Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
24 Oktyabr, 2013 12:35 1929

Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2013-cü ilin doqquz ayının yekunlarına həsr edilmiş səyyar kollegiya keçirildi

İclasın əvvəlində kollegiyaya sədrlik edən nazir Yavər Camalov bildirdi ki, 9 oktyabrda keçirilən prezident seçkilərində İlham Əliyevin yüksək səs çoxluğu ilə mütləq qələbə qazanması bir daha sübut etdi ki, Azərbaycan xalqı bu seçkidə də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkədə sabitliyin, əmin-amanlığın, dinamik inkişafın təminatçısı olan layiqli namizədi özünə prezident seçdi. Nazir bu münasibətlə Respublika Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik etdi.

Kollegiya üzvləri Yavər Camalovu yenidən Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin olunması münasibətilə təbrik etdilər. Yavər Camalov öz növbəsində ona göstərilən etimada görə Respublika Prezidenti İlham Əliyevə təşəkkürünü  bildirdi.

Kollegiyada nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edildi.

Bildirildi ki, hesabat dövründə  tabeli müəssisələrdə 2013-ci il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilmiş, respublikanın güc strukturlarının sifarişləri üzrə bağlanmış müqavilələr əsasında müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilmişdir. Eləcə də, mülki məmulatların istehsalının genişləndirilməsi üzrə işlər davam etdirilmişdir.

Cari ilin doqquz ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehsal həcmi 2,5 dəfə, müdafiə təyinatlı məmulatların istehsalı isə 2,8 dəfə artmışdır. Mülki təyinatlı məhsulların istehsalı üzrə proqnoza 105 faiz əməl olunmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə mülki məmulatların istehsalında 41 faiz artım əldə edilmişdir.  İstehsal olunmuş  məhsulların ümumi həcminin 85 faizini müdafiə və xüsusi təyinatlı, 15 faizini isə mülki təyinatlı məhsullar təşkil etmişdir. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 750-ni ötmüşdür.

2013-cü ilin  istehsal proqramına uyğun olaraq  nazirliyin müəssisələri tərəfindən yaradılma üzrə 70 mövzunu və 208 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işləri davam etdirilmişdir. Elmi-Tədqiqat İnstitutunda cari ildə dövlət sifarişi xətti ilə 10 mövzu üzrə elmi tədqiqat və və təcrübi konstruktor işləri uğurla aparılır.

Kollegiyada 2014-cü ildə Azərbaycanda keçiriləcək “ADEX-2014” beynəlxalq müdafiə sənayesi sərgisi ilə bağlı aparılan işlərdən də danışıldı.  Bildirildi ki, “ADEX-2014” sərgisi ilə bağlı aidiyyəti dövlət qurumlarının məsul şəxslərindən ibarət yardılmış Təşkilat Komitəsinin ilk iclası keçirilmişdir. İclasda sərginin təşkili ilə bağlı geniş müzakirələr aparılmışdır.

Fəaliyyətə başladığı gündən bir çox beynəlxalq və milli sərgilərə qatılan Müdafiə Sənayesi Nazirliyi cari ilin sentyabrın 15-dən oktyabrın 17-dək Bakıda keçirilən “Azərbaycan 10 ildə” sosial-iqtisadi inkişaf dövlət proqramlarının icrası sərgisində təmsil olunmuş və nazirliyin müəssisələrində yaradılan və istehsal olunan müdafiə və mülki təyinatı məmulatları nümayiş etdirmişdir. Nümayiş etdirilən məmulatlar böyük maraqla qarşılanmışdır.

İclasda birlik və müəssisə rəhbərlərinin hesabatları dinlənildi.

Kollegiya iclasında nazir Yavər Camalov hesabat dövrü ərzində tabeli birlik və müəssisələr tərəfindən  görülmüş işləri müsbət qiymətləndirdiyini bildirdi. Nazir Respublika Prezidenti İlham Əliyev tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə xüsusi göstərişlər verdi.