Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
30 İyul, 2013 15:28 2217

Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2013-cü ilin birinci yarısının yekunlarına həsr edilmiş səyyar kollegiya keçirildi

Nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclaslarda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edildi. Bildirildi ki, aparılan məqsədyönlü işlər nəticəsində nazirliyin müəssisələrində müvafiq proqramlar əsasında müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı üçün yeni istehsal sahələrinin yaradılması işləri davam etdirilmişdir.   

Hesabat dövründə 2013-cü il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilmiş, respublikanın güc strukturlarının sifarişləri üzrə bağlanmış müqavilələr əsasında müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilmişdir. Eyni zamanda mülki məmulatların istehsalının genişləndirilməsi üzrə işlər davam etdirilmişdir.

2013-cü ilin birinci yarısında nazirliyin müəssisələrində istehsal olunmuş  məhsulların ümumi həcminin 86,4 faizini müdafiə və xüsusi təyinatlı, 13,6 faizini isə mülki təyinatlı məhsullar təşkil etmişdir. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 750-ni ötmüşdür.

2013-cü ilin  İstehsal Proqramına uyğun olaraq  nazirliyin müəssisələri tərəfindən yaradılma üzrə 70 mövzunu və 208 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işlərinə başlanılmışdır. Elmi-Tədqiqat İnstitutunda cari ildə dövlət sifarişi xətti ilə 11 mövzu üzrə elmi tədqiqat və və təcrübi konstruktor işləri uğurla davam etdirilir.

Cari ildə Respublika Prezidenti İlham Əliyevin iştirakı ilə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində iki yeni istehsal sahəsinin - “Şərq” İstehsalat Birliyinin “Telemexanika” zavodunda iriçaplı patronların istehsalı və "Üfüq" İstehsalat Birliyinin Şirvan "Araz" zavodunda döyüş sursatlarının utilizasiya mərkəzlərinin açılışları olmuşdur. 2013-cü ildə təhvil verilməsi nəzərdə tutulan digər yeni istehsal sahələrində isə son tamamlanma işləri aparılır.

Kollegiyada qeyd olundu ki, nazirliyin müəssisələrində yaradılan və  istehsal olunan məmulatlar mütəmadi olaraq beynəlxalq sərgilərdə nümayiş etdirilir. İlk dəfə 27 adda müdafiə təyinatla məmulatla beynəlxalq sərgiyə qatılan Müdafiə Sənayesi Nazirliyi cari ilin may ayında Türkiyədə keçirilən “İDEF-2013” sərgisində 130 adda məmulatla təmsil olundu. Ötən sərgilərdə olduğu kimi, “İDEF-2013” sərgisində də nazirliyin nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanmışdır.

İclaslarda birlik və müəssisə rəhbərlərinin hesabatları dinlənildi.

Kollegiya iclaslarında nazir Yavər Camalov hesabat dövrü ərzində tabeli birlik və müəssisələr tərəfindən  görülmüş işləri müsbət qiymətləndirdiyini bildirdi.

Nazir Respublika Prezidenti İlham Əliyev tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə göstərişlər verdi.