Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
21 Yanvar, 2013 14:33 1829

Müdafiə Sənayesi Nazirliyində 2012-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirildi

Yanvarın 21-də Müdafiə Sənayesi Nazirliyində nazir Yavər Camalovun sədrliyi ilə 2012-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirildi.

İclası açan nazir Yavər Camalov 2012-ci ilin ümumi respublika üzrə uğurlu il olduğunu bildirdi. Qeyd etdi ki, Respublika Prezidenti  İlham Əliyevin rəhbərliyi altında  çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi, mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması nəticəsində ölkə iqtisadiyyatı surətlə inkişaf etmiş, dövlət büdcəsinin həcmi durmadan artmış, əhalinin yaşayış səviyyəsi xeyli yüksəlmişdir.

Nazir ötən ilin Müdafiə Sənayesi Nazirliyi üçün də yadda qalan il olduğunu bildirdi.  Qeyd etdi ki, 2012-ci ildə nazirliyin müəssisələrində yeni istehsal sahələri  - atıcı silahların yaradılması və təkmilləşdirilməsi üçün Təcrübə sınaq zavodu, fərdi əleyhqazların və xüsusi mühafizə vasitələrinin istehsalı və müxtəlif çaplı döyüş sursatlarının utilizasiyası sahələri yaradılmış və istismara verilmişdir.

Ötən il 2011-ci illə müqayisədə nazirlik üzrə istehsal olunan müdafiə  təyinatlı məmulatların həcmi 12 faiz artmışdır. İstehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 700-ə çatdırılmışdır.

2012-ci ilin nəticələrinə görə istehsal olunmuş və sifarişçilərə təhvil verilmiş müdafə təyinatlı məmulatların həcmi 2011-ci illə müqayisədə 10,3 faiz artmışdır.

2012-ci ildə yaradılma işləri davam etdirilmiş, 18 mövzu və 55 mərhələ başa çatdırılmışdır.  Bir sıra məmulatlar silahlanmaya tövsiyə edilmişdir. 

İstehsalı mənimsənilmiş və seriyalı istehsalına başlanılmış yeni məmulatlardan yaylım atəşli reaktiv sistemini, zirehli texnikanın tırtıllarını, mühəndis texnikası üzrə elektron partlatma maşınını, fərdi əleyhqazı, aviasiya bombalarını, kollimator nişangahını, top kollimatorunu, müxtəlif minaatanları, siqnal tapançasını, zirehli texnikaların, artilleriya və atıcı silahların müxtəlif ehtiyat hissələrini göstərmək olar.

İlk dəfə 2009-cu ildə beynəlxalq sərgidə 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Müdafiə Sənayesi Nazirlyi ötən ilin noyabr ayında qatıldığı “IndoDefence-2012” sərgisində 125 adda müdafiə təyinatlı məmulat nümayiş etdirdi.  Onlardan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələrini, döyüş sursatlarını, optik nişangahları, mühəndis texnikasını və s. göstərmək olar. Nazirliyin müəssisələrində yeni yaradılan və istehsal olunan pilotsuz uçuş aparatları, gecəgörmə cihazı, zirehli dəbilqə, zirehli gödəkcə, AKM və AK-74 tipli avtomatlar üçün şəffaf patron daraqları, fərdi əyehqazlar ilk dəfə idi ki, beynəlxalq sərgidə nümayiş etdirilirdi.

2012-ci ildə mülki məmulatların istehsal həcmində də artım müşahidə olunmuşdur. Ümumi çeşidlərin sayı 400-ü ötmüşüdür.

Nazirliyin müəssisələrində mülki məhsullardan: neft-qaz sənayesində işlədilən müxtəli növ dəstləşdiricilərin, traktorlar üçün tırtılların, 4 və 6 laylı çap lövhələrinin, rəqəmsal teleyayıma keçidlə bağlı DVB-T tipli dekoderlərin çap lövhələrinin, gəmilərin təmiri üçün ehtiyat hissələrinin, səyyar yemək termoslarının, müxtəlif güclü akkumulyator batareyalarının, 12 kalibrli qoşa lülə və yarımavtomat yivsiz ov tüfənglərinin, işıqforlarda taymer sisteminin, polis məntəqələri üçün teleskop tipli maneə sistemlərinin istehsalı mənimsənilmişdir.

Müdafiə sənayesi sahəsinin yüksək ixtisaslı kadrlara olan təlabatının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Texniki Universitetində yaradılmış “Xüsusi texnika və texnologiya” fakültəsi bakalavr və magistr pillələri üzrə Müdafiə Sənayesi Nazirliyinin verdiyi sifarişlər əsasında 2012-2013 tədris ilindən kadr hazırlığına başlanılmışdır. Ötən il Texniki Universitetin adıçəkilən fakultəsinə 5 müdafiə təyinatlı ixtisas üzrə 75 abuturiyent qəbul olunmuşdur.

Fakültədə təhsil alan tələbələrin müdafiə sənayesinə marağını artırmaq və yüksək ixtisaslı mütəxəssis kimi yetişmələri üçün müəssisələrdə əyani vasitələrlə təchiz olunmuş xüsusi tədris otaqları yaradılmışdır.

Müdafiə təyinatlı məmulatların yaradılması sahəsində Müdafiə Sənayesi Nazirliyinin elmi müəssisələri tərəfindən elmi-tədqiqat və təcrübi konstruktor işləri uğurla davam etdirilmişdir.

İclasda nazir müavinləri Yəhya Musayev və Tofiq Rəfiyev 2012-ci il üzrə nazirliyin tabeli birlik və müəssisələrinin istehsal, elm, maliyyə, beynəlxalq əməkdaşlıq, sosial və digər sahələrdə fəaliyyətlərinin yekunları barədə məlumat verdikdən sonra birlik və müəssisələrin fəaliyyətləri haqqında müəssisə rəhbərlərinin hesabat xarakterli çıxışları dinlənildi.

Kollegiya iclasında respublikanın müdafiə sənayesinin inkişafındakı xidmətlərinə görə  Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə   “Əməkdar mühəndis” fəxri adına layiq görülmüş, “Tərəqqi”“Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunmuş nazirliyin əməkdaşlarına fəxri adlar, medallar təqdim olundu.

Sonda nazir Yavər Camalov Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası zamanı Respublika Prezidenti İlham Əliyevin verdiyi  tapşırıqları  bir daha iclas iştirakçılarına xatırlatdı. Nazir, Ali Baş Komandan tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların və 2013-cü ildə nazirliyin qarşısında duran vəzifələrin icrası ilə əlaqədar struktur bölmə, birlik və müəssisələrin rəhbərlərinə xüsusi göstərişlər verdi.