Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
14 Mart, 2024 13:30 435

Şagirdlər MSN-in istehsal etdiyi silah-sursatla tanış olublar

Martın 14-də Müdafiə Sənayesi Nazirliyi (MSN) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) birgə təşkilatçılığı ilə MSN-in müəssisələrindən birinə məktəblilər üçün növbəti infotur təşkil edilib. Bu dəfə 2, 147 və 191 nömrəli ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri Azərbaycan istehsalı olan müdafiə təyinatlı məmulatlarla tanış olublar.

MSN-in məsul əməkdaşları, müəllimlər və 30-dan çox şagirdin qatıldığı tədbirdə iştirakçılar müəssisənin inzibati ərazisində ucaldılmış müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Şagirdlər Heydər Əliyev muzeyində Ulu Öndərin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlərlə tanış olublar.

Məktəblilərə müasir üslubda tərtib olunmuş sərgi salonunda MSN-in tabeli birlik və müəssisələrində istehsal edilən müxtəlif atıcı silah və sursat, eləcə də müasir texnoloji məmulat nümunələrinin bir qismi haqqında ətraflı məlumat verilib. Mütəxəssislər şagirdləri maraqlandıran sualları cavablandırıblar.

Sonda belə tədbirlərin böyük əhəmiyyətə malik olduğunu vurğulayan müəllim və şagirdlər infoturun yüksək səviyyədə təşkilinə görə MSN-in rəhbərliyinə minnətdarlıqlarını bildirib, bu layihənin davamlı olmasını arzuladıqlarını qeyd ediblər.