Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
10 Mart, 2023 16:00 1509

“Ulu Öndər Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi” mövzusunda gənclərlə görüş keçirilib

Müdafiə Sənayesi Nazirliyində “Heydər Əliyev İli” ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi” mövzusunda Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının və Müdafiə Sənayesi Nazirliyinin ərazi partiya təşkilatının gənc fəal üzvləri, o cümlədən Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil olunub.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər güllər qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Nazirliyin inzibati ərazisində yerləşən Şəhidlər Memorial Abidə Kompleksinin önünə gül dəstələri düzülüb.

Akt zalında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev, Nazirliyin şöbə müdiri, əməkdar mühəndis Məmmədsaleh Əliyev və məsul əməkdaşı, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev Ümummilli Lider Heydər Əliyevin və dahi rəhbərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdafiə sənayesinin yaradılmasında və inkişafındakı misilsiz xidmətlərindən, ölkənin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıblar. Qeyd olunub ki, dövlətimizin başçısının müdrik rəhbərliyi ilə günbəgün inkişaf edən Azərbaycan müdafiə sənayesinin istehsal etdiyi və dünyada getdikcə şöhrəti artan müasir silah-sursat, hərbi texnika və pilotsuz uçuş aparatları 44 günlük Vətən müharibəsində də düşmənə öz gücünü göstərib, şanlı Zəfərin qazanılmasında layiqli töhfələrini verib.

Görüşdə iştirak edən YAP Yasamal rayon təşkilatının ictimai fəaliyyətdə və təhsildə fərqlənmiş üzvlərinə Müdafiə Sənayesi Nazirliyinin “Tarix yazan qəhrəmanlar” kitabı hədiyyə edilib.

Sonra Azərbaycanın müdafiə sənayesinin təşəkkülünə və inkişaf mərhələlərinə həsr edilmiş “Atəşdən yoğrulanlar” sənədli filmi nümayiş olunub.

Sonda tədbir iştirakçıları müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyevə görüşün təşkilinə görə təşəkkürlərini bildirib və gənclərlə belə təmasların davamlı olmasını arzuladıqlarını ifadə ediblər.