Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
23 Fevral, 2015 10:00 1279

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar "İDEX-2015" beynəlxalq müdafiə sərgisində nümayiş etdirilir

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə keçirilən "İDEX-2015" beynəlxalq müdafiə sərgisində nümayiş etdirilir. Bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti bu ölkədə səfərdədir.

Fevralın 22-də öz işinə başlayan "İDEX-2015” sərgisində dünyanın 55 ölkəsinin qabaqcıl  şirkətləri iştirak edir.

Müdafiə Sənayesi Nazirliyi ikinci dəfə olaraq qatıldığı "İDEX” sərgisində 170-dən artıq müdafiə təyinatlı məmulat nümayiş etdirir. Beynəlxalq sərgidə “İstiqlal-1T”, “Mübariz”, “Yalquzaq”, “Yırtıcı” snayper tüfəngləri, ”Şimşək-10” hücum pulemyotu, müxtəlif növ döyüş sursatları ilə yanaşı, ilk dəfə nümayiş etdirilən məmulatlardan NATO standartlarına uyğun 5,56x45 çaplı  avtomat silah Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən xarici nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılanır.

Sərgidə Azərbaycan Respublikasının müdafiə və fövqəladə hallar nazirləri və Dövlət Sərhəd Xidmətinin rəisi Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət etmiş, nümayiş etdirilən məmulatlarla yaxından tanış olmuşlar.

Sərginin ilk günü nazir Yavər Camalovun sərgiyə qatılan ölkələrdən bir neçəsinin rəsmi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri olub.

“İDEX-2015” beynəlxalq müdafiə sərgisi öz işini fevralın 26-dək davam etdirəcək.