Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
18 Aprel, 2016 14:29 1249

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan məmulatlar Malayziyada keçirilən "DSA-2016" sərgisində nümayiş etdirilir

Aprelin 18-də Müdafiə Sənayesi Nazirliyinin də təmsil olunduğu “DSA-2016”  XV Asiya müdafiə xidmətləri sərgisinin rəsmi açılışı olub. Açılışda müdafiə sənayesi naziri Yavər Camalov da iştirak edib.

Dünyanın ən böyük beş müdafiə sərgisindən biri olan “DSA-2016”-da  Müdafiə Sənayesi Nazirliyi müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, artilleriya silahları, zirehli texnikalar, müxtəlif çaplı aviasiya bombaları, pilotsuz uçuş aparatları, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, kiçik çaplı avtomatik tapançalar üçün döyüş sursatları, optik cihazlar və s.  olmaqla 220 adda müdafiə təyinatlı məmulat nümayiş etdirir. 

Sərgidə Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları tərəfindən tədbirə qatılan digər ölkələrin nümayəndə heyətlərinə sentyabrda Bakıda keçiriləcək “ADEX-2016” ikinci beynəlxalq müdafiə sərgisi ilə bağlı məlumatlar verilir və dəvətlər çatdırılır.

Aprelin 21-dək davam edəcək sərgidə nazir Yavər Camalovun  Malayziyanın və sərgiyə qatılan bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulur.