Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
05 May, 2011 14:00 1090

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məmulatlar "IDEF-2011" sərgisində nümayiş etdiriləcək

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar 10-13 may 2011-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək “IDEF-2011” X Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş etdiriləcəkdir. Bununla bağlı nazir Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayədə heyəti bu ölkədə səfərdə olacaqdır.

Bu sərgi qısa müddət ərzində fəaliyyətə başlayan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məmulatlarla qatıldığı sayca altıncı sərgidir. Bundan öncə nazirlik “IDEF-2009”, “SOFEX-2010”, “MSPO”, “AAD-2010” və “IDEX-2011” sərgilərində təmsil olunmuşdur.

İlk dəfə olaraq “IDEF-2009” beynəlxalq sərgisinə 27 adda məmulatla qatılan Müdafiə Sənayesi Nazirliyi bu sərgidə 89 adda məmulat nümayiş etdirəcəkdir. Nazirlik “IDEF-2011” sərgisində indiyədək qatıldığı sərgilərdə nümayiş etdirdiyi məmulatlarla yanaşı pilotsuz uçan aparatlar, yeni növ atıcı silahlar və döyüş sursatlarının da nümayiş etdirilməsini nəzərdə tutur.

Sərgidə Türkiyə ilə yanaşı ABŞ, İngiltərə, Almaniya, İtaliya, Rusiya, Fransa və digər inkişaf etmiş ölkələrdən 534 şirkətin iştirakı gözlənilir.

“IDEF-2011” sərgisi çərçivəsində nazir Yavər Camalovun Türkiyə və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərlərilə görüşü də nəzərdə tutulur.