Müdafiə Sənayesi Nazirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubleyi ilə bağlı tədbirlər bu gün də davam etdirilir
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubleyi münasibəti ilə Müdafiə Sənayesi Nazirliyi tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən 2008-ci ilin aprel ayının 20-dən etibarən nazirliyin bütün tabeli müəssisələrində silsilə tədbirlər keçirilir.
May ayının 6-da nazirliyin mərkəzi aparatında “Heydər Əliyev Azərbaycanda müdafiə sənayesinin təməlini qoymuşdur” mövzusunda seminar-müşavirə keçirildi.
Tədbir iştirakçıları ilk əvvəl nazirliyin foyesində Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin büstünü ziyarət etdilər və əvəzolunmaz insanın həyat və fəaliyyətini əks etdirən ədəbiyyatlarla tanış oldular.
Respublikanın bir çox tanınmış ziyalıları və YAP Yasamal rayon təşkilatı fəallarının iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın böyük oğlu Heydər Əliyevin mənalı ömür yolu, siyasi fəaliyyəti, zəngin dövlətçilik təcrübəsi və ölkəmizin inkişafı naminə gördüyü işlərdən danışıldı.
Çıxış edənlər dahi şəxsiyyət, böyük insan, xalqımızın xilaskarı Heydər Əliyevin 1969-cu ildə Azərbaycan Sovet Ittifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin olunduqdan sonra respublika iqtisadiyyatının digər sahələrinə olduğu kimi müdafiə sənayesi sahəsinə də xüsusi diqqət ayırdığını vurğuladılar. Belə ki, bu gün Müdafiə Sənayesi Nazirliyinin tabeliyndə fəaliyyət göstərən müəssisələrin əksəriyyəti məhz Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərliyi zamanı yaradılmışdır.
Tədbir iştirakçıları Heydər Əliyevin özünəməxsus uzaqgörənliyi sayəsində apardığı məqsədyönlü siyasətdən danışarkən onu da bildirdilər ki, O, hələ 1979-cu ildə Bakı Aqreqat İstehsalat Birliyində (indiki ”İqlim” EİM) seçiciləri ilə görüşü zamanı Azərbaycanda aviasiya sənayesi üzrə müəssisələrin yaradılmasının vacibliyindən danışaraq, bu müəssisələrin respublikanın gələcək inkişafında böyük rol oynayacağını bildirmişdir.
Tədbirə qonaq qismində qatılan YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov öz çıxışında Heydər Əliyevlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşərək, onun xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışını Azərbaycan xalqının böyük qələbəsi kimi qiymətləndirdi.
Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi elə bir dövrə təsadüf etdi ki, məhz həmin dövrdə mənfur qonşumuz olan Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən torpaqlarımızın 20 faizi işgal olunmuş, bir milyondan artıq vətəndaşımız öz dədə-baba yurdlarından didərgin düşmüş, on minlərlə insan amansızcasına qətlə yetirilmişdir.
Belə bir dövrdə hakimiyyətə qayıdan Heydər Əliyev ilk əvvəl cəbhədə atəşkəsə nail oldu və ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatının artırılması istiqamətində mühüm işlər gördü.
Respublika Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin bazası əsasında Müdafiə Sənayesi Nazirliyinin yardılması bu gün də bu siyasətin uğurla davam etdirildiyini göstərir.
Tədbirin sonunda ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə respublikanın digər sahələrində olduğu kimi müdafiə sənayesi sahəsində də çox mühüm işlər görüldüyünü qeyd edən tədbir iştirakçıları bu işlərin davamlı olması üçün onun ətrafında sıx birləşəcəklərini və 2008-ci ilin prezident seçkilərındə yekdilliklə ona səs verəcəklərini bildirdilər.
“Heydər Əliyev Azərbaycanda müdafiə sənayesinin təməlini qoymuşdur” mövzusunda müdafiə sənayesi naziri Yavər Camalovun “Respublika” qəzetinin 15 aprel 2008-ci il tarixli nömrəsində geniş məzmunlu məqaləsi də dərc olunmuşdur.