Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
28 Fevral, 2025 10:00 174

Qvineya-Bisau Prezidenti Azərbaycanın istehsal etdiyi hərbi məhsullar ilə tanış olub

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo fevralın 27-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Vüqar Mustafayevlə birlikdə Azərbaycan Ordusunun komando hərbi hissələrindən birini ziyarət edib.

Əvvəlcə hərbi hissədə fəxri qarovul dəstəsinin müşayiəti ilə təntənəli qarşılanma mərasimi olub.

Sonra hərbi hissənin idman zalında Müdafiə Sənayesi Nazirliyinin təqdim etdiyi yeni simulyasiya vasitəsinə baxış keçirilib və hərbi qulluqçuların idman hazırlığı izlənilib.

Qonaqlar hərbi hissənin ərazisindəki qapalı atış şəhərciyi, əsgər yataqxanası, silah otağı, əşya anbarı, ideoloji iş və digər inzibati otaqlara, həmçinin yeməkxanaya gələrək burada yaradılan şəraitlə tanış olublar.

Həmçinin hərbi qulluqçuların dağ komando qülləsində və kəşfiyyat cığırında fəaliyyətləri izlənilib.

Hərbi hissədə Müdafiə Sənayesi Nazirliyinin, həmçinin “RTX” və “Improtex” şirkətlərinin istehsal etdiyi pilotsuz uçuş aparatı (PUA), silah, avtomobil və xüsusi texnika, eləcə də digər döyüş vasitələrindən ibarət sərgi nümayiş olunub.

Daha sonra nümayəndə heyətinə Azərbaycan Ordusunun istifadəsində olan silah-sursat, təchizat və döyüş texnikası təqdim edilib. Qvineya-Bisau nümayəndə heyətinə onların taktiki-texniki xüsusiyyətləri, düzgün istifadə qaydaları ilə bağlı geniş məlumat verilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.


mod.gov.az