Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
23 Sentyabr, 2011 17:00 1580

"Optika-Mexanika" İstehsalat Birliyi Xaçmaz "Kondensator" zavodunun əsaslı yenidənqurmadan sonra açılışı oldu

Sentyabrın 23-də Respublika Prezidenti İlham Əliyevin iştirakı ilə "Optika-Mexanika" İstehsalat Birliyi Xaçmaz “Kondensator” zavodunun əsaslı yenidənqurmadan sonra açılışı oldu. 

Ümummilli lider Heydər Əliyevin zavodun həyətində ucaldılmış abidəsi ziyarət edildi.

Nazir Yavər Camalov Respublika Prezidentinə zavod barədə ətraflı məlumat verdi. Bildirdi ki, Xaçmaz "Kondensator" zavodu 1981-ci ildə Rusiyanın Tula şəhərində yerləşən Severo-Zadonsk hərbi təyinatlı zavodun tabeliyində olmuşdur. Əvvəllər kiçik sex kimi fəaliyyət göstərmiş, 1983-cü ildə burada zavod tikilmiş, müəssisə 1987-ci ildən tam fəaliyyətə başlamışdır. Vaxtilə Xaçmaz "Kondensator" zavodunda istehsal olunan müxtəlif markalı kondensatorlar keçmiş SSRİ-nin bütün respublikalarına ixrac edilirdi. 1992-ci ildə bu zavod “Elektrolit” İstehsalat Birliyinin tabeliyinə verilmişdir. 1993-cü ildən isə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin strukturuna daxil edilmişdir. Zavodun əsas fəaliyyəti kondensatorlarla yanaşı, xalq istehlak mallarının istehsalı və əhaliyə pullu xidmət göstərməkdən ibarətdir. 

Sonra zavodun yenidənqurmadan əvvəlki vəziyyətini əks etdirən filmə baxıldı. 

Müəssisədə yaradılan Heydər Əliyev muzeyi ilə də tanışlıq oldu. Burada Ulu öndərin Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlərə və dövlət başçısı İlham Əliyevin bu siyasəti uğurla davam etdirərək ölkənin müdafiə sənayesinin inkişafı istiqamətində gördüyü işlərə dair fotolar nümayiş etdirildi. 

Sonra dövlət başçısının iştirakı ilə müəssisədə istehsal olunan məmulatların sərgisinə baxış oldu. 

Müəssisə ilə tanışlıq zamanı bildirildi ki, zavodun ümumi sahəsi 24 min kvadratmetrdir. 3690 kvadratmetrlik istehsal sahəsində 2010-2011-ci illərdə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Tikinti və yenidənqurma işlərindən sonra zavodda yaradılan yeni istehsal sahələrində quraşdırılan və müasir tələblərə cavab verən xüsusi cihaz və avadanlığın köməyi ilə müxtəlif təyinatlı məmulat – yüksək böyütmə qabiliyyətinə malik kompaslı prizmalı binokllar, toplar üçün K-1 tipli kollimator, 60, 82 və 120 millimetrlik minaatanları hədəfə tuşlamaq üçün MTON-44M tipli təkmilləşdirilmiş optik nişangah istehsal olunur. 

Qeyd edildi ki, PK-A tipli kollimator nişangahları avtomat və əl pulemyotlarını hədəfə tuşlamaq üçün nəzərdə tutulmuşdur. Nişangah 5,45 və 7,62 millimetrlik Kalaşnikov avtomatları və əl pulemyotları ilə 300 metr məsafədə hədəfi çox dəqiq vurmağı təmin edir. Müxtəlif böyütmə qabiliyyətinə malik optik snayper nişangahları isə normal və iri çaplı snayper tüfənglərini hədəfə tuşlamaq üçün nəzərdə tutulmuşdur. 

Diqqətə çatdırıldı ki, mexaniki istehsal və optika sexlərindən əlavə, zavodda sənaye məhsulları hazırlayan sex də fəaliyyət göstərir. Burada əsasən məişətdə istifadə olunan məmulatlar hazırlanır.

Müəssisədə yeni açılan iş yerlərinin sayı 76-ya çatdırılmışdır. Əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə də Dövlət Müdafiə Sifarişi Proqramının icrası təmin olunmuş, bir sıra yeni təyinatlı məmulatın istehsalı mənimsənilmişdir. 

2011-ci ildə Müdafiə Sənayesi Nazirliyinin qarşısında istehsalın həcmini 15 faiz yüksəltmək, yeni növ müdafiə təyinatlı məmulatın yaradılması, yeni iş yerlərinin açılması və işçilərin orta aylıq əməkhaqqının artırılması kimi mühüm vəzifələr durur. 

Açılışda iştirak edən ölkə başçısı İlham Əliyev sonda  zavodun kollektivinə uğurlar arzuladı, tövsiyə və tapşırıqlarını verdi.