Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
Ölkəmizdə ekologiyanın və ətraf mühitin mühafizəsi Azərbaycan dövlətinin qarşısında duran əsas istiqamətlərdən biridir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir, ətraf mühitin sağlamlaşdırılması, insanların sağlam təbii şəraitdə yaşamasına xüsusi diqqət göstərilir.
Bu istiqamətdə, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə çoxsaylı layihələr həyata keçirilir.
Uğurlu dövlət siyasətinə töhfə vermək və ətraf mühitin daha da sağlamlaşdırılması məqsədilə Səbail rayonunda yerləşən Veloparkın ərazisində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (GİN), Müdafiə Sənayesi Nazirliyi (MSN) və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Tədbirdə müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, MSN-in, AVF-nin, Respublika Velotrekinin rəhbər şəxsləri və əməkdaşları, həmçinin çox sayda idmançılar və məşqçilər iştirak ediblər.
Aksiyada 100 ədəd zeytun ağacları əkilib. Əkilən ağac tingləri suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib. Ərazidə abadlıq işləri aparılaraq digər ağacların dibləri yumşaldılıb, yaşıllıqlara qulluq edilib.
Sonda aksiya iştirakçıları xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, ölkəmizdə açıq səma altında yerləşən ən böyük idman qurğularından biri olan Veloparkda ilk ağaclar ötən əsrin 70-ci illərinin əvvəllərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəxsi təşəbbüsü ilə əkilib. Burada iki yerdə Ulu Öndər Heydər Əliyevin öz əlləri ilə əkdiyi Eldar şamları və zeytun ağacları mövcuddur. Həmin ağacların yanında qoyulmuş xatirə lövhələri də bunu təsdiq edir.