Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
08 May, 2015 15:07 1231

Müdafiə Sənayesi Nazirliyinin "İDEF-2015" sərgisində nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılandı

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və  istehsal olunan müdafiə təyinatlı məmulatlar mayın 5-dən 8-dək Türkiyənin İstanbul şəhərində keçirilən “İDEF-2015” XII beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdirildi. Bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti qardaş ölkədə səfərdə oldu.

İlk dəfə 2009-cu ildə 27 adda müdafiə təyinatlı məmulatla “İDEF” sərgisinə qatılan Müdafiə Sənayesi Nazirliyi “İDEF-2015” sərgisində 184 adda məmulat nümayiş etdirdi. Nümayiş etdirilən məmulatlardan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələrini, artilleriya silahlarını, zirehli texnikaları, müxtəlif çaplı aviasiya bombalarını, pilotsuz uçuş aparatlarını, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatlarını, kiçik çaplı avtomatik tapançalar üçün döyüş sursatlarını, optik cihazları və s. göstərmək olar.

Bu sərgidə də Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılandı.

Sərgi çərçivəsində nazir Yavər Camalovun Tükiyənin yüksək vəzifəli şəxsləri, Pakistan, Tayland, Somali, Malayziya, Rumıniya və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri oldu. Görüşlərdə müdafiə sənayesi üzrə yeni əməkdaşlıq əlaqələrinin yaradılması, mövcud əlaqələrin inkişafına dair danışıqlar aparılıdı və ümumi razılıqlar əldə edildi.   

Sərgidə nazirliyin əməkdaşları tərəfindən, tədbirə qatılan digər ölkələrin nümayəndə heyətlərinə 2016-cı ildə Azərbaycanda keçiriləcək “ADEX-2016” ikinci beynəlxalq müdafiə sənayesi sərgisi ilə bağlı məlumatlar verildi və dəvətlər çatdırıldı.

“İDEF-2015” sərgisinə qatılan Azərbaycanın müdafiə naziri Zakir Həsənov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət etdilər, nümayiş etdirilən məmulatlarla yaxından tanış oldular. 

Sərgi zamanı Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən digər ölkələrin nümayəndə heyətlərinə iyunda Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı da geniş məlumatlar verildi.