Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
05 May, 2010 14:00 1855

Müdafiə Sənayesi Nazirliyində Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirildi

5 may 2010-cu il tarixində Müdafiə Sənayesi Nazirliyində vaxtilə respublikanın müdafiə sənayesi müəssisələrində çalışmış Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirildi.

Tədbirin əvvəlində Böyük Vətən müharibəsində həlak olmuş azərbaycanlı oğul və qızların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Müdafiə Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilən görüşdə müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev də iştirak edirdi.

Yəhya Musayev ilk əvvəl veteranları faşizm üzərində Qələbənin 65-ci ildönümü münasibəti ilə nazir Yavər Camalovun adından və öz adından  təbrik etdi, sonra müharibə zamanı soydaşlarımızın göstərdikləri şücaətlərdən danışdı.

Tədbirin təşkilatçısı Müdafiə Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Röfət Müfid-Zadə də öz növbəsində müharibə veteranlarına səmimi təbriklərini çatdırdı. Komitə sədri müharibə zamanı 3 milyon nüfusa malik olan Azərbaycanın 700 mininin məhz ön cəbhədə olduğunu bildirdi. Canlı qüvvə ilə yanaşı, Azərbaycan neftinin də qələbədə böyük rolu olduğunu qeyd edən komitə sədri müharibə zamanı aviasiyada, tanklarda yanacağın donmasının qarşısını almaq üçün istifadə olunan “aşgarlar”ın, sürtgü yağlarının, hərbi texnikanı işə salan yanacağın məhz Azərbaycan ərazisində hasil olunan neftin hesabına alındığını vurğuladı. R. Müfid-Zadə müqayisə üçün bildirdi ki, müharibə illərində SSRİ neftinin  təxminən 80 faizi Azərbaycan ərazisində hasil edilirdi.   

Tədbirin sonunda müharibə veteranlarına gül dəstələri, qiymətli hədiyyələr  və pul mükafatları təqdim edildi.

Müharibə illəri ilə bağlı öz xatirələrini bölüşən veteranlar sonda onlara göstərilən qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Foto