Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
24 Aprel, 2009 11:00 1714

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məmulatlar ilk dəfə olaraq IX Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF-2009) nümayiş etdiriləcəkdir

27-30 aprel 2009-cu il tarixlərində Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İstanbul şəhərində IX Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF-2009)  keçiriləcəkdir.

Türkiyə Respublikasının milli müdafiə naziri cənab Vecdi Gönülün dəvəti ilə müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti qeyd olunan sərgidə iştirak etmək üçün Türkiyə Respublikasında səfərdə olacaqdır. 

Sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar da nümayiş etdiriləcəkdir. Onların arasında döyüş sursatları, atıcı silahlar və optik cihazlar vardır.

İlk nümayişi 1993-cü ildə həyata keçirilən və əldə etdiyi nailiyyətlərə görə Avropa ölkələri arasında beynəlxalq əhəmiyyətə malik olan 10 ən iri sərgidən biri sayılan IDEF-in 2009-cu il nümayişində dünyanın müxtəlif ölkələrindən 463 şirkətin iştirakı nəzərdə tutulur.

İki ildən bir keçirilən sərgi, müasir tələblərə cavab verən yeni məmulatların nümayişi ilə yanaşı, onların satışı və alınmasına dair müvafiq kontraktların  bağlanması üçün də şərait yaradır.

Bu sərgi, müstəqil Azərbaycanın müdafiə sənayesi sahəsində təmsil olunduğu ilk beynəlxalq əhəmiyyətli sərgidir.