Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
18 Oktyabr, 2023 12:20 497

Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “SEOUL ADEX 2023” Beynəlxalq Aerokosmik və Müdafiə Sərgisində iştirak edir

17 oktyabr tarixində Koreya Respublikasının Seul şəhərində “SEOUL ADEX 2023” Beynəlxalq Aerokosmik və Müdafiə Sərgisi öz işinə başlayıb.

Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) təşkilatçılığı, Koreya Aerokosmik Sənaye Assosiasiyası (KAIA) və Koreya Müdafiə Sənayesi Assosiasiyasının (KDIA) dəstəyi ilə keçirilən sərgidə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri cənab Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti də ziyarətçi qismində iştirak edir.

Silah, sursat, hərbi texnika, təhlükəsizlik sistemləri, PUA-lar, təyyarələr, helikopterlər, nəqliyyat vasitələri, naviqasiya sistemlərinin nümayiş etdirildiyi sərgini ziyarət edən nazir yeni texnologiyalar və innovativ yeniliklərlə tanış olub.

Sərgi çərçivəsində müdafiə sənayesi naziri Mədət Quliyev Koreya Respublikasının müdafiə sənayesi naziri Eom Donghvan ilə görüşüb.

Görüş zamanı müdafiə sənayesi sahəsində əldə olunan texnoloji yeniliklər haqqında danışılıb, Azərbaycan və Koreya Respublikası arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib və hər iki ölkədə keçirilən beynəlxalq müdafiə sərgilərində qarşılıqlı iştirak barədə razılığa gəlinib.

“SEOUL ADEX 2023” Beynəlxalq Aerokosmik və Müdafiə Sərgisi 22 oktyabr tarixində yekunlaşacaq.