Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
13 Yanvar, 2011 15:00 1723

Müdafiə Sənayesi Nazirliyinin istehsalat birliklərində səyyar müşavirələr keçirilmişdir

10-12 yanvar tarixlərində Müdafiə Sənayesi Nazirliyinin istehsalat birliklərində nazir Yavər Camalovun sədrliyi ilə səyyar müşavirələr keçirilmişdir. 

Müşavirələrdə istehsalat birlikləri üzrə 2010-cu ilin yekunları barədə məlumatlar dinlənilmiş və 2011-ci ilin Dövlət Müdafiə Sifarişi Proqramının layihəsi müzakirə edilmişdir. Layihənin müzakirəsi zamanı qeyd edilmişdir ki, cari ildə 86 mövzu üzrə müdafiə təyinatlı məmulatların yaradılması və onların sınaqlarının keçirilməsi nəzərdə tutulur.

2011-ci ildə müdafiə təyinatlı məmulatların istehsal həcminin ötən ilə nisbətən 4 dəfədən çox artırılması, mülki məmulatlar üzrə istehsal həcminin genişləndirilməsi və çeşid sayının 15 faiz artımı nəzərdə tutulur.

Nazir Yavər Camalov 2011-ci ilin Dövlət Müdafiə Sifarişi Proqramının icrasının təmini məqsədi ilə nazirliyin tabeli müəssisələrinin yeni texnologiya və avadanlıqlarla təchizatı ilə bağlı tapşırıqlar vermişdir.

Nazir bildirmişdir ki, tabeli müəssisələrin 2010-cu il üzrə fəaliyyətlərinin yekunları keçiriləcək kollegiya iclasında geniş şəkildə müzakirə ediləcək.