Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
09 Dekabr, 2014 15:12 545

Müdafiə Sənayesi Nazirliyinin etik davranış qaydalarının təkmilləşdirilməsi ilə bağlı illik hesabatı

Müdafiə Sənayesi Nazirliyi tərəfindən 2014-cü il ərzində etik davranış qaydalarının təkmilləşdirilməsi istiqamətində görülmüş işlərə dair hesabat hazırlanmışdır.

Hesabatda bildirilir ki, «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın 10-cu bəndinin icrasını təmin etmək məqsədilə nazirlik tərəfindən dövlət qulluqçularının etik davranış qaydalarının təkmilləşdirilməsi üçün mütəmadi olaraq treninqlər keçirilmiş, nazirliyin aparatında çalışan dövlət qulluqçularının Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın aidiyyəti seminar-treninqlərində iştirakı təmin edilmişdir.

Qeyd olunan treninqlərdə dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması, etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi kimi məsələlərə dair maarifləndirmə işləri aparılmış, etik davranış qaydalarının pozulması ilə əlaqədar daxil olan şikayətlər və tətbiq edilmiş intizam tənbeh tədbirləri barədə treninq iştirakçılarına ətraflı məlumatlar verilmişdir.

Etik davranış qaydalarının pozulması ilə bağlı daxil olmuş şikayətlərin effektiv araşdırılması mexanizmlərinin müəyyən edilməsi daim diqqət mərkəzində saxlanılmış, bununla əlaqədar nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə və əməkdaşlarına xüsusi tapşırıqlar verilmişdir.

Hesabatda etik davranış qaydalarının təkmilləşdirilməsi məqsədilə görülmüş işlərdən ətraflı bəhs edilir, bildirilir ki, bu məqsədlə nazirliyin internet saytında «Etik davranış» adlı xüsusi bölmə və qeyri-etik davranış barədə elektron şikayət etmə mexanizminin asanlaşdırılması üçün «Etik şikayət» adlı alt bölmə yaradılmış, eyni zamanda, həmin səhifədə qeyd olunan bölmələrdən istifadə qaydaları, habelə, nazirliyin 28 avqust 2007-ci il tarixli, 300 nömrəli Əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin dövlət qulluqçularının etik davranış qaydaları haqqında Əsasnamə» yerləşdirilmişdir.

Müdafiə Sənayesi Nazirliyinin «Etik davranış qaydalarının uyğunluğuna  nəzarət  və onun təhlilini aparan məsul şəxsin (etik müvəkkilin) təyin edilməsi barədə» 28 fevral 2011-ci il tarixli, 21 nömrəli Əmri ilə nazirlikdə çalışan dövlət qulluqçularının xidməti davranışlarının qanunvericiliklə müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət edən və onun təhlilini aparan məsul şəxs (etik müvəkkil) təyin edilmiş, ona nazirliyin aparatında çalışan dövlət qulluqçularının xidməti davranışlarının qanunvericiliklə müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət edilməsi və bununla bağlı təhlillərin aparılması tapşırılmışdır.

Etik müvəkkil, normativ hüquqi sənədlərin tələblərinə uyğun olaraq, etik davranış qaydalarının təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq treninqlərin təşkil edilməsində, görülmüş işlərə dair illik hesabatların hazırlanmasında bilavasitə iştirak edir, etik davranış qaydaları ilə əlaqədar pozuntular və tətbiq edilən intizam tənbehi tədbirləri barədə ümumiləşdirilmiş məlumatlar hazırlayaraq aidiyyəti dövlət orqanlarına təqdim edir.

Hesabatda həmçinin «Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planları»nın icrası ilə əlaqədar olaraq, hər il üçün ayrıca «İş planları» hazırlanaraq nazirliyin müvafiq əmrləri ilə təsdiq edildiyi qeyd olunur. Bildirilir ki, həmin planlara uyğun olaraq, vətəndaş müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi, mütəmadi olaraq vətəndaşların birbaşa, o cümlədən səyyar qəbulunun təşkil edilməsi, ərizə və şikayətlərin elektron qaydada qəbulu və rəsmi cavablandırılması işinin təkmilləşdirilməsi, dövlət qulluqçularının peşəkarlığının artırılması, maraqların toqquşmasının qarşısının alınması, habelə dövlət qulluqçuları üçün etik davranış məsələləri üzrə mütəmadi treninqlərin təşkil edilməsi, etik davranış qaydalarının pozulması ilə bağlı daxil olmuş şikayətlərin effektiv araşdırılması mexanizmlərinin müəyyən edilməsi, etik davranış məsələləri üzrə illik hesabatların hazırlanması və digər məsələlərlə əlaqədar məqsədyönlü işlər həyata keçirilmiş, görülən işlər barədə aidiyyəti dövlət orqanlarına hesabatlar təqdim edilmişdir.

Hesabatda 2014-cü il ərzində etik davranış qaydalarının pozulması ilə bağlı hər hansı bir şikayətin olmadığı da bildirilir.

Etik davranış qaydalarının təkmilləşdirilməsi ilə əlaqədar görülmüş işlərə dair illik hesabat qanunvericiliyin tələblərinə uyğun olaraq, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim edilmişdir.