Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
02 Aprel, 2024 17:55 743

Vüqar Mustafayev Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Aprelin 1-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdən əvvəl türkiyəli qonaqlar Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.

Müdafiə Sənayesi Nazirliyində keçirilən geniştərkibli görüşdə qonaqları salamlayan V.Mustafayev qardaş ölkənin nümayəndə heyətini Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.

O, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, müdafiə sənayesi sahəsində də uğurlu əməkdaşlığın mövcudluğunu vurğulayaraq, bu əməkdaşlığın daha da inkişaf etdiriləcəyini diqqətə çatdırıb. Nazir Türkiyə ilə Azərbaycanın strateji müttəfiq olduğunu, eyni tarixi kökə malik iki ölkənin beynəlxalq müstəvidə bir-birinə hər zaman dəstək göstərdiyini vurğulayıb.

V.Mustafayev qonaqlara Azərbaycanın müdafiə sənayesi sahəsində aparılan islahatlar, əldə olunan nəticələr, gələcək planlar haqqında ətraflı məlumat verib.

H.Görgün isə bu vəzifəyə təyinatından sonra Azərbaycana ilk səfərinin olduğunu qeyd edərək, qardaş ölkədə qonaqpərvərliklə qarşılandıqlarını diqqətə çatdırıb.

O, Azərbaycanın müdafiə sənayesinin daha da inkişaf etməsi istiqamətində aparılan birgə fəaliyyətlərin önəmindən danışaraq, iki ölkə arasında əlaqələrin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığını, uğurla inkişaf etdiyini vurğulayıb.

“ASELSAN”, “ASFAT”, “ASSAN”, “HAVELSAN”, “Maşınqayırma və Kimya Sənayesi”, “REPKON Grup”, “ROKETSAN”, “Müdafiə Texnologiyaları və Mühəndislik”, “Türkiyənin Aviasiya və Kosmos Sənayesi - TUSAŞ” şirkətlərinin rəhbərlərinin də iştirak etdiyi görüşdə Azərbaycanın müdafiə sənayesi sahəsinin inkişaf etdirilməsi baxımından adıçəkilən şirkətlərlə perspektiv əməkdaşlıq imkanları müzakirə edilib.

Görüş zamanı Türkiyə nümayəndə heyətinin tərkibində olan şirkətlər ilə Azərbaycan müdafiə sənayesi şirkətləri arasında bir neçə istiqamətdə birgə fəaliyyətlə bağlı anlaşma memorandumları imzalanıb.