Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
24 Yanvar, 2024 11:30 629

Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti BƏƏ-də səfərdədir

Yanvarın 23-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində “UMEX-2024” pilotsuz sistemlər üzrə sərgi və konfrans öz işinə başlayıb.

BƏƏ-nin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın himayəsi, Müdafiə Nazirliyinin dəstəyi və “ADNEC Group”un təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Səfər çərçivəsində nazir V.Mustafayev BƏƏ-nin hərbi sənaye kompleksinin əsasını təşkil edən “Tawazun” Sənaye Parkına daxil olan “Halcon”, “Al Tariq”, “Lahab”, “Nimr” və “Caracal” müəssisələrini ziyarət edərək, istehsal imkanları ilə yaxından tanış olub, həmçinin gələcək əməkdaşlıq və qarşılıqlı səfərlərin təşkili ilə bağlı müzakirələr aparıb.

Bundan başqa, Birləşmiş Ərəb Əmirliklərinin müdafiə işləri üzrə dövlət naziri və Nazirlər Şurasının üzvü Məhəmməd bin Mübarək Fadel Əl Mazrouei və “EDGE” şirkətinin İdarə Heyətinin sədri Faisal Əl Bannai ilə görüşən V.Mustafayev “UMEX-2024” sərgisində iştirak etməkdən məmnunluğunu bildirib. O, BƏƏ ilə əməkdaşlığın Azərbaycanın müdafiə sənayesinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb və görüş iştirakçılarını Bakıda keçiriləcək “ADEX-2024” 5-ci Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.

Görüşlər zamanı mövcud əməkdaşlığın inkişafı və maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 26 ölkə üzrə 134-dən çox iştirakçının qatıldığı və 500-dən artıq xarici nümayəndənin iştirak etdiyi “UMEX-2024” sərgisində aviasiya və kosmonavtika sahəsinə aid olan texnologiyalar nümayiş etdirilir.

Sərgi yanvarın 25-dək davam edəcək.