Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
11 May, 2013 14:42 402

Müdafiə Sənayesi Nazirliyinin "IDEF-2013" sərgisində nümayiş etdirdiyi müdafiə təyinatlı məmulatlar böyük maraqla qarşılandı

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və  istehsal olunan müdafiə təyinatlı məmulatlar mayın 7-dən 10-dək Türkiyənin İstanbul şəhərində keçirilən  “IDEF-2013” XI Beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdirildi.

İki ildən bir keçirilən bu sərgidə Müdafiə Sənayesi Nazirliyi üçüncü dəfə idi ki, iştirak edirdi.

İlk dəfə beynəlxalq sərgidə iştirakı 27 adda məmulatla “IDEF-2009” sərgisinə qatılmaqla başlayan  MSN bu sərgidə 130 adda müdafiə təyinatlı məmulatla təmsil olundu.

Bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti Türkiyədə səfərdə oldu.

“IDEF-2013” sərgisində ilk dəfə olaraq 7,62x51 mm-lik “Yalquzaq” snayper tüfəngi, 7,62x54 mm-lik HP-7,62 tipli hücum pulemyotu, “Gürzə” patrul maşını, pilotsuz uçuş aparatları və digər məmulatlar nümayiş etdirildi.

Nümayiş etdirilən məmulatlardan “Yalquzaq”,  “İstiqlal”, “Mübariz”  snayper tüfəngləri, hücum pulemyotu, “Gürzə” patrul maşını, müxtəlif növ döyüş sursatları sərgidə təmsil olunan və qonaq qismində qatılan ölkələrin nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılandı.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz iki ölkə arasında digər sahələrdə olduğu kimi müdafiə sənayesi üzrə də əməkdaşlığın inkişaf etdiyini xüsusi vurğuladı. İsmət Yılmaz bu əməkdaşlığın hər iki ölkənin ordusunun güclənməsinə xidmət edəcəyini bildirdi.

Müdafiə sənayesi naziri Yavər Camalov Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi üzrə  yeni əməkdaşlıqların yaradılmasına dair birgə layihələrin hazırlandığını bildirdi.  

Səfər çərçivəsində  Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi üzrə mövcud olan əmakdaşlığın müvafiq sahələrdə genişləndirilməsinə dair niyyət protokolu imzalandı. Protokolu Azərbaycan tərəfindən müdafiə sənayesi naziri Yavər Camalov, Türkiyə tərəfindən isə Milli Müdafiə Nazirliyinin müdafiə sənayesi katibi Murad Bayar imzaladı.  

Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edənlərdən İtaliya, Polşa, Cənubi Afrika, Serbiya və digər ölkələrin nümayəndə heyətləri ilə əməkdaşlığın inkişafına dair danışıqlar aparıldı və ümumi razılıqlar əldə edildi.     

MSN-in stendini ziyarət edənlər arasında Azərbaycanın müdafiə naziri  Səfər Əbiyev və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev də olmuşdur.

Sərgi zamanı nazirliyin nümayəndələri sərgiyə qatılan ölkələrin nümayəndə heyətlərinə gələn il Azərbaycanda keçiriləcək “ADEX-2014” Beynəlxalq müdafiə sənayesi sərgisi ilə bağlı ətrafı məlumatlar verdi və dəvətlər çatdırdılar. Artıq bir neçə ölkə “ADEX-2014” sərgisində iştirak edəcəyini təsdiq etmişdir.