Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
17 Dekabr, 2010 12:00 1995

Müdafiə Sənayesi Nazirliyinin kollektivi peşə bayramlarını qeyd etdilər

Bu gün Müdafiə Sənayesi Nazirliyinin kollektivi, respublika prezidenti cənab İlham Əliyev tərəfindən onlara bəxş olunmuş  17 dekabr  “Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü”nü yüksək fəxr hissi ilə geniş şəkildə qeyd etdilər.         

Artıq ikinci ildir ki, öz peşə bayramını qeyd edən kollektiv əvvəlcə Fəxri xiyabanda olaraq ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi, məzarı önünə əklil qoydu. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olundu, məzarı üstünə gül dəstələri düzüldü. Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları ziyarət edildi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyuldu. Kollektiv tədbirin keçirildiyi “Radioquraşdırma” zavodunun həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış  büstü ziyarət etdi, önünə gül dəstələri düzdü.

Sonra “Radioquraşdırma” zavodunun Akt zalında peşə bayramı ilə əlaqədar təntənəli tədbirin rəsmi hissəsi başlanıldı.

Azərbaycanın Dövlət Himni səsləndirildi.

Nazir Yavər Camalov çıxış edərək bildirdi ki, Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı ərəfəsində -11 dekabr 2010-cu il tarixində respublika prezidenti cənab İlham Əliyev nazirliyin bir qrup əməkdaşının “Əməkdar Dövlət Qulluqçusu”, “Əməkdar mühəndis” fəxri adlarına layiq görülmələrinə, “Tərəqqi”“Dövlət qulluğunda fərglənməyə görə” medalları ilə təltif olunmalarına dair Sərəncamlar imzalamışdır. Nazir bu münasibətlə respublika prezidenti cənab İlham Əliyevə kollektiv adından minnətdarlığını bildirdi.

Sonra nazir Yavər Camlov nazirliyin fəaliyyəti barədə ətraflı məlumat verdi. Bildirdi ki, Müdafiə Sənayesi Nazirliyi fəaliyyətə başladığı tarixdən bu günədək nazirliyin tabeliyində olan müəssisələrdə 31 yeni istehsal sahəsi yardılmışdır. İstifadəyə verilmiş müəssisələrdən 4-nün - “Üfüq” İstehsalat Birliyinin “Dalğa” Elmi-İtehsalat Müəssisəsinin, “Şərq” İstehsalat Birliyinin “İqlim” Elmi-İstehsalat Müəssisəsində yeni istehsal sahələrinin,  “Aqreqat” İstehsalat Birliyinin Şirvan “Araz” zavodunun və “Telemexanika” zavodunda yeni istehsal sahələrinin açılışı bu ilin əvvəlində olmuşdur.

Görülmüş işlər nəticəsində,  2010-cu ildə müdafiə təyinatlı məmulatların istehsal həcmi 2006-cı illə müqayisədə 115 dəfədən çox artmışdır. 2007-ci illə müaqyisədə 2010-cu ilin 11 ayında sifarişçilərə təhfil verilmiş müdafiə təyinatlı məmulatların həcmində 12,8 dəfə artım olmuşdur.

İstehsalı mənimsənilmiş məhsullar sırasında uzaq məsafəli minaatanları, snayper tüfəngini, əl qumbaraatanını, müxtəlif növ tank əleyhinə minaları, optik nişangahları, aviasiya təlim bombalarını, maskalanma torunu, müxtəlif döyüş sursatlarını və bir sıra digər məmulatları göstərmək olar.

Hal-hazırda nazirliyin müəssisələrində müdafiə təyinatlı məmulatların istehsalı ilə yanaşı mülki məhsulların yeni növlərinin mənimsənilməsi istiqamətində də məqsədyönlü işlər aparılır. Məhz onun nəticəsidir ki, son 4 ildə müəssisələrdə mülki məmulatların istehsal həcmi 2,3 dəfədən çox аrtmışdır. Çeşid sayı isə 358-ə çatdırılmışdır.

Ötən müddət ərzində hərbi-texniki əməkdaşlıq sahəsində görülmüş işlər nəticəsində, bu gün Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş  20-dən çox dövlətinin 60-dan çox şirkət və firmaları ilə sıx əməkdaşlıq edir.

2010-cu ildə nazirlikdə bir sıra rəsmi görüşlər keçirilmiş və nazirliyin rəhbərliyi  xarici ölkələrdə işgüzar səfərlərdə olmuşdur. 4 beynəlxalq sərgidə iştirak edilmişdir.

Bu il beynəlxalq sərgilərdə nümayiş olunan məmulatların çeşid sayı ötən illə müqayisədə xeyli artmışdır. Belə ki, ilk dəfə olaraq 2009-cu ilin aprel ayında Türkiyədə keçirilən IX Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF-2009) 27 adda məmulatla təmsil olunan Müdafiə Sənayesi Nazirliyi, bu il qatıldığı “SOFEX -2010” sərgisində 55 adda və "AAD - Afrika Aerospace Defence-2010" sərgisində  67 adda məmulatla təmsil olundu.

Sərgilərdə nümayiş olunan 14,5 mm-lik  və 12,7 mm-lik “İstiqlal” snayper tüfəngləri xarici ölkə nümayəndələri tərəfindən xüsusi maraqla qarşılanmışdır.

Özbəkistanda keçirilən Azərbaycan Respublikasının ilk Milli Sərgisində Müdafiə Sənayesi Nazirliyi 59 adda mülki məhsul nümayiş etdirmişdir.

Bu gün “Matador” və “Marauder” tipli zirehli transportyorların birgə istehsalı, NATO standartlarına uyğun “Zəfər”, “Zəfər-K” və “İnam” tipli müasir tapançaların istehsalı, hazırda Silahlı Qüvvələrdə istifadə edilən keçmiş SSRİ istehsalı olan müxtəlif tıpli zirehli döyüş maşınlarının müasir tələblərə uyğun təkmilləşdirilməsi işləri uğurla həyata keçirilir.

Nazir sonda qeyd etdi ki, daim dövlət başçısının diqqət və qayğısını hiss edən Müdafiə Sənayesi Nazirliyinin kollektivi bundan sonra da öz fəaliyyətində ümummilli lider Heydər Əliyevin ideyalarını rəhbər tutan Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkənin müdafiə sənayesinin inkişafı istiqamətində qüvvələrini səfərbər edərək, ordumuzu yeni növ silah, hərbi texnika və döyüş sursatı ilə təmin edəcəkdir.

Tədbirdə nazirliyin bir neçə qabaqcıl işçisinə “Qabaqcıl müdafiə sənayesi işçisi” nişanı, Fəxri Fərman, pul və qiymətli hədiyyələr və  eləcə də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təltif olunmuş əməkdaşlara Fəxri Fərmanlar təqdim olundu.

Digər çıxış edənlər də “Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü”nün yüksək səviyyədə qeyd edilməsilə əlaqədar sevinc hisslərini bölüşdülər və qeyd etdilər ki, bir il bundan öncə respublika prezidenti cənab İlham Əliyevin  müvafiq sərəncamı ilə təsis olunmuş bu gün, əslində müstəqil Azərbaycanın  hərbi qüdrətinin artırılması və bu sahədə xaricdən asılılığın azaldılması məqsədilə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin qısa müddət ərzindəki fəaliyyətinə verilən yüksək qiymətdir.

Tədbir zamanı Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsi arasında sahə üzrə sosial, iqtisadi, əmək münasibətlərinin tənzimlənməsi məqsədilə 2011-2013-cü illər üçün Sahə (Tarif) Kollektiv Sazişi imzalandı .

Sonda nazirliyin kollektivi adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.