Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
21 Aprel, 2014 14:23 1144

Müdafiə Sənayesi Nazirliyinin XIV Asiya Müdafiə Xidmətləri Sərgisində (DSA-2014) nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılandı

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və  istehsal olunan müdafiə təyinatlı məmulatlar Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən XIV Asiya Müdafiə Xidmətləri Sərgisində (DSA-2014) nümayiş etdirildi.

Bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti Malayziyada səfərdə oldu.

Dünyanın ən böyük beş müdafiə sənayesi sərgisindən biri olan “DSA-2014”-də  Müdafiə Sənayesi Nazirliyi 132 adda müdafiə təyinatlı məmulatla təmsil olunurdu.

MSN bu sərgidə nazirliyin müəssisələrində yaradılan və istehsal olunan “İstiqlal”, “Mübariz”, “Yalquzaq” snayper tüfənglərini, tank və zirehli texnikalar üçün pulemyotu, hücum pulemyotunu, ilk dəfə olaraq universal pulemyotu, “Zəfər”, “Zəfər-K” və “İnam”  tapançalarını, pilotsuz uçuş aparatlarını, aviasiya təlim bombasını, müxtəlif çaplı sursatları,  əleyhqazları və s. məmulatları nümayiş etdirdi.

Nümayiş etdirilən məmulatlar sərgidə iştirak edən və qonaq qismində qatılan ölkələrin nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılandı.

MSN stendində  cari ilin sentyabr ayında Bakıda keçiriləcək “ADEX-2014”  beynəlxalq müdafiə sənayesi sərgisinin təqdimatı da keçirildi.

“DSA-2014” sərgisinin açılışından sonra iştirak edən və qonaq qismində qatılan ölkələrin nümayəndələri MSN-in stendini ziyarət etdilər. Ziyarətçilərə nümayiş etdirilən məmulatlar barədə nazirliyin  mütəxəssisləri tərəfindən  geniş məlumat verildi. Sərgi zamanı Azərbaycanda keçiriləcək “ADEX-2014” beynəlxalq müdafiə sənayesi sərgisi ilə bağlı da ətrafı məlumatlar verildi və dəvətlər çatdırıldı.

Səfər çərcivəsində nazir Yavər Camalovun MSN-in stendini ziyarət edən Malayziyanın müdafiə naziri Hişammuddin Tun Hüseyni və Türkiyə müdafiə nazirinin müavini Hasan Kamal Yardımçı, Əmniyyət Baş İdarəsinin rəhbəri Mehmet Kılınclar, Pakistanın böyük müdafiə şirkətlərindən olan GİDS Korporasiyası İdarə Heyətinin sədri Zübeyir İqbal Malikin və Tailandın Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşləri oldu. 

Görüşlər zamanı nazir Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə məlumatlar verdi.

Görüşlərdə müdafiə sənayesi üzrə qaşılıqlı əməkdaşlıq məsələləri müzakirə edildi və bu sahədə əlaqələrin inkişaf etdirilməsi üçün birgə tədbirlərin həyata keçirilməsinə dair ümumi razılıq əldə olundu. Eyni zamanda, görüş iştirakçıları sentyabr ayında Bakıda keçiriləcək “ADEX-2014” beynəlxalq müdafiə sənayesi sərgisinə dəvət edildilər.