Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
24 Aprel, 2013 16:00 441

Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2013-cü ilin birinci rübünün yekunlarına həsr edilmiş səyyar kollegiya keçirildi

Nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclaslarda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edildi.

Bildirildi ki, hesabat dövründə nazirliyin müəssisələrində 2013-cü il üçün  nəzərdə tutulan tədbirlərin icrası davam etdirilmiş, respublikanın güc strukturlarının sifarişləri əsasında bağlanmış müqavilələr üzrə müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilmişdir. Eləcə də mülki məmulatların istehsalının genişləndirilməsi üzrə işlər davam etdirilmişdir.

           Cari ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehsal həcmi 2,9 dəfə, müdafiə təyinatlı məmulatların istehsalı isə 2,6 dəfə artmışdır. İstehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərində 3,8 dəfə artım olmuşdur.

Birinci rübdə istehsal olunaraq sifarişçilərə təhvil verilən məmulatlardan PKM pulemyotunu, 60 mm-lik minaatanı, “Zəfər-K” tipli tapançanı, AK-74M tipli avtomatı, müxtəlif növ döyüş və siqnal patronlarını, əl qumbarasını, tank əleyhinə minanı, atıcı silahları, zirehli texnikanın ehtiyat hissələrini və digər məmulatları göstərmək olar.

Hesabat dövründə mülki məhsulların istehsalı üzrə proqnoza 100,6% əməl olunmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə mülki təyinatlı məmulatların istehsalında 17,5 faiz artım əldə edilmişdir.

2013-cü ilin istehsal proqramına uyğun olaraq nazirliyin müəssisələrində yaradılma üzrə 71 mövzu və 212 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işləri davam etdirilmişdir.

Kollegiyada qeyd olundu ki, nazirliyin müəssisələrində yaradılan və  istehsal olunan məhsulların mütəmadi olaraq beynəlxalq sərgilərdə nümayişi artıq ənənə halını almışdır. 2009-cu ildə Türkiyədə keçirilən “IDEF-2009” sərgisində Müdafiə Sənayesi Nazirliyi 27 adda məmulatla təmsil  olunmuşdusa, ötən ilin noyabrında İndoneziyada keçirilən “IndoDefence-2012”sərgisində 125 adda məmulatla təmsil olundu. Nazirlik may ayında Türkiyənin İstanbul şəhərində keçiriləcək “IDEF-2013” sərgisində isə 130 adda məmulat nümayiş etdirəcəkdir. Bu sərgidə ilk dəfə olaraq 7,62x54 mm-lik “Gürzə” pulemyotu, 7,62x51 mm-lik “Yalquzaq” snayper tüfəngi, 7,62x54 mm-lik HP-7,62 tipli hücum pulemyotu, “Gürzə” patrul maşını, “Aerostar” və “Orbiter” tipli pilotsuz uçuş aparatları və digər məmulatlar nümayiş etdiriləcəkdir.

Eyni zamanda qeyd olundu ki, Azərbaycan tarixində ilk dəfə olaraq 2014-cü ilin sentyabrında Bakıda keçirilməsi planlaşdırılan “ADEX-2014” beynəlxalq müdafiə sənayesi sərgisi üçün artıq hazırlıq işlərinə başlanılmışdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin  müvafiq Sərəncamına əsasən, Müdafiə Sənayesi Nazirliyində və tabeli müəssisələrində də  Ulu Öndərin 90 illik yubileyinin layiqincə qeyd ediməsi məqsədilə xüsusi tədbirlər planı hazırlanıb təsdiq edilmiş və həyata keçirilməsinə başlanılmışdır.

İclaslarda birlik və müəssisə rəhbərlərinin hesabatları dinlənildi.

Kollegiya iclaslarında nazir Yavər Camalov hesabat dövrü ərzində tabeli birlik və müəssisələr tərəfindən  görülmüş işləri müsbət qiymətləndirdiyini bildirdi.

Nazir Respublika Prezidenti İlham Əliyev tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə göstərişlər verdi.