Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
14 May, 2010 15:00 1851

Müdafiə Sənayesi Nazirliyinin təmsil olunduğu "SOFEX -2010" beynəlxalq sərgi başa çatdı

10 - 13 may 2010-cu il tarixlərində İordaniya Haşimilər Krallığının Əmman şəhərində təşkil olunan, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatların da nümayiş etdirildiyi “SOFEX-2010” beynəlxalq sərgi başa çatdı. Dörd gün davam edən sərgidə milli məhsulların nümayişi ilə bağlı müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti iştirak etdi.

Dünyanın inkişaf etmiş ölkələrindən 350-dən çox qabaqcıl şirkətin qatıldığı sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 55 adda müdafiə təyinatlı məmulatla təmsil olunurdu. Sərgilənən məmulatlar arasında atıcı silahlar, raket-artilleriya silahları, yaxın məsafəli döyüş vasitələri, müxtəlif növ döyüş sursatları və s. var idi.

Sərgidə təmsil olunan şirkətlər və eyni zamanda sərgiyə qonaq qismində qatılan dövlət qurumları, şirkətlər Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məmulatları böyük maraqla qarşıladılar. Ötən il Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq sərgidə (IDEF-2009) olduğu kimi, bu sərgidə də «İstiqlal» tipli snayper tüfəngi və müxtəlif növ döyüş sursatları xarici ölkələrin nümayəndələrində xüsusi marağa səbəb oldu.

Tədbir çərçivəsində Müdafiə Sənayesi Nazirliyinin müəssisələri ilə sərgiyə ev sahibliyi edən İordaniyanın və sərgidə iştirak edən Türkiyənin şirkətləri arasında birgə əməkdaşlığa dair bir neçə müqavilə və niyyət protokolu da imzalandı.

Səfər zamanı nazir Yavər Camalovun İordaniyanın dövlət rəsmiləri, eləcə də sərgidə təmsil olunan xarici ölkələrin nümayədələri ilə görüşləri oldu.

Səfər müddətində nümayəndə heyətini Azərbaycanın İordaniyadakı fövqəladə və səlahiyyətli səfiri Elman Araslı müşayət edib.

 

Foto