Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
05 Mart, 2010 14:00 2727

"Şərq" İstehsalat Birliyinin "İqlim" Elmi-İstehsalat müəssisəsində yeni istehsal sahələrinin açılışı oldu

5 mart 2010-cu ildə “Şərq” İstehsalat Birliyinin “İqlim” Elmi-İstehsalat müəssisəsində yeni istehsal sahələrinin açılışı oldu.

Açılışda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etdi.

Əvvəlcə müəssisənin həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə qoyulmuş büst ziyarət edildi.

Respublika prezidenti cənab İlham Əliyevə “İqlim” Elmi-İstehsalat Müəssisəsi haqqında ətraflı məlumat verildi. Bildirildi ki, 2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən “İqlim” Elmi-İstehsalat Müəssisəsinin  İSO 9001-2001 standartının tələblərinə uyğunluq sertifikatı vardır. Hal-hazırda müəssisəsinin yeni yaradılan istehsalat sahələrində müdafiə və mülki təyinatlı məhsullar hazırlanır, onların hissələrinin mexaniki emalı və qalvanik örtükləmə əməliyyatları yerinə yetirilir.

Prezident İlham Əliyev yeni yaradılan istehsalat sahəsini işə saldı.

Müəssisənin əvvəlki vəziyyətini əks etdirən videomateriallara baxıldı. Sonra müəssisədə hazırlanan “Zəfər”, “Zəfər-K”, “İnam” tapançalarının, “İstiqlal-1” snayper tüfəngləri və digər məhsulların yığım prosesləri izlənildi. İstehsal prosesini izləyən dövlət başçısına müəsisədə quraşdırılan müasir dəzgahlar barədə də məlumat verildi. Bildirildi ki, bu dəzgahlardan istifadə etməklə məhsulların keyfiyyətinin və çeşid sayının artırılmasına nail olunur. 

Hazır məhsullarla tanış olan prezident İlham Əliyevə onların texniki-taktiki göstəriciləri barədə də ətraflı məlumat verildi. “Boran” artilleriya qurğusu, 14, 5 millimetrlik iriçaplı yarımavtomat, “İstiqlal” tipli snayper tüfəngi və digər məhsullar nümayiş etdirildi . 

Daha sonra ən müasir avadanlıqlar quraşdırılmış xromlama sahəsi ilə tanışlıq oldu. Ali Baş komandana atış xətlərinin olduğu tir göstərildi. İstehsal edilən məhsulların sınağı üçün tirdə hərtərəfli şərait yaradılıb. Atış xətləri otaqlarında atışın dəqiqliyini, sürətini və digər göstəricilərini müəyyən edən xüsusi proqramlar yüklənmiş kompüterlər yerləşdirilib. Dövlət başçısı 14,5 mm çaplı snayper tüfənginin sınağını izlədi. Ali Baş Komandanın diqqətinə tüfəngin sınaq göstəricilərinin nəticələri çatdırıldı.

Ölkə başçısına müəssisədə yeni yaradılan müdafiə və mülki məhsulların istehsalı aparılan tökmə sahəsi ilə də bağlı məlumat verildi və sahəyə baxış oldu. Burada mülki məmulatlar arasında neft mədən sənayesində istifadə olunan avadanlığın istehsalı aparılır ki, bu avadanlıqar da özünün ekoloji cəhətdən təmizliyi ilə seçilir.

Termiki emal sahəsi ilə də tanışlıq oldu. Burada aparılan emal prosesləri barədə respublika prezidentinə ətraflı məlumat verildi.

Ümumilikdə müəssisə üzrə görülmüş işləri yüksək qiymətləndirən dövlət başçısı sonda öz tapşırıq və tövsiyələrini də verdi.

 

Foto