Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
07 Fevral, 2011 13:00 1672

Müdafiə Sənayesi Nazirliyində şəffaflığın artırılması müzakirə edilmişdir

7 fevral 2011-ci il tarixində Müdafiə Sənayesi Nazirliyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə yanvarın 27-də Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın keçirdiyi iclasda verilmiş tapşırıqlardan irəli gələn vəzifələr nazirliyin struktur bölmə, birlik, müəssisə və idarə rəhbərlərinin iştirakı ilə geniş şəkildə müzakirə edilmişdir.

İclasa sədrlik edən nazir Yavər Camalov Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya tərəfindən müzakirə olunan məsələləri müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır. Nazir bildirmişdir ki, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın müddəaları və Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı 2007- 2011-ci illər üçün Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası Müdafiə Sənayesi Nazirliyi tərəfindən daima nəzarətdə saxlanılır. Nazirlikdə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə, ərizə və şikayətlərə baxılması işinin təkmilləşdirilməsi istiqamətində korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması üzrə tədbirlər planında nəzərdə tutulan işlərin həyata keçirilməsi, hüquqpozma törədən əməkdaşların müəyyən edilərək cəzalandırılması üçün daxili nəzarət gücləndirilmiş və qabaqlayıcı tədbirlər görülmüşdür. Nazirliyin aparatında, eləcə də tabeli birlik və müəssisələrdə mütəmadi olaraq korrursiyanın mahiyyəti, səbəbləri və onun doğurduğu təhlükələr haqqında marifləndirmə işi həyata keçirilmiş, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciət, ərizə və şikayətlərə baxılmış, yerində araşdırma aparılmış və müvafiq qanunvericiliyə uyğun olaraq tədbirlər görülmüşdür.

Geniş müzakirələr zamanı nazir Yavər Camalov korrupsiya doğura biləcək məqamlara diqqət yetirməyin vacibliyini vurğulamış və bu məsələlərə hər bir işçinin ciddi yanaşmalı olduğunu bildirmişdir.