Qalib Azərbaycan hərbi qüdrətini daim artıracaq
Dövlətimizin gücünü və qüdrətini bir daha dünyaya göstərən Zəfər paradından iki gün sonra xalqımız on yeddi il əvvəl haqq dünyasında qovuşmuş Ulu Öndər Heydər Əliyevin xatirəsini böyük ehtiram, həm də qürur hissi ilə yad etdi. Bu iki hadisə arasında, təbii ki, sıx əlaqə vardır. Qarabağın erməni işğalından azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası, dogma yurdundan didərgin düşmüş bir milyona yaxın həmvətənimizin öz torpağına qayıdışına şərait yaradılması müstəqil dövlətimizin qurucusu, müdrik və dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin ən ümdə məqsədi və arzusu idi. Bu istiqamətdə dövlətimizin apardığı mübarizə məhz onun müəyyənləşdirdiyi strategiyaya əsaslanırdı - Azərbaycan öz ərazisinin bir qarışını belə güzəştə gedə bilməz, ölkəmizin ərazi bütövlüyü məsələsi müzakirə mövzusu deyil və heç zaman da olmayacaq, biz öz torpaqlarımızı mütləq işğaldan azad edəcəyik: ya sülh, ya hərb yolu ilə...
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev müstəqil dövlətimizə rəhbərlik etdiyi on yeddi il ərzində məhz bu strateji xəttə uyğun siyasət apararaq, özünəməxsus qətiyyət və uzqgörənliklə xalqımızın və ordumuzun gücünü dəmir yumruğa çevirib düşmənə sarsıdıcı zərbə endirdi, onu təslim olmağa məcbur etdi, möhtəşəm hərbi-siyasi zəfərə imza atdı. Noyabrın 8-də Şuşanın azad olunması ilə əlaqədar Fəxri Xiyabanda Ulu Öndərin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra xalqa müraciətində cənab Prezident ata vəsiyyətini yerinə yetirdiyinə görə özünü xoşbəxt adam adlandırdı və bu böyük Qələbəyə görə şəhidlərimizin, Ulu Öndərin ruhunun şad olduğunu bildirdi, dünya azərbaycanlılarına gözaydınlığı verdi.
Azərbaycan müdafiə sənayesi işçiləri peşə bayramlarını məhz belə şanlı-şərəfli bir vaxtda qeyd edirlər. Vətən müharibəsində möhtəşəm qələbəmiz hər birimizin qəlbində qürur, fərəh, iftixar hissi doğurur. Silahlı qüvvələrimizin yüksək peşəkarlıqla, misilsiz döyüş ruhu ilə həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı dünyanın bütün hərbi dairələrində, sözün həqiqi mənasında, böyük maraq və rəğbətlə qarşılanıb. Hətta nəhəng güc mərkəzləri bu əməliyyatın gedişinin və nəticələrinin müasir hərb sənətinə təsirini araşdırır, təhlil edirlər.
Vətən müharibəsinin getdiyi günlərdə möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev özünün hərbi sərkərdəlik istedadı ilə yanaşı siyasi müdrikliyini, diplomat məharətini də yüksək səviyyədə bir daha sübuta yetirdi. Onun dünyanın 30-dan çox kütləvi informasiya vasitəsinə verdiyi müsahibələr Azərbaycanın haqq-ədalət mübarizəsi haqqında dolğun təsəvvür yaratmaqla yanaşı, Ermənistanın işğalçılıq siyasətinin, bu təcavüzkar dövlətin indiki və sabiq rəhbərlərinin faşist xarakterinin, bəşəriyyətə qarşı cinayətkar hərəkətlərinin çox aydın şəkildə ifşasına yönəlmişdi.
Hazırda Ermənistan bir dövlət kimi iflasa uğrayıb. Mənəvi-psixoloji cəhətdən sınmış ermənilər Azərbaycanın dəmir yumruğu ilə məğlubiyyətə uğramış ölkənin vətəndaşları kimi kədər və çaşqınlıq içərisindədirlər. Qarabağda məhv edilmiş, itkin və əsir düşmüş ermənilərin valideynləri sarsılmış dövlətin hərbi strukturları qarşısında mitinqlər, nümayişlər keçirirlər. Azərbaycan isə müharibə başa çatdıqdan bir neçə gün sonra öz itkilərinin adlı siyahısını açıqladı və bununla bir daha özünün hərbi fəaliyyətinin də şəffaf xarakter daşıdığını nümayiş etdirdi.
Ermənistanın işğalçılıq siyasətinə son qoyulması, ilk növbədə, Azərbaycanın hərbi üstünlüyünün və qalibiyyətinin nəticəsi olmaqla yanaşı həm də bölgədə sülhün bərqərar olmasına göstərilən səylərin, xüsusən, Rusiyanın vasitəçilik təşəbbüslərinin yekunudur. Məhz bu ölkənin iştirakı ilə Azərbaycan və Ermənistan arasında imzalanan üçtərəfli Bəyanatda təsbit eilən məsələlərin icrasının, çoxillik münaqişənin hərbi-siyasi yolla nizamlanmasının regionumuzda uzunmüddətli sülhə, həmrəyliyə, qarşılıqlı əmkdaşlığa və qonşuluq münasibətlərinin bərpasına gətirib çıxaracağına böyük ümid bəslənilir.
Hərbi əməliyyatlar başa çatdıqdan az sonra Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Ağdama səfərləri, bu rayonlardakı vəziyyətlə yerində tanış olmaları, dövlətimizin başçısının erməni faşizminin törətdiyi cinayətlər və vəhşiliklər barədə həqiqətləri bütün dünyaya çatdırması tarixi hadisə kimi yadda qaldı. Məhz həmin vaxt Füzuli-Şuşa avtomobil yolunun çəkilişinə başlanması işğalçı Ermənistanın dağıdıb viran qoyduğu ərazilərdə normal həyatın tez bir zamanda bərpasına Azərbaycan dövlətinin nə qədər böyük önəm verdiyini, xalqımızın quruculuq əzmini təsdiqləyir.
Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqımızın haqq-ədalət uğrunda mübarizəsi haqqında belə deyib: “Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq”.
Azərbaycan iqtisadi cəhətdən nə qədər güclü, silahlı qüvvələrimiz texniki təchizat baxımından nə qədər yüksək təminatlı olsa da, düşmən üzərində möhtəşəm zəfərin qazanılması qəhrəman əsgər, gizir və zabitlərimizin misilsiz hünəri, cəsarəti, Vətən sevgisi, yenilməz döyüş ruhu sayəsində mümkün oldu. Torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi hər birimiz üçün əziz və unudulmazdır. Onlara Allahdan rəhmət diləyir, valideynlərinə dərin hüznlə başsağlığı verir, yaralılarımızın tezliklə sağalmasını, itkin düşənlərimiz haqqında təsəlliverici məlumatın əldə olunmasını arzulayırıq. Vətən müharibəsi xalqımızın mətin, mübariz simasını, zəngin mənəviyyatını, yüksək əxlaqi keyfiyyətlərini, qalibiyyət əzmini, milli ideallarımız uğrunda qurbanlar verməyə daim hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Övladı şəhid olan ata-analarımızın, həyat yoldaşını itirmiş gəlinlərimizin, qardaş həsrətli qızlarımızın böyük səbr və dəyanətlə bu ağrı-acıya tab gətirməsi, vüqarla, qürurla “Vətən sağ olsun!” deyib, təskinlik tapması xalqımızın vətən və dövlət sevgisinin yenilməzliyindən xəbər verir.
Azərbaycan dövləti Vətən müharibəsində şücaət və igidliklər göstərən, ölkəmizin ərazi bütövlüyünün bərpasında xüsusi xidməti olan hərbçiləri fəxri adalara, orden medallara layiq görüb. Möhtərəm Prezident cənab İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamları ilə 3 nəfərə - general-mayor Həşimov Polad İsrayıl oğluna (ölümündən sonra), polkovnik Mirzəyev İlqar Anzor oğluna (ölümündən sonra) və ehtiyatda olan baş çavuş Hüseynov İbad Mövsüm oğluna “Azərbaycanın Milli Qəhrəmanı”, 83 hərbi qulluqçuya “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 33 hərbi qulluqçusu “Zəfər” ordeni ilə, 204 hərbi qulluqçusu “Qarabağ” ordeni ilə təltif edilib. Mən bu gün həyatda olan Milli Qəhrəmanlardan biri kimi hərbçilərimizin düşmənə qarşı mübarizədə göstərdikləri rəşadətə, hünərə görə qürur və fəxarət hissi keçirirəm. Deməli, bizim gənclər arasında apardığımız hərbi-vətənpərvərlilk tərbiyəsi öz bəhrəsini verib, yeni qəhrəmanlar nəsli yetişib.
Məhz məhz yüksək döyüş ruhu və hərbi peşəkarlıq sayəsində Azərbaycanın rəşadətli silahlı qüvvləri işğalçı Ermənistanın 30 ilə yaxın müddətdə qurduğu istehkamları 44 gündə datmadağın etdi. Əsgər, gizir və zanitlərimiz düşmənə döyüş üstünlüyü verən mürəkkəb çoğrafi şəraitdə misilsiz şücaət göstərərək öz şərəfli missiyasını yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi.. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, eyni zamanda, Suqovuşan qəsəbəsi, Hadrut qəsəbəsi, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi, strateji yüksəkliklər düşmənin məhz döyüş meydanında məğlub edilməsi nəticəsində azad olundu, həmin ərazilərdə Azərbaycan bayrağı qaldırıldı.
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Zəfər paradındakı çıxışında şanlı Vətən müharibəsinə Şuşa şəhərində yekun vurulduğunu qeyd edərək deyib: “Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimizdir. Şuşa işğal altına düşmüş birinci şəhərimiz idi və işğaldan azad edilən sonuncu şəhər oldu. Şuşa işğaldan azad ediləndən sonra düşmənin beli qırıldı, düşmən təslim olmağa məcbur qaldı”. Hamımız üçün əziz olan Şuşanı qəhrəman hərbçilərimiz dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək, sıldırım qayaları qət edərək, qayalara dırmaşaraq əlbəyaxa döyüşlə düşməndən azad edib.
Təcavüzkar Ermənistanın “yenilməz ordusu” haqqında əfsanə məhz belə puça çıxarıldı. Düşmən təslim oldu və qalib dövlətimizin, onun böyük sərkərdəsinin, qüdrəli rəhbərinin şərtlərini qəbul etmək məcburiyyətində qaldı. Döyüş meydanındadı zəfərimiz siyasi müstəvidə də qələbəmizi təmin etdi, Kəlbəcər, Laçın və Ağdam rayonları bir güllə belə atılmadan rəşadətli silahlı qüvvələrimizə təhvil verildi, işğaldan azad edilən da hər bir yaşayış məntəqəsində Azərbaycan bayrağı qaldırıldı.
Vətən müharibəsində möhtəşəm zəfərin qazanılmasında dost və qardaş ölkələrin dəstəyini xalqımız daim hörmət və minnətdarlıq hissi ilə xatırlayacaqdır. Bu baxımdan qardaş Türkiyənin, onun qüdrətli Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın cəsarətli və qətiyyətli mövqeyi bizim üçün çox dəyərlidir. Türkiyə Prezidentinin, qardaş ölkənin böyük nümayəndə heyətinin, həmçinin qəhrəman türk əsgərinin Zəfər paradında iştirakı qürurverici hadisə idi. Cənab Ərdoğanın paraddakı çıxışında dövlətimizin dünəni, bu günü və gələcəyi haqqında söylədiyi bu sözlər heç zaman unudulmayacaq: “Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, əziz qardaşım cənab Prezident İlham Əliyevə aiddir. Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, inşallah, dastan yazmaqda davam edəcək”.
Zəfər paradının dünyada doğurduğu əks-səda hələ uzun müddət səngiməyəcək. Xüsusən, Vətən müharibəsi zamanı düşməndən əldə edilmiş qənimətlərin – çoxsaylı hərbi texnikanın nümayişi məğlub Ermənistan ordusunun məhvinin aşkar sübutu oldu. Bu texnikanın əksəriyyəti işğalçı ölkəyə öz dostları və himayədarları tərəfindən təmənnasız verilmiş, lakin qorxaq erməni hərbçiləri tərəfindən döyüş meydanında sahibsiz buraxılmışdı...
Azərbaycan silahlı qüvvələri isə nəinki yüksək texnologiya əsasında hazırlanmış texniki vasitələti məharətllə idarə edir, düşmənə sarsıdıcı zərbələr vurur, həm də istifadəsində olan silah-sursat, döyüş maşınlarını, artilleriya qurğularını qorumağı bacarırdı. Onların ixtiyarında olan müasir silah-sursatın və hərbi texnikanın mühüm hissəsi Azərbaycanın müdafiə sənayesinin birlik və müəssisələrində hazırlanıb.
Məlum olduğu kimi, Müdafiə Sənayesi Nazirliyi möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılıb. Silahlı Qüvvələrimizin tələbatlarının ödənilməsi məqsədilə nazirliyin birlik və müəssisələrində ən müasir və yeni tipli silah və hərbi texnikalar, müdafiə təyinatlı məmulatlar istehsal edilir, onların modernləşdirilməsi, təmiri və utilizasiyası işləri yerinə yetirilir. Hazırda Nazirliyin tabeliyindəki birlik və müəssisələr tərəfindən 1000-dən çox adda silah və hərbi texnika, aviasiya, mühəndis, rabitə, optik və digər hərbi təyinatlı məhsulların normativ-texniki sənədlərinin yaradılması və mənimsənilməsi həyata keçirilir.
Müdafiə Sənayesi Nazirliyinin müəssisələri Azərbaycan Silahlı Qüvvələrini yüksək texnoloji keyfiyyətlərə cavab verən müasir silah-sursat və hərbi texnika ilə təchiz olunmasında fəal iştirak edir. İnamla deyə bilərik ki, müəssisələrimizdə istehsal edilən müasir silah və sursatlar, hərbi texnika Qarabağı azadlığı uğrunda apardığımız Vətən müharibəsində ilk dəfə real döyüşdə uğurla sınaqdan keçdi.
Gərgin döyüşlərin getdiyi dövrdə silahlı qüvvələrimizi zəruri silah-sursat və texnika ilə vaxtında təmin etmək üçün nazirliyin birlik və müəssisələri fasiləsiz iş rejimində çalışıb. Döyüşçülərimizin istifadəsində olan hərbi texnikanı operativ şəkildə təmir və bərpa etmək üçün cəbhəyanı ərazilərdə fasiləsiz fəaliyyət göstərən müvafiq bazalar yaradılıb.
Vətən müharibəsinin gedişində cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri zamanı qəhrəman ordumuzun məğlubiyyətə uğratdığı işğalçılar haqqında söylədiyi fikirlər və ifadələr xalq arasında aforizm kimi populyarlaşır, düşmənə çox təsirli mənəvi-psixoloji zərbə vururdu. Belə fikirlərdən biri də işğalçıların Azərbaycan torpaqlarında qovulması haqqında idi. Məhz bununla bağlı işlədilmiş ifadənin ölkəmizdə və dünyada böyük əks-səda doğurduğu vaxtda Nazirliyimiz “İti qovan” pilotsuz uçuş aparatlarının seriyalı istehsalına başladı. Qanadları üzərinə bu tarixi ifadənin yazıldığı PUA-lar hazırda da Azərbaycan Ordusunun istifadəsindədir.
Tarixi Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması Vətən müharibəsinin ən parlaq səhifələrindəndir. Məlum olduğu kimi, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu münasibətlə, həmçinin bir neçə yaşayış məntəqəsinin azad edilməsində sərhədçilərin göstərdikləri rəşadətə görə Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi və şəxsi heyəti təbrik etmişdir. Nazirliyimiz tərəfindən, hədiyyə olaraq, DSX-yə təkmilləşdirilmiş BTR-70M tipli zirehli nəqliyyat vasitəsi təqdim olunub. Döyüş maşınının ön hissəsində və sağ tərəfində “İLHAMLA İRƏLİ!”, sol tərəfində isə “XUDAFƏRİN BİZİMDİR!” sözləri yazılıb.
Bu ilin oktyabr-noyabr aylarında Müdafiə Sənayesi Nazirliyində Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Vada Cüniçi, Özbəkistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Bahrom Əşrəfxanov, İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi, Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşllər keçirilib, onlara Ermənistanın hərbi təxribatlarına və mülki əhaliyə qarşı törətdiyi cinayətlərə cavab olaraq keçirilən əks-hücum əməliyyatları, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin xüsusiyyətləri barədə ətraflı məlumat verilib, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.
Müdafiə Sənayesi Nazirliyi Vətən müharibəsinin davam etdiyi günlərdə əməkdaşlıq edildiyi Türkiyə, Pakistan, İsrail, İordaniya, Korea, İran, Gürcüstan, Qazaxıstan, Serbiya, Polşa, Bolqarıstan, Çexiya, Ukrayna, Rusiya, ABŞ, Özbəkistan, Avstriya, İsveçrə, Səudiyyə Ərəbistanı, Ruanda, Hindistan, İngiltərə, İtaliya, Latviya, Cənubi Afrika Respublikası, İspaniya, Çin və bir sıra başqa ölkələrin 90-dan artıq şirkətinə müraciət ünvanlayaraq, təcavzkar Ermənistanın təxribatları, mülki əhaliyə qarşı törətdiyi hərbi cinayətlər, Azərbaycan Silahlı Qüvvələrinin işğalın aradan qaldırılması istiqamətində həyata keçirdiyi əks-hücum əməliyyatları barədə geniş məlumatları onların diqqətinə çatdırıb. Bu müraciətlərdə bildirilirdi ki, respublikamızın Tərtər, Mingəçevir, Ağcabədi, Beyləqan, Gəncə şəhərlərini, bir sıra kənd və qəsəbələrini Ermənistanın ayrı-ayrı silah növlərindən istifadə edərək atəşə tutması nəticəsində 94 mülki şəxs həlak olub, 400-dən çox mülki şəxs yaralanıb, çox sayda mülki obyekt, yaşayış evi, bina dağıdılıb yararsız hala düşüb.
...Azərbaycan müdafiə sənayesi işçiləri öz peşə bayramlarını yüksək əhval-ruhiyyədə qeyd edərkən, Vətən müharibəsinin, “Dəmir yumruq” əməliyyatının nəticələrini də mühəndis-texniki nöqteyi-nəzərdən təhlil edir, silahlı qüvvlələrimizin döyüş arsenalının müasir texnologiyalar əsasında daha da inkişaf etdirilməsi imkanlarını araşdırırlar.
Möhtərəm Prezident, Müzəffər Əli Baş Komandan cənab İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, sülhün, əmin-amanlığın təmin olunmasının başlıca şərtlərindən biri dövlətimizin, onun silahlı qüvvələrinin daim hərbi gücünü artırmasıdır. Bununla bağlı müdafiə sənayesinin üzərinə bəyük və təxirəsalınmaz vəzifələr düşür, nazirliyimizin, onun tabeliyindəki birlik və müəssislələrin kollektivləri bunları vaxtında və yüksək səviyyədə yerinə yetirməyə çalışacaqdır.
Mədət Quliyev,
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri
Azərbaycanın Milli Qəhrəmanı
Respublika qəzeti