Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
17 Dekabr, 2011 14:00 2029

Müdafiə Sənayesi Nazirliyinin kollektivi peşə bayramlarını qeyd etdilər

Bu gün Müdafiə Sənayesi Nazirliyinin kollektivi, Respublika Prezidenti  İlham Əliyev tərəfindən onlara bəxş olunmuş  17 dekabr  “Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü”nü yüksək fəxr hissi ilə geniş şəkildə qeyd etdilər.

Üçüncü ildir ki, öz peşə bayramlarını qeyd edən müdafiə sənayesi işçiləri əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi, məzarı önünə əklil qoydular. Kollektiv tərəfindən görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olundu, məzarı üstünə gül dəstələri düzüldü. Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları ziyarət edildi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyuldu. Tədbirin keçirildiyi “Radioquraşdırma” zavodunun həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış  büst ziyarət edildi, önünə gül dəstələri düzüldü.

Sonra “Radioquraşdırma” zavodunun Akt zalında peşə bayramı ilə əlaqədar təntənəli tədbirin rəsmi hissəsinə başlanıldı.

Azərbaycanın Dövlət Himni səsləndirildi.

Tədbiri açan müdafiə sənayesi naziri Yavər Camalov ilk əvvəl bildirdi ki, Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı ərəfəsində, 15 dekabr 2011-ci ildə Respublika Prezidenti İlham Əliyev nazirliyin bir qrup əməkdaşının “Əməkdar Dövlət Qulluqçusu”, “Əməkdar mühəndis” fəxri adlarına layiq görülmələrinə, “Tərəqqi”“Dövlət qulluğunda fərglənməyə görə” medalları ilə təltif olunmalarına dair Sərəncamlar imzalamışdır. Nazir bu münasibətlə Respublika Prezidenti İlham Əliyevə kollektiv adından minnətdarlığını bildirdi. 

Nazir Yavər Camalov nazirliyin fəaliyyəti barədə ətraflı məlumat verdi. Bildirdi ki, Müdafiə Sənayesi Nazirliyi fəaliyyətə başladığı tarixdən bu günədək nazirliyin tabeli birlik və müəssisələrində 40-dan artıq yeni istehsal sahəsi yaradılmışdır. Bunlardan 10-u 2011-ci ildə isifadəyə verilmişdir. Təkcə bu ildə nazirliyin “Şərq” İstehsalat Birliyinin “AZAD Systems Co.” Müəssisəsi, “Cihaz” İstehsalat Birliyinin “Sənayecihaz” Elmi İstehsalat Müəssisəsi, Bakı “Cihazqayırma” zavodu, Optika-Mexanika İstehsalat Birliyinin Xaçmaz “Kondensator” zavodunun əsaslı tikinti və yenidənqurmadan sonra açılışı olmuşdur. Həmin obyektlərdən 15-nin açılışında Respublika Prezidenti, Ali Baş Komandan  İlham Əliyev şəxsən işirak etmiş, xeyir duasını və dəyərli tövsiyələrini vermişdir.

Görülmüş işlər nəticəsində, 2011-ci ildə istehsal olunmuş müdafiə təyinatlı məmulatların həcmi 2007-ci illə müqayisədə 23,0 dəfədən çox artmışdır. Yaradılma proqramı üzrə 2007-ci illə müqayisədə yerinə yetirilmiş mövzuların sayı 5,5 dəfədən çox artmışdır.

Bu gün “Matador” və “Marauder” tipli zirehli transportyorların, “Aerostar” və “Orbiter-2M” tipli pilotsuz uçuş aparatlarının birgə istehsalı, NATO standartlarına uyğun müasir tipli  tapançaların istehsalı, hazırda Silahlı Qüvvələrdə istifadə edilən keçmiş SSRİ istehsalı olan müxtəlif tipli zirehli döyüş maşınlarının müasir tələblərə uyğun təkmilləşdirilməsi işləri uğurla həyata keçirilir.

Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə  dünyanın inkişaf etmiş 20-dən çox dövlətinin şirkət və firmaları ilə sıx əməkdaşlıq edir.

2009-cu ildən başlayaraq nazirliyin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar beynəlxalq sərgilərdə nümayiş etdirilir. İlk dəfə olaraq 2009-cu ildə Türkiyədə təşkil olunan “IDEF-2009” sərgisində 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Müdafiə Sənayesi Nazirliyi bir neçə gün öncə Küveytdə keçirilən “Körfəz Müdafiə və Aerospeys” sərgisində 97 adda müdafiə təyinatlı məmulat nümayiş etdirdi. Bu sərgi Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məmulatlarla qatıldığı sayca yeddinci sərgi idi. Bundan öncə nazirlik “IDEF-2009”, “SOFEX-2010”, “MSPO”, “AAD-2010”, “IDEX-2011” və “IDEF-2011”  sərgilərində təmsil olunmuşdur.

Keçirilən sərgilər zamanı bir çox ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirilmiş və qarşılıqlı əməkdaşlığa dair razılıqlar əldə olunmuşdur.

İndiyədək MSN-in qatıldığı beynəlxalq sərgilərdə Azərbaycan  istehsalı olan məmulatlar, xüsusilə “İstiqlal” snayper tüfəngi, “Zəfər” və “İnam” tapançaları sərgidə iştirak edən digər ölkələrin nümayəndələri tərəfindən  xüsusi maraqla qarşılanıb.

2011-ci ilin ilkin nəticələrinə görə nazirlik üzrə istehsal olunan müdafiə təyinatlı məmulatların həcmi ötən illə müqayisədə 2,5 dəfə artmış, çeşidlərinin sayı isə 650-yə çatdırılmışdır.

İstehsalı mənimsənilən müdafiə təyinatlı məhsullar arasında uzaq məsafəli minaatanları, snayper tüfəngini, əl qumbaraatanını, müxtəlif növ tank əleyhinə minaları, optik nişangahları, aviasiya təlim və döyüş bombalarını, maskalanma torunu, müxtəlif döyüş sursatlarını, zirehli texnikalar üçün tırtıl dəstlərini və s. məmulatları göstərmək olar.

Ən müasir tökmə prosesi ilə həyat keçirilən zirehli maşınların tırtıllarının və müxtəlif çaplı minaların gövdələrinin hazırlanması uğurla sınaqdan çıxmış və istehsalına başlanmışdır.

Hazırda, nazirliyin müəssisələrində müdafiə təyinatlı məmulatların istehsalı ilə yanaşı, mövcud istehsal bazasından istifadə etməklə mülki məhsulların yeni növlərinin mənimsənilməsi istiqamətində  də məqsədyönlü işlər aparılır. Məhz onun nəticəsidir ki, 2007-ci illə müqayisədə 2011-ci ildə mülki məmulatların istehsal həcmi 1,8 dəfədən çox artmışdır. Ötən illə müqayisədə isə 14 faiz artım əldə edilmişdir. İstehsal olunan məhsulların çeşid sayı 400-ü ötmüşdür.

Onların arasında fontan armaturları, fontan siyirtmələri, terminalda qazın qəbulu, tənzimlənmə və ölçmə qovşaqlarının avtomatlaşdırılmış məlumat-nəzarət sistemləri, 9 növ tibb avadanlığı, 2 növ ov tüfəngi, müxtəlif növ mebel dəstləri, liftlərin təmiri üçün idarə pultları, gəmilərin təmiri üçün ehtiyyat hissələri, traktorlar üçün tırtıllar, 1 və 2 yaruslu çarpayılar, səyyar yemək termosları, smart kartla işləyən qaz sayğacları, rəqəmsal işıqforlar, müxtəlif güclü akkumulyator batareyaları, müxtəlif laylı çap lövhələri, rəqəmsal televiziya yayımı üçün dekoderlər və. s var.   

Ötən ildən etibarən nazirliyin müəssisələrində istehsal olunan mülki məhsulların da beynəlxalq sərgilərdə nümayişinə başlanılmışdır. 2010-cu ilin noyabr ayında Özbəkistanda keçirilən beynəlxalq sərgidə 59 adda mülki məhsul nümayiş etdirilmişdir. Bu ilin sentyabrında Dövlət Müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş Milli Sərgidə nazirlik xüsusi stendlə təmsil olunmuşdur. Sərgidə nazirliyin müəssisələrində istehsal olunan 400 adda mülki və ikili təyinatlı məhsul barədə ətraflı məlumat verilmişdir.

Nazir qeyd etdi ki, bütün bu sadalanan uğurlar Respublika Prezidentinin ölkənin sənaye infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirdiyi kompleks tədbirlərin nəticəsidir. 

Daim dövlət başçısının diqqət və qayğısını hiss edən Müdafiə Sənayesi Nazirliyinin kollektivi bundan sonra da öz fəaliyyətində ümummilli lider Heydər Əliyevin ideyalarını rəhbər tutan Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkənin müdafiə sənayesinin inkişafı istiqamətində qüvvələrini səfərbər edərək, ordumuzu yeni növ silah, hərbi texnika və döyüş sursatı ilə təmin edəcəkdir.

Tədbirdə nazirliyin bir neçə qabaqcıl işçisinə “Qabaqcıl müdafiə sənayesi işçisi” nişanı, Fəxri Fərman, pul və qiymətli hədiyyələr və  eləcə də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təltif olunmuş əməkdaşlara Fəxri Fərmanlar təqdim olundu.

Digər çıxış edənlər də “Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü”nün yüksək səviyyədə qeyd edilməsilə əlaqədar sevinc hisslərini bölüşdülər və qeyd etdilər ki, Respublika Prezidenti İlham Əliyevin  müvafiq sərəncamı ilə təsis olunmuş bu gün, əslində müstəqil Azərbaycanın  hərbi qüdrətinin artırılması və bu sahədə xaricdən asılılığın azaldılması məqsədilə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin qısa müddət ərzindəki fəaliyyətinə verilən yüksək qiymətdir.

Sonda nazirliyin kollektivi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.