Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
22 Oktyabr, 2024 16:47 533

“SAHA EXPO 2024” sərgisində Müdafiə Sənayesi Nazirliyinin hərbi məhsulları nümayiş olunur

Oktyabrın 22-də İstanbulda “SAHA EXPO 2024” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi işə başlayıb.

Sərgidə ölkəmizi Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin stendində 57 adda müdafiə təyinatlı məhsullar təqdim olunur.

“SAHA EXPO 2024” Türkiyə Respublikasının Prezident Administrasiyasının himayəsində ölkənin bir sıra nazirliklərinin, eləcə də digər mülki və hərbi dövlət qurumlarının iştirakı və dəstəyi ilə keçirilir. Oktyabrın 26-dək davam edəcək tədbir İstanbul Sərgi Mərkəzinin 8 sərgi salonunda, qapalı və açıq sahə olmaqla, ümumilikdə 90 min kvadratmetrlik ərazidə təşkil olunub. Bu il sayca dördüncü dəfə keçirilən “SAHA EXPO”da 1400-dən çox nümayəndə, o cümlədən dünyanın müxtəlif ölkələrindən 500-dən artıq rəsmi və ticarət nümayəndəliyi iştirak edir.

Qardaş Türkiyənin yüksələn müdafiə sənayesi potensialını, eləcə də müstəqil istehsal gücünü sərgiləmək üçün beynəlxalq platforma kimi xidmət edən sərgidə müdafiə, aviasiya, dənizçilik və kosmik sənayenin strateji əhəmiyyətə malik bir çox müasir texnologiyalı məhsulları təqdim olunur.

“SAHA EXPO”da, həmçinin dünyanın müxtəlif ölkələrindən olan silah və hərbi texnika, artilleriya və raket kompleksi, müasir atıcı silahlar, rabitə vasitələri, döyüş sursatları, zirehli texnika, təyyarələr, PUA-lar, sualtı qayıqlar, döyüş gəmiləri və s. nümayiş etdirilir.