Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
28 Aprel, 2014 15:20 1814

Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2014-cü ilin birinci rübünün yekunlarına həsr edilmiş səyyar kollegiya iclasları keçirildi

Nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclaslarda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edildi.

Bildirildi ki, hesabat dövründə nazirliyin müəssisələrində 2014-cü il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilmiş, respublikanın güc strukturlarının sifarişləri əsasında bağlanmış müqavilələr üzrə müdafiə təyinatlı məmulatlar istehsal olunaraq sifarişçilərə təhvil verilmişdir. Eləcə də, mülki məmulatların istehsalının genişləndirilməsi üzrə işlər davam etdirilmişdir.

Cari ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehsal həcmində  1,7 dəfə artım əldə edilmişdir. Müdafiə  və xüsusi təyinatlı məmulatların istehsalı, elmi-tədqiqat və təcrübi konstruktur işlərinin həcmi də 1,7 dəfə artmışdır. Hesabat dövründə sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmutların çeşidlərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 dəfə artmışdır.

Mülki məhsulların istehsalı üzrə proqnoza əməl olunmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə mülki təyinatlı məmulatların istehsalında 55 faiz artım əldə edilmişdir.

2014-cü ilin istehsal proqramına uyğun olaraq birinci rübdə nazirliyin müəssisələrində yaradılma üzrə 66 mövzu və 169 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işləri davam etdirilmişdir.

Kollegiyada qeyd olundu ki, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan məmulatlar 2009-cu ildən etibarən, mütəmadi olaraq beynəlxalq sərgilərdə nümayiş etdirilir. Nazirliyin sonuncu qatıldığı sərgi aprelin 14-dən 17-dək Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən XIV Asiya Müdafiə Xidmətləri Sərgisi “DSA-2014” olmuşdur. Bu sərgi dünyanın ən böyük beş müdafiə sənayesi sərgisindən biridir.

Dünyanın 55 ölkəsindən 800-dən artıq qabaqcıl şirkətin qatıldığı “DSA-2014” sərgisində Müdafiə Sənayesi Nazirliyi 132 adda müdafiə təyinatlı məmulat nümayiş etdirdi. Sərgidə  “İstiqlal”, “Mübariz”, “Yalquzaq” snayper tüfəngləri, tank və zirehli texnikalar üçün pulemyot, hücum pulemyotu, ilk dəfə olaraq universal pulemyot, “Zəfər”, “Zəfər-K” və “İnam”  tapançaları, pilotsuz uçuş aparatları, aviasiya təlim bombası, müxtəlif çaplı sursatlar, əleyhqazlarla yanaşı digər məmulatlar da nümayiş etdirildi. Bu sərgidə də MSN-in nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılandı.

Sərgi zamanı Müdafiə Sənayesi Nazirliyinin stendində cari ilin sentyabrında Bakıda keçiriləcək “ADEX-2014” beynəlxalq müdafiə sənayesi sərgisinin təqdimatı oldu. Stendi ziyarət edən nümayəndələrə sərgi ilə bağlı dəvətlər çatdırıldı.

Kollegiya iclaslarında MSN-in birlik və müəssisələrinin rəhbərlərinin hasabatları da dinlənildi.

Nazir Yavər Camalov hesabat dövründə tabeli birlik və müəssisələr tərəfindən görülmüş işləri müsbət qiymətləndirdiyini bildirdi.

Nazir Respublika Prezidenti İlham Əliyev tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə göstərişlər verdi.