Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
22 Yanvar, 2014 15:22 1979

Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2013-cü ilin yekunlarına həsr olunmuş səyyar kollegiya iclası keçirildi

İclası açan nazir Yavər Camalov 2013-cü ildə respublikanın iqtisadi və ictimai-siyasi həyatında baş verən uğurlardan danışdı. Qeyd etdi ki, ötən il respublikamızda prezident seçkiləri keçirilmiş, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkədə sabitliyin, əmin-amanlığın, dinamik inkişafın təminatçısı olan İlham Əliyev yüksək səs çoxluğu ilə yenidən Azərbaycan Republikasının Prezdenti seçilmişdir.

Ötən illərdə olduğu kimi, 2013-cü ildə də  Respublika Prezidenti  İlham Əliyevin rəhbərliyi altında çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi, mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması nəticəsində ölkə iqtisadiyyatı sürətlə inkişaf etmiş, dövlət büdcəsinin həcmi sürətlə artmış, əhalinin yaşayış səviyyəsi xeyli yüksəlmişdir.

Nazir 2013-cü ilin Müdafiə Sənayesi Nazirliyi üçün də yaddaqalan il olduğunu bildirdi.  

Ötən il 2012-ci illə müqayisədə nazirlik üzrə istehsal olunan müdafiə  təyinatlı məmulatların həcmi 3,7 faiz artmışdır. İstehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 900-ü ötmüşdür.

2013-cü ilin nəticələrinə görə istehsal olunaraq sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi artmışdır.

Ötən  ildə də yaradılma işləri davam etdirilmiş, 11 mövzu və 71 mərhələ başa çatdırılmışdır. 

2013-cü ildə 107 mm-lik 12 lüləli yaylım atəşli reaktiv sistemin, şəffaf patron daraqlarının, 120 mm-lik döyüş minasının və digər məmulatların yaradılması işləri tam başa çatdırılmış, seriyalı istehsalı və silahlanmaya qəbul edilməsi tövsiyyə olunmuşdur. Eyni zamanda, BRDM-2 və BTR-70 tipli zirehli texnikaların sınaqları başa çatdırılmış və sifariş olunan sayda təkmilləşdirilərək  respublikanın güc qurumlarına təhvil verilmişdir. Aviasiya bombalarının nümunələri hazırlanmış, sınaqları keçirilərək onların seriyalı istehsalının təşkili istiqamətində işlər aparılır.  

“Matador” və “Marauder” tipli zirehli nəqliyyat vasitələrinə 14,5 mm-lik pulemyotla təchiz edilmiş döyüş modulları quraşdırılmışdır. “Orbiter-2M” tipli pilotsuz uçuş aparatları üzrə 10 sistemin bütün sınaqları uğurla həyata keçirilərək sifarişçiyə təhvil verilmişdir.

2007-ci illə müqayisədə 2013-cü ildə yaradılma sahəsində başa çatdırılmış mövzuların sayı 26 dəfə, mərhələlərin icrası isə 14 dəfə artmışdır.

Nazirliyin müəssisələrində yaradılan, istehsal olunan müdafiə təyinatlı məmulatlar 2009-cu ildən başlayaraq beynəlxalq müdafiə sənayesi sərgilərində nümayiş etdirilir və böyük maraqla qarşılanır.

Beynəlxalq sərgilərdə iştirak edən Müdafiə Sənayesi Nazirliyi dörd il öncə qatıldığı ilk sərgidə 27 adda müdafiə təyinatlı məmulatla respublikamızı təmsil edirdisə, ötən ilin  may ayında Türkiyədə keçirilən “IDEF-2013” XI beynəlxalq müdafiə sənayesi sərgisində 130 adda müdafiə təyinatlı məmulat nümayiş etdirdi. Nazirlik bu sərgidə müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, döyüş sursatları, optik nişangahlar, mühəndis texnikası və s. məmulatlarla yanaşı, ilk dəfə olaraq “Yalquzaq” snayper tüfəngi, HP-7,62 tipli hücum pulemyotu, “Gürzə” xüsusi təyinatlılar üçün patrul maşını, pilotsuz uçuş aparatları və digər məmulatları da  nümayiş etdirdi.

Dünyanın 36 ölkəsindən 500-dən çox şirkətin qatıldığı sərgidə Azərbaycan istehsalı olan məmulatlar, xüsusilə “Yalquzaq”,  “İstiqlal”, “Mübariz”  snayper tüfəngləri, hücum pulemyotu, “Gürzə” xüsusi təyinatlılar üçün patrul maşını, müxtəlif növ döyüş sursatları böyük maraqla qarşılandı.

Beynəlxalq sərgilərdə nümayiş olunan məmulatlara qarşı artan maraq sayəsində Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlıq еtmək istəyən ölkələrin və şirkətlərin sayı artmaqda davam edir.

Müdafiə Sənayesi Nazirliyi dünyanın inkişaf etmiş dövlətlərinin aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə 60-dan çox şirkət və firması ilə sıx əməkdaşlıq edir.

Azərbaycan ilk dəfə olaraq 2014-cü ilin sentyabrında beynəlxalq  müdafiə sənayesi sərgisinə ev sahibliyi edəcəkdir. “ADEX-2014”  adı altında keçiriləcək sərgi ilə bağlı Müdafiə Sənayesi Nazirliyi tərəfindən artıq hazırlıq işlərinə başlanılmışdır. Sərginin yüksək səviyyədə keçirilməsi üçün təşkilati tədbirlər görülür.

Tabeli müəssisələrdə müdafiə təyinatlı məmulatlar üzrə istehsal sahələrinin  genişləndirilməsi ilə yanaşı, mülki məhsulların yeni növlərinin mənimsənilməsi istiqamətində də məqsədyönlü işlər aparılır. 2007-ci illə müqayisədə 2013-cü ildə mülki məmulatların istehsal həcmində 2 dəfə artım əldə olunmuşdur. Çeşidlərin sayı 450-ni ötmüşdür. 

Nazirliyin müəssisələrində mülki məhsullardan: neft-qaz sənayesində işlədilən müxtəlif növ nəzarət və idarəetmə sistemləri, dəstləşdiricilər, traktorlar üçün tırtıllar, 4 və 6 laylı çap lövhələri, rəqəmsal teleyayıma keçidlə bağlı DVB-T tipli dekoderlər, neft quyularında dərinlik nasoslarının işinə nəzarət edən “Dinomoqraf DM” cihazı, gəmilərin təmiri üçün ehtiyat hissələri, səyyar yemək termosları, plastik kütlədən hazırlanmış taralar, müxtəlif güclü akkumulyator batareyaları, 12 kalibrli qoşa lülə və yarımavtomat yivsiz ov tüfəngləri, işıqforlarda taymer sistemi, polis məntəqələri üçün teleskop tipli maneə sistemləri və s. mənimsənilmişdir.

Nazirliyin müəssisələrində istehsal olunan mülki məhsullar da 2010-cu ildən etibarən bir çox beynəlxalq və milli sərgilərdə nümayiş etdirilir. 

Müdafiə Sənayesi Nazirliyi ötən ilin sentyabrın 15-dən oktyabrın 17-dək Bakıda keçirilən “Azərbaycan 10 ildə” sosial-iqtisadi inkişaf dövlət proqramlarının icrası sərgisində təmsil olunmuş, nazirliyin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlarla yanaşı, mülki təyinatı məmulatları da nümayiş etdirmişdir. Nümayiş etdirilən məmulatlar böyük maraqla qarşılanmışdır.

İclasda nazirliyin birlik və müəssisələrinin fəaliyyətləri haqqında həmin qurumların rəhbərlərinin hesabatları dinlənildi.

Sonda nazir Yavər Camalov Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası zamanı Respublika Prezidenti İlham Əliyevin verdiyi  tapşırıqları  bir daha iclas iştirakçılarına xatırlatdı. Nazir Ali Baş Komandan tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların və 2014-cü ildə nazirliyin qarşısında duran vəzifələrin icrası ilə əlaqədar struktur bölmə, birlik və müəssisələrin rəhbərlərinə xüsusi göstərişlər verdi.