Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
28 Aprel, 2022 16:38 953

Şagirdlər üçün növbəti məlumat turu təşkil edilib

Gənclərin hərbi müdafiə sənayesinə marağının artırılması və bu sahədə peşəkar mütəxəssislərin yetişdirilməsi məqsədilə Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə mütəmadi olaraq keçirilən məlumat turları çərçivəsində aprelin 28-də MSN-in müəssisələrinin birində paytaxtın 83, 246, 276, 179 saylı texniki təmayüllü tam orta məktəblərinin yuxarı sinif şagirdləri üçün növbəti məlumat turu təşkil edilib.

Əvvəlcə şagird və müəllim kollektivi Müdafiə Sənayesi Nazirliyinin Vətən müharibəsində şəhid olmuş əməkdaşlarının xatirəsinə həsr edilmiş Şəhidlər Memorial Abidə Kompleksini ziyarət ediblər.

Məlumat turu çərçivəsində şagirdlər müəssisədə nümayiş edilən müxtəlif növ döyüş məmulatları və günəş enerjisinin elektrik enerjisinə çevirən qurğu ilə tanış olublar. Daha sonra müəssisədə yerləşən Tofiq İsmayılov adına Xatirə muzeyi ziyarət edilib.

Akt zalında davam etdirilən tədbirdə Azərbaycanda kosmos elminin tarixi ilə bağlı qısa film nümayiş olunub. Tədbirdə çıxış edən məsul əməkdaşlar Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın Azərbaycanda gənclərin vətənpərvərlik, dövlətə sədaqət ruhunda yetişdirilməsi və tərbiyə edilməsi, onların təhsildə uğurlar qazanması istiqamətində apardığı uğurlu və məqsədyönlü siyasətdən bəhs edərək aerokosmik elm və texnikanın müvafiq sahələri üzrə yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsində kosmik fəzanın elmi cəhətdən öyrənilməsinin mühüm rol oynadığını vurğulayıblar.

Tədbirdə iştirak edən Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev şagirdlərə 44 günlük Vətən Müharibəsində Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıqlardan, keçdiyi döyüş yolundan bəhs edib.

Sonda məlumat turuna qatılmış təhsil ocaqlarının kitabxanalarına Nazirliyin şəhid olmuş və müharibədə iştirak etmiş əməkdaşlarının Vətən Müharibəsində göstərdikləri igidlik və rəşadətdən bəhs edən “Tarix yazan qəhrəmanlar” kitabı hədiyyə edilib və şagirdlərlə xatirə şəkli çəkilib.