Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları peşə bayramlarını qeyd etdilər
Artıq beşinci ildir ki, öz peşə bayramlarını qeyd edən müdafiə sənayesi işçiləri əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi, məzarı önünə əklil qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olundu, məzarı üstünə gül dəstələri düzüldü. Şəhidlər xiyabanında uyuyan, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları ziyarət edildi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyuldu. Kollektiv tədbirin keçirildiyi “Radioquraşdırma” zavodunun həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış büstü ziyarət etdi, önünə gül dəstələri düzdü.
Sonra “Radioquraşdırma” zavodunun akt zalında Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə təntənəli tədbirin rəsmi hissəsinə başlanıldı.
Tədbiri açan müdafiə sənayesi naziri Yavər Camalov bildirdi ki, Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı ərəfəsində -11 dekabr 2013-cü ildə Respublika Prezidenti İlham Əliyev nazirliyin bir qrup əməkdaşının “Əməkdar mühəndis” fəxri adına layiq görülmələrinə, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunmalarına dair Sərəncamlar imzalamışdır. Nazir bu münasibətlə Respublika Prezidenti İlham Əliyevə kollektiv adından təşəkkürünü bildirdi.
Yavər Camalov son illər müstəqil respublikamızın iqtisadi və sosial həyatında müşahidə olunan dinamik inkişafın 2013-cü ildə də uğurla davam etdiyini bildirdi. Qeyd etdi ki, yola salmaqda olduğumuz 2013-cü il respublikamızın həyatında bir sıra əlamətdar hadisələrlə yadda qalacaqdır.
Bu il ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi, Azərbaycan Silahlı Qüvvələrinin 95-ci ildönümü Respublika Prezidentinin müvafiq sərəncamlarına əsasən dövlət səviyyəsində qeyd edilmişdir. Eyni zamanda, respublikamız iqtisadiyyat, sosial, humanitar, mədəniyyət və digər sahələr üzrə beynəlxalq forum və konfranslara ev sahibliyi etmişdir.
Oktyabr ayında respublikamızda prezident seçkiləri keçirilmiş və xalqımız bu seçkidə də düzgün seçim edərək ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkədə sabitliyin, əmin-amanlığın, dinamik inkişafın təminatçısı olan layiqli namizədi, İlham Əliyevi yenidən özünə prezident seçmişdir.
Nazir bu münasibətlə Müdafiə Sənayesi Nazirliyinin kollektivi adında Respublika Prezidenti İlham Əliyevi bir daha təbrik etdi.
Sonra Yavər Camalov nazirliyin fəaliyyəti barədə ətraflı məlumat verdi. Bildirdi ki, Müdafiə Sənayesi Nazirliyi fəaliyyətə başladığı ilk gündən etibarən nazirliyin tikinti və yenidənqurma işləri aparılmış birlik və müəssisələrində 45 yeni istehsal sahəsi yaradılmışdır. Onlardan üçü - müxtəlif növ döyüş sursatları üçün partladıcıların, qumbaraatan üçün müxtəlif növ qumbaralı atəş yıgımlarının, müxtəlif növ və çapda artilleriya silahlarının istehsalı üzrə sahələr bu il istifadəyə verilmişdir
Müdafiə Sənayesi Nazirliyi fəaliyyət göstərdiyi 8 il ərzində tabeliyində olan müəssisələri ən müasir texnologiya və avadanlıqlarla təmin etmək üçün bir sıra işlər həyata keçirmişdir. Onlarla texnoloji avadanlıq, minlərlə müxtəlif növ dəzgah, cihaz, alət və tərtibatlar alınıb quraşdırılmışdır.
Artıq nazirliyin tabeli müəssisələrində istehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 900-ü ötmüşdür.
2013-ci ilin nəticələrinə görə istehsal olunmuş və sifarişçilərə təhfil verilmiş müdafiə təyinatlı məmulatların həcmində 2007-ci illə müqayisədə 35 dəfə, 2010-cu illə müqayisədə isə 2,8 dəfə artım əldə olunmuşdur.
Nazirliyin müəssisələrində istehsal edilən “Matador” və “Marauder” tipli zirehli nəqliyyat vasitələrinə 14,5 mm-lik pulemyotla təchiz edilmiş döyüş modulları quraşdırılmışdır. “Orbiter-2M” tipli pilotsuz uçuş aparatları üzrə 10 sistemin bütün sınaqları uğurla həyata keçirilərək sifarişçiyə təhvil verilmişdir.
2009-cu ildən başlayaraq Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan, istehsal olunan müdafiə təyinatlı məmulatlar beynəlxalq müdafiə sənayesi sərgilərində nümayiş etdirilir və böyük maraqla qarşılanır.
Beynəlxalq sərgilərə qatılan Müdafiə Sənayesi Nazirliyi dörd il öncə qatıldığı ilk sərgidə 27 adda müdafiə təyinatlı məmulatla respublikamızı təmsil edirdisə, bu ilin may ayında Türkiyədə keçirilən “IDEF-2013” XI beynəlxalq müdafiə sənayesi sərgisində 130 adda müdafiə təyinatlı məmulat nümayiş etdirdi. Nazirlik bu sərgidə müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, döyüş sursatları, optik nişangahlar, mühəndis texnikası və s. məmulatlarla yanaşı, ilk dəfə olaraq “Yalquzaq” snayper tüfəngi, HP-7,62 tipli hücum pulemyotu, “Gürzə” xüsusi təyinatlılar üçün patrul maşını, pilotsuz uçuş aparatları və digər məmulatları da nümayiş etdirdi.
ABŞ, İngiltərə, Almaniya, İtaliya, Rusiya, Fransa, Türkiyə və digər inkişaf etmiş ölkələr olmaqla dünyanın 36 ölkəsindən 500-dən çox şirkətin qatıldığı sərgidə Azərbaycan istehsalı olan məmulatlar, xüsusilə “Yalquzaq”, “İstiqlal”, “Mübariz” snayper tüfəngləri, hücum pulemyotu, “Gürzə” xüsusi təyinatlılar üçün patrul maşını, müxtəlif növ döyüş sursatları böyük maraqla qarşılandı.
Beynəlxalq sərgilərdə nümayiş olunan məmulatlara qarşı artan maraq sayəsində Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlıq еtmək istəyən ölkələrin və onların şirkətlərinin sayı artmaqda davam edir.
Bu gün Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş dövlətlərinin 60-dan çox şirkət və firması ilə sıx əməkdaşlıq edir.
Azərbaycan 2014-cü ilin sentyabr ayında tarixdə ilk dəfə olaraq beynəlxalq müdafiə sənayesi sərgsinə ev sahibliyi edəcəkdir. “ADEX-2014” adı altında keçiriləcək bu sərgi ilə bağlı Müdafiə Sənayesi Nazirliyi tərəfindən artıq hazırlıq işlərinə başlanılmışdır. Tədbirin yüksək səviyyədə keçirilməsi üçün təşkilati tədbirlər görülür.
2007-ci illə müqayisədə 2013-cü ildə yaradılma sahəsində başa çatdırılmış mövzuların sayı 3,5 dəfə, mərhələlərin icrası isə 1,7 dəfə artmışdır.
2013-cü ildə 107 mm-lik 12 lüləli yaylım atəşli reaktiv sistemin, şəffaf patron daraqlarının, 120 mm-lik döyüş minasınn və digər məmulatların yaradılması işləri tam başa çatdırılmış, məmulatın seriyalı istehsalı və silahlanmaya qəbul edilməsi tövsiyyə olunmuşdur. Eləcə də, BRDM-2 və BTR-70 tipli zirehli texnikaların sınaqları başa çatdırılmış və sifariş olunan sayda təkmilləşdirilərək respublikmızın güc qurumlarına təhvil verilmişdir. Aviasiya bombalarının nümunələri hazırlanmış, sınaqları keçirilərək onların seriyalı istehsalının təşkili istiqamətində işlər aparılır.
Tabeli müəssisələrdə müdafiə təyinatlı məmulatlar üzrə istehsal sahələrinin genişləndirilməsi ilə yanaşı, mülki məhsulların yeni növlərinin mənimsənilməsi istiqamətində də məqsədyönlü işlər aparılır. 2007-ci illə müqayisədə 2013-cü ildə mülki məmulatların istehsal həcmində 2 dəfə artım əldə olunmuşdur. Çeşidlərin sayı 450-ni ötmüşdür.
Nazirliyin müəssisələrində mülki məhsullardan: neft-qaz sənayesində işlədilən müxtəlif növ nəzarət və idarəetmə sistemlərinin, dəstləşdiricilərin, traktorlar üçün tırtılların, 4 və 6 laylı çap lövhələrinin, rəqəmsal teleyayıma keçidlə bağlı DVB-T tipli dekoderlərin, neft quyularında dərinlik nasoslarının işinə nəzarət edən “Dinomoqraf DM” cihazının, gəmilərin təmiri üçün ehtiyat hissələrinin, səyyar yemək termoslarının, plastik kütlədən hazırlanmış taraların, müxtəlif güclü akkumulyator batareyalarının, 12 kalibrli qoşa lülə və yarımavtomat yivsiz ov tüfənglərinin, işıqforlarda taymer sisteminin, polis məntəqələri üçün teleskop tipli maneə sistemləri və s. mənimsənilmişdir.
2010-cu ildən etibarən nazirliyin müəssisələrində istehsal olunan mülki məhsullar da bir çox beynəlxalq və milli sərgilərdə nümayiş etdirilir. Müdafiə Sənayesi Nazirliyi cari ilin sentyabrın 15-dən oktyabrın 17-dək Bakıda keçirilən “Azərbaycan 10 ildə” sosial-iqtisadi inkişaf dövlət proqramlarının icrası sərgisində təmsil olunmuş, nazirliyin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlarla yanaşı, mülki təyinatı məmulatları da nümayiş etdirmişdir. Nümayiş etdirilən məmulatlar böyük maraqla qarşılanmışdır.
Nazir qeyd etdi ki, bütün bu sadalanan uğurlar Respublika Prezidenti İlham Əliyevin ölkənin sənaye infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirdiyi kompleks tədbirlərin nəticəsidir.
Digər çıxış edənlər də “Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü”nün yüksək səviyyədə qeyd edilməsilə əlaqədar sevinc hisslərini bölüşdülər və qeyd etdilər ki, daim dövlət başçısının diqqət və qayğısını hiss edən Müdafiə Sənayesi Nazirliyinin kollektivi bundan sonra da, öz fəaliyyətində ümummilli lider Heydər Əliyevin ideyalarını rəhbər tutan Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkənin müdafiə sənayesinin inkişafı istiqamətində qüvvələrini səfərbər edərək, Azərbaycan ordusunu yeni növ silah, hərbi texnika və döyüş sursatı ilə təmin edəcəkdir.
Tədbirdə Respublika Prezidentinin müvafiq sərəncamları ilə fəxri adlara layiq görülən və medallarla təltif olunan nazirliyin əməkdaşları kollektiv tərəfindən təbrik edildi. Nazirlik tərəfindən bir neçə qabaqcıl işçiyə “Qabaqcıl müdafiə sənayesi işçisi” nişanı, Fəxri Fərman, pul və qiymətli hədiyyələr təqdim edildi. Ötən illərdə olduğu kimi, bu il də nazirliyin bir neçə əməkdaşı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Fəxri Fərmanlarla təltif olundular.
Tədbirin sonunda nazirliyin kollektivi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.