş etdirdiyi məmulatlar yerli və xarici nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılandı.

Sərgi çərçivəsində hərbi-texniki əməkdaşlığın müxtəlif istiqamətləri üzrə danışıqlar aparıldı və bir sıra yeni layihələrin reallaşdırılması məsələləri müzakirə olundu.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, digər dövlət və hökumət nümayəndələrinin “ADEX-2014” sərgisini ziyarət etməsi sərginin əhəmiyyətini daha da artırdı.

Sərginin yüksək səviyyədə keçirilməsi və Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatların nümayişi ölkənin müdafiə qüdrətinin günü-gündən möhkəmlənməsinə və Azərbaycan Silahlı Qüvvələrinin reqionda qüdrətli ordulardan birinə çevrilməsinə xidmət edir.

İclaslarda birlik və müəssisə rəhbərlərinin hesabatları dinlənildi.

Kollegiya iclaslarında nazir Yavər Camalov hesabat dövrü ərzində tabeli birlik və müəssisələr tərəfindən  görülmüş işləri müsbət qiymətləndirdiyini bildirdi.

Nazir Respublika Prezidenti İlham Əliyev tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə göstərişlər verdi.