Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
21 Oktyabr, 2011 15:00 1872

Müdafiə Sənayesi Nazirliyində Yeni Azərbaycan Partiyası Ərazi İlk Partiya Təşkilatının hesabat seçki yığıncağı keçirildi

Müdafiə Sənayesi Nazirliyində Yeni Azərbaycan Partiyası (YAP) Ərazi İlk Partiya Təşkilatının hesabat seçki yığıncağı keçirildi.

Yığıncaq iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu öndər Heydər Əliyevin nazirliyin foyesində qoyulmuş büstünü ziyarət etdilər və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto-stendə baxdılar.

Yığıncaqda iştirak edən YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov partiya üzvlərini Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə təbrik etdi  və ötən iyirmi ildə respublika üzrə əldə olunmuş uğurlardan danışdı. Qeyd etdi ki, Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaradılmış Yeni Azərbaycan Partiyası yenicə müstəqillik əldə etmiş ölkəmizin ictimai-siyasi həyatında çox böyük izlər qoymuşdur. Partiyanın yaradıcısı, Ulu öndər Heydər Əliyev uzaqgörən siyasəti ilə ikinci dəfə öz müstəqilliyini itirmək təhlükəsilə qarşılaşmış Azərbaycanın xilaskarına çevrilmişdir. Xalqının qəlbində özünə yer tapmış bu dahi şəxsiyyət doğma Azərbaycanın hərtərəfli inkişafının əsasını qoymuşdur. Bu uğulu siyasət  Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən bu gün də uğurla həyata keçirilir. Azərbaycan artıq qüdrətli bir dövlət kimi dünya dövlətləri tərəfindən tanınır.

Çıxışlarda bildirildi ki, Azərbaycanın müstəqillik tarixindəki əlamətdar hadisələrdən biri də respublikada Müdafiə Sənayesi Nazirliyinin  yaradılması və bu sahədəki nailiyyətlər  olmuşdur.

Müdafiə Sənayesi Nazirliyi fəaliyyətə başladığı tarixdən bu günədək nazirliyin tabeliyində olan müəssisələrdə 30 yeni istehsal sahəsi yardılmışdır. O cümlədən: onlarla müdafiə təyinatlı silah, sursat və hərbi texnikanın istehsalı sahələri, eləcə də  “Tökmə sahəsi”, “Akkumulyator istehsalı sahəsi”, “Atıcı silahların təmiri sahəsi,  “Atıcı silahların utilizasiyası sahəsi”, “Zirehli texnikaların modernləşdirilməsi, təmiri və sınağı sahələri”, “Döyüş sursatlarının utilizasiyası sahəsi”, “Hərbi avtomobillərin və tırtillı zirehli texnikaların təmiri sahəsi” və s.

2007-2011-ci illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə nazirliyin 15 müəssisəsi əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Nazirliyin fəliyyəti ilə bağlı göstəricilərə nəzər salan çıxış edənlər 2010-cu ildə müdafiə təyinatlı məmulatların istehsal həcminin 2007-ci illə müqayisədə 10 dəfədən çox artdığını bildirdilər .

2010-cu ildə Dövlət Müdafiə Sifarişi  Proqramında nəzərdə tutulmuş müdafiə təyinatlı məmulatların yaradılması üzrə aparılmış işlər 2007-ci illə müqayisədə 5,3 dəfə artmışdır.

2006-cı ildə bütün məhsullar üzrə çeşidlərin sayı 175 olduğu halda, cari ildə bu say 600-ü ötmüşdür.

2009-cu ildən bu günədək Müdafiə Sənayesi Nazirliyi yaratdığı və istehsal etdiyi məmulatlarla 10-dan çox beynəlxalq sərgidə iştirak etmişdir.

Sonra Müdafiə Sənayesi Nazirliyi Ərazi İlk Partiya Təşkilatının sədri Vaqif Zeynalovun təşkilatın fəaliyyəti ilə bağlı hesabatı dinlənildi və hesabat yekdilliklə qənaətbəxş hesab edildi.

Yığıncaqda Ərazi İlk Partiya Təşkilatının beş nəfədən ibarət idarə heyəti, YAP Yasamal rayon təşkilatının konfransına nümayəndələr seçildi və nazirliyin bir qrup gənc əməkdaşı Yeni Azərbaycan Partiyası sıralarına qəbul edildi.