Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
17 Dekabr, 2009 15:00 1893

Müdafiə Sənayesi Nazirliyinin kollektivi ilk peşə bayramlarını qeyd etdilər

Bu gün Müdafiə Sənayesi Nazirliyinin kollektivi  Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2009-cu il tarixli Sərəncamına müvafiq olaraq ilk dəfə olaraq öz peşə bayramlarını qeyd etdilər.  

Kollektiv əvvəlcə Fəxri xiyabanda olaraq ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi, məzarı önünə əklil qoydu. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olundu, məzarı üstünə gül dəstələri düzüldü.Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları ziyarət edildi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyuldu.Kollektiv tədbirin keçirildiyi “Radioquraşdırma” zavodunun həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış büstü ziyarət etdi, önünə gül dəstələri düzdü.

Zavodda istehsal ounmuş məhsulların Sərgisinə baxış keçirildi.

Sonra “Radioquraşdırma” zavodunun Akt zalında peşə bayramı ilə əlaqədar təntənəli tədbirin rəsmi hissəsi başlanıldı.

Azərbaycanın Dövlət Himni səsləndirildi.

Nazir Yavər Camalov çıxış edərək nazirliyin fəaliyyəti barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın müdafiə sənayesinin inkişaf tarixi respublikamızın öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövrə təsadüf edir.

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirildiyini və Silahlı Qüvvələrin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatının xeyli yaxşılaşdırıldığını vurğuladı. Belə ki, respublikanın müdafiəsini təmin edən ordunun maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə 2003-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikası müdafiə sənayesi müəssisələrinin 2003-2005-ci illərdə inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Bu proqramda hərbi sahədə kənardan asılılığın azaldılması və ordumuzun yeni məhsullarla təminatı nəzərdə tutulurdu. Məhz elə həmin tarixdən də respublikada müdafiə sənayesinin inkişafının yeni mərhələsinə qədəm qoyuldu. Bu siyasətin davamı olaraq prezident İlham Əliyevin sərəncamına əsasən 2005-ci ildə müdafiə, radioelektronika, cihazqayırma sənayelərində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi yaradıldı.

Nazirliyin yaradılmasından ötən 4 ildə əldə edilmiş uğurlardan və qarşıda duran vəzifələrdən danışan nazir bildirdi ki, bu günədək 21 obyekt əsaslı tikinti və yenidənqurmadan sonra istismara verilmişdir. 2007-ci ilin dekabrında nazirliyin “İqlim” Elmi-İstehsalat Müəssisəsi, “Telemexanika” və “Peyk” zavodları, 2008-ci ilin iyununda “Alov” zavodu, 2009-cu ilin martında “Radioquraşdırma” və Elektron Hesablayıcı Maşınlar zavodları, eləcə də Elmi-Tədqiqat İnstitutunun inzibati binası və təcrübi istehsalat sahəsi istifadəyə verilmişdir. Nəticədə 2006-cı illə müqayisədə 2009-cu ildə müdafiə təyinatlı məmulatların istehsal həcmi 40 dəfədən çox artmışdır.

Ötən müddətdə xarici ölkələrlə hərbi-texniki əməkdaşlıq sahəsində də mühüm işlər görülmüşdür. Bu gün Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş 20-dən çox dövlətinin 60-dan çox firma və şirkəti ilə sıx əməkdaşlıq edir.

Nazirliyin yaranmasından keçən dövrdə müəssisələrdə aparılan məqsədyönlü işlərin nəticəsi olaraq bu il Azərbaycan ilk dəfə müdafiə təyinatlı məmulatları ilə beynəlxalq əhəmiyyətli sərgidə iştirak etmişdir. Cari ilin aprelində Türkiyənin İstanbul şəhərində keçirilən IX Beynəlxalq müdafiə sənayesi sərgisində (IDEF-2009) ilk dəfə olaraq Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisələrdə yaradılmış və istehsal olunan 27 adda müdafiə təyinatlı məmulat nümayiş etdirilmişdir. "İstiqlal" tipli snayper tüfəngi, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, artilleriya minaları və optik cihazlar xarici ölkə nümayəndələrində xüsusi maraq doğurmuşdur. Hazırda Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan və sərgidə nümayiş etdirilən məhsulların satışı ilə bağlı bir sıra xarici dövlətlərlə danışıqlar aparılır.

Bu il Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən müdafiə təyinatlı məhsulların həcmi keçən illə müqayisədə 4 dəfə  artmış, çeşid sayı isə 350-ə çatdırılmışdır. Cənubi Afrika Respublikasının “Paramaund Group” şirkəti ilə bağlanmış müqaviləyə əsasən “Matador” və “Marauder” tipli zirehli transportyorların birgə istehsalına başlanılmışdır. Eləcə də NATO standartlarına uyğun “Zəfər”, “Zəfər-K” və “İnam” tipli müasir tapançaların yaradılması başa çatdırılmış, onların seriyalı istehsalına hazırlıq işləri aparılır.

Nazir sonda qeyd etdi ki, daim dövlət başçısının diqqət və qayğısını hiss edən Müdafiə Sənayesi Nazirliyinin kollektivi bundan sonra da öz fəaliyyətində ümummilli lider Heydər Əliyevin ideyalarını rəhbər tutan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkənin müdafiə sənayesinin inkişafı istiqamətində qüvvələrini səfərbər edərək, ordumuzu yeni növ silah, hərbi texnika və döyüş sursatı ilə təmin edəcəkdir.

Digər çıxış edənlər də “Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü”nün təsis edilməsi ilə əlaqədar sevinc hisslərini bölüşdülər. Bu addım dövlətimizin başçısı tərəfindən ümumilikdə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirildi.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev peşə bayramı münasibəti ilə Müdafiə Sənayesi Nazirliyinin kollektivini və xüsusi olaraq respublikanın müdafiə sənayesinin inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Əməkdar Mühəndis” fəxri adına layiq görülmüş və “Tərəqqi” medalı ilə təltif olunmuş nazirlik əməkdaşların təbrik etdi.

Tədbir zamanı nazirliyin bir qurup qabaqcıl müdafiə sənayesi işçisinə nazir Yavər Camalov tərəfindən “Qabaqcıl müdafiə sənayei işçisi” nişanı, Fəxri Fərman, pul və qiymətli hədiyyələr təqdim olundu.

Sonda nazirliyin kollektivi adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu. 

 

Foto