Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
06 May, 2015 11:00 1231

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan məmulatlar "İDEF-2015" sərgisində nümayiş etdirilir

Mayın 5-də Müdafiə Sənayesi Nazirliyinin də təmsil olunduğu “İDEF-2015” XII beynəlxalq müdafiə sənayesi sərgisinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə rəsmi açılışı olub. Açılışda müdafiə sənayesi naziri Yavər Camalov da iştirak edib.

1993-cü ildən başlayaraq iki ildən bir keçirilən “İDEF” sərgisinə Müdafiə Sənayesi Nazirliyi dördüncü dəfədir qatılır. İlk dəfə 2009-cu ildə 27 adda müdafiə təyinatlı məmulatla “İDEF” sərgisinə qatılan Müdafiə Sənayesi Nazirliyi “İDEF-2015” sərgisində 184 adda məmulat nümayiş etdirir. Dünyanın 59 ölkəsindən 600-dən çox şirkətin qatıldığı sərgidə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanır.

“İDEF-2015” sərgisində Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları tərəfindən tədbirə qatılan digər ölkələrin nümayəndə heyətlərinə 2016-cı ildə Azərbaycanda keçiriləcək “ADEX-2016” ikinci beynəlxalq müdafiə sənayesi sərgisi ilə bağlı məlumatlar verilir və dəvətlər çatdırılır.

Sərginin ilk günündə müdafiə sənayesi naziri Yavər Camalovun Malayziya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Zulkifeli Bin Zain ilə görüşü olub. Görüşdə Azərbaycan ilə Malayziya arasında müdafiə sənayesi üzrə ikitərəfli əməkdaşlığa dair danışıqlar aparılıb.

Mayın 8-dək davam edəcək sərgidə nazir Yavər Camalovun tədbirə qatılan digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə də görüşləri nəzərdə tutulur.