“Tarix yazan qəhrəmanlar” kitabı beynəlxalq kitab sərgisində nümayiş olunub
Oktyabrın 5-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində başlamış 8-ci beynəlxalq kitab sərgisi ayın 9-dək davam edəcək. Sərgi çərçivəsində bu gün “Şərq-Qərb” nəşriyyatı ilə Müdafiə Sənayesi Nazirliyinin birgə ərsəyə gətirdiyi MSN-in Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan əməkdaşlarının və müharibə iştirakçılarının göstərdikləri qəhrəmanlıq, igidlik, mübarizlik və cəsarət nümunələrini əbədiləşdirmək məqsədilə hazırlanmış “Tarix yazan qəhrəmanlar” kitabının təqdimatı keçirilib.
Bakı Ekspo Mərkəzin “Natəvan” təqdimat zonasında baş tutan tədbir zamanı “Şərq-Qərb” nəşriyyatının baş redaktoru Nərgiz Cabbarlı və müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev çıxış edərək “Tarix yazan qəhrəmanlar” kitabının ərsəyə gəlmə tarixçəsindən danışıb, sərgi iştirakçılarının suallarını cavablayıblar.
Daha sonra Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev çıxış edərək keçdiyi döyüş yolu barədə məlumat verib, Azərbaycan oğullarının 44 günlük müharibə zamanı göstərdiyi qəhrəmanlıqlardan bəhs edib.