Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
16 Mart, 2009 14:00 1069

Nazirliyin tabeliyində olan "Radioquraşdırma" zavodunun əsaslı yenidənqurmadan sonra açılışı oldu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev açılış mərasimində iştirak etdi.  

Müdafiə Sənayesi Nazirliyi yaranana qədər zavodun cəmi bir neçə sexi qismən fəaliyyət göstərir, təsadüfi sifarişlər əsasında ildə 60-70 min manatlıq məhsul istehsal olunurdu. 2006-cı ilə qədər burada işçilərin sayı tamamilə azaldılmış, müəssisə tam bərbad vəziyyətə düşmüşdü. Müdafiə Sənayesi Nazirliyi yaradıldıqdan sonra bu müəssisədə də əsaslı dəyişikliklər baş verdi. Qısa müddət ərzində o, ölkənin qabaqcıl sənaye müəssisələrindən birinə çevrildi. 

“Radioquraşdırma” zavodunun açılış mərasimində iştirak etmək üçün müəssisəyə gələn prezident İlham Əliyev əvvəlcə ulu öndər Heydər Əliyevin zavodun həyətində ucaldılmış büstü önünə gül dəstəsi qoydu. 

Naziri Yavər Camalov ölkə başçısına bu müəssisə və ümumilikdə respublikanın müdafiə sənayesində 2006-cı ildən bəri görülmüş işlər barədə ətraflı məlumat verdi. Nazir bildirdi ki, vaxtilə zavodun bərbad vəziyyətdə olan ərazisində  geniş abadlıq və yaşıllaşdırma işləri görülmüş, inzibati binalar  əsaslı şəkildə təmir olunaraq səmərəli fəaliyyət üçün hər cür şərait yaradılmışdır. Müəssisədə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotoguşə yaradılmış, 250 yerlik akt salonu da yenidən qurularaq müasir görkəm almışdır. 

Dövlət başçısı açılışı bildirən lenti kəsdikdən sonra zavodla yaxından tanış oldu. 

Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqəti sayəsində qısa müddətdə ölkənin müdafiə sənayesinin formalaşdırılması məqsədi ilə mühüm tədbirlər həyata keçirilmişdir. Ötən müddətdə nazirliyin tabeliyindəki müəssisələrdə 16 istehsal sahəsi istismara verilmiş, ən müasir tələblərə cavab verən müdafiə təyinatlı məhsulların kütləvi istehsalına başlanılmışdır. Dövlət başçısının tapşırıqlarına əsasən, 2009-cu il üçün investisiya proqramı çərçivəsində 17 obyekt üzrə tikinti və yenidənqurma işlərinə başlanması nəzərdə tutulur.
2007-2008-ci illərin Dövlət Müdafiə Sifarişi proqramında nəzərdə tutulan işlər başa çatdırılmış və istehsal olunan məhsullar silahlanmaya qəbul edilmişdir. Atıcı silahların, yaxın məsafəli döyüş vasitələrinin, artilleriya silahlarının kiçik seriyalarla istehsalı  mənimsənilmiş və proqrama uyğun istehsal edilmişdir. Bundan başqa, böyük miqdarda müxtəlif çaplı döyüş sursatları istehsal edilərək sifarişçilərə çatdırılmışdır. Müdafiə sənayesi müəssisələrində mühəndis texnikası, döyüş və təlim sursatları, mühəndis xidməti və kəşfiyyat vasitələrinin istehsalı da təmin edilmişdir. 2008-ci ildə sifarişçilərə təhvil verilən müdafiə təyinatlı məhsulların həcmi 2005-ci illə müqayisədə 6,1 dəfə artmışdır. Cari ildə isə 435 adda müdafiə təyinatlı məhsulların və onların ehtiyat hissələrinin istehsalı nəzərdə tutulur. Nazirliyin müəssisələrində buraxılmağa başlanacaq 7 növ müdafiə təyinatlı məhsulun istehsal sahəsinin yaradılması üçün texnoloji avadanlığın alınıb quraşdırılması 2009-cu ildə başa çatdırılacaqdır. Cari ildə müdafiə sənayesi müəssisələrində mülki məhsulların istehsalını da genişləndirmək üçün silsilə tədbirlər nəzərdə tutulur.