Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
17 Dekabr, 2014 12:00 434

Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları peşə bayramlarını qeyd etdilər

Dekabrın 17-də öz peşə bayramlarını qeyd edən Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi, məzarı önünə əklil qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olundu, məzarı üstünə gül dəstələri düzüldü. Şəhidlər xiyabanında uyuyan, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları ziyarət edildi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyuldu. Kollektiv tədbirin keçirildiyi “Radioquraşdırma” zavodunun həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış büstü ziyarət etdi, önünə gül dəstələri düzdü.

Sonra “Radioquraşdırma” zavodunun Akt zalında Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə təntənəli tədbirin rəsmi hissəsinə başlanıldı.

Tədbiri açan müdafiə sənayesi naziri Yavər Camalov bildirdi ki, Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı ərəfəsində Respublika Prezidenti İlham Əliyev nazirliyin bir qrup əməkdaşının “Əməkdar mühəndis” fəxri adına layiq görülmələrinə, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunmalarına dair Sərəncamlar imzalamışdır. Nazir bu münasibətlə Respublika Prezidenti İlham Əliyevə kollektiv adından təşəkkürünü bildirdi. 

Yavər Camalov başa çatmaqda olan 2014-cü ilin ölkə həyatında bir sıra mühüm hadisələrlə zəngin olduğunu bildirdi. Qeyd etdi ki, beynəlxalq səviyyədə keçirilən və müxtəlif sahələri əhatə edən sərgilər, təməlqoyma mərasimləri, konfrans və forumlar bunun bariz nümunəsidir. Nazir həmin tədbirlərdən birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi (ADEX-2014) Sərgisini, “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasimi, IV Bakı Beynəlxalq Humanitar Forumunu və s. xüsusilə vurğuladı.

Sonra Yavər Camalov nazirliyin fəaliyyəti barədə ətraflı məlumat verdi. Bildirdi ki, son illər Azərbaycanda müdafiə sənayesi uğurla inkişaf etmiş, buraxılan hərbi təyinatlı məhsulların çeşidi artmış, Milli Ordunun ən müasir silah növləri ilə təchiz edilməsi üçün zəruri addımlar atılmışdır.

2007-2014-cü illərdə müdafiə təyinatlı məmulatların yaradılması və istehsalının mənimsənilməsi məqsədilə aparılan tikinti və yenidənqurma işləri nəticəsində  50-dən çox yeni istehsal sahəsi yaradılmışdır.

Müdafiə Sənayesi Nazirliyi fəaliyyət göstərdiyi 9 il ərzində tabeliyində olan müəssisələri  ən müasir texnologiya və avadanlıqlarla təmin etmək üçün bir sıra işlər həyata keçirmişdir. Onlarla texnoloji avadanlıq, minlərlə müxtəlif növ dəzgah, cihaz, alət və tərtibatlar alınıb quraşdırılmışdır. Artıq nazirliyin müəssisələrində yaradılan yeni istehsal sahələri Azərbaycan Respublikası Silahlı Qüvvələrini müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla və xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün  tam gücü ilə fəaliyyət göstərir.

 Cari ildə istehsal olunmuş müdafiə təyinatlı məmulatların həcmi  ötən illərlə müqayisədə dəfələrlə artmışdır. İstehsal Proqramına uyğun olaraq 2014-cü ildə sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi 2007-ci illə müqayisədə  23,4 dəfə, 2010-cu illə müqayisədə isə 2 dəfə artmışdır. 

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 900-dən artıq müdafiə təyinatlı məmulatın və onların ehtiyat hissələrinin istehsalı mənimsənilmişdir.

2014-cü ildə də nazirliyin müəssisələrində sifarişə uyğun olaraq müdafiə təyinatlı məmulatların istehsalı uğurla həyata keçirilmişdir.

Cari ildə ilk dəfə olaraq müxtəlif növ kapsulların seriyalı istehsalı mənimsənilmişdir ki, bu da döyüş sursatlarının istehsalında mövcud olan kənardan asılılığı aradan qaldırmışdır.  

2014-cü ilin İstehsal Proqramına uyğun olaraq nazirliyin müəssisələri tərəfindən yaradılma işləri üzrə 66 mövzunu və 169 mərhələni əhatə edən təcrübi-konstruktor işləri aparılır.

Cari ildə qumbaraatan üçün qəlpəli atəş yığımlarının, zirehli gödəkçənin, ötürücü-qəbuledici sistemin, qəlpəli-fuqaslı minanın, gecəgörmə cihazının yaradılması  işləri tam başa çatdırılmış, onların seriyalı istehsalı və silahlanmaya qəbul edilməsi tövsiyyə olunmuşdur. Həmçinin xüsusi təyinatlı snayper tüfənglərinin zavod sınaqları aparılır və qısa müddət ərzində istehsalının mənimsənilməsi təmin ediləcəkdir. Eləcə də, aviasiya bombalarının nümunələri hazırlanmış, sınaqları keçirilərək onların seriyalı istehsalının təşkili istiqamətində tədbirlər görülür.

Müdafiə təyinatlı məmulatların istehsalı ilə yanaşı, mövcud istehsal bazası hesabına mülki məhsulların yeni növlərinin mənimsənilməsi istiqamətində də məqsədyönlü işlər davam etdirilir. Məhz bunun nəticəsidir ki, 2007-ci illə müqayisədə 2014-cü ildə mülki məmulatların istehsal həcmində 2,2 dəfə, 2010-cu illə müqayisədə isə 1,4 dəfə artım əldə olunmuşdur. Çeşidlərin sayı isə 450- dən çoxdur.

Nazirliyin müəssisələrində  istehsal olunan mülki məhsullar 2010-cu ildən etibarən bir çox beynəlxalq və milli sərgilərdə nümayiş etdirilir. 

2009-cu ildən etibarən Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar mütəmadi olaraq beynəlxalq sərgilərdə nümayiş etdirilir və böyük maraqla qarşılanır.

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və  istehsal olunan müdafiə təyinatlı məmulatlar bu ilin aprel ayında Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən XIV Asiya Müdafiə Xidmətləri (DSA-2014) Sərgisində nümayiş etdirildi.

Dünyanın ən böyük beş müdafiə sənayesi sərgisindən biri olan “DSA-2014”-də Müdafiə Sənayesi Nazirliyi 132 adda müdafiə təyinatlı məmulatla təmsil olundu.

Bu ilin 11-13 sentyabrında Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə respublikamızın tarixində ilk dəfə olaraq birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi “ADEX-2014” Sərgisi keçirildi. Sərgidə Türkiyə, ABŞ, Fransa, Polşa, İsrail, Belarus, Rusiya, Cənubi Afrika və s. daxil olmaqla dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edirdi.

"ADEX-2014" sərgisində Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya, Polşa, İsrail və Ukraynanın 8 milli qrupu öz ekspozisiyalarını nümayiş etdirdilər.

2009-cu ildə ilk qatıldığı beynəlxalq sərgidə 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Müdafiə Sənayesi Nazirliyi “ADEX-2014” sərgisində 168 adda məmulat nümayiş etdirdi.

“ADEX-2014”sərgisində MSN-in nümayiş etdirdiyi məmulatlar yerli və xarici nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılandı. Sərgidə müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, döyüş sursatları, optik nişangahlar, mühəndis texnikası və s. məmulatlarla yanaşı, ilk dəfə olaraq yarımavtomat snayper tüfəngi, avtomatik qumbaraatan kompleksi, əl qumbaraatanı, yaylım atəşli reaktiv sistemlə təchiz olunmuş xüsusi təyinatlı avtomobil, müxtəlif tipli qumbaralı atəş yığımları və digər məmulatlar da nümayiş etdirildi.

Sərgi çərçivəsində hərbi-texniki əməkdaşlığın müxtəlif istiqamətləri üzrə danışıqlar aparıldı və bir sıra yeni layihələrin reallaşdırılması məsələləri müzakirə olundu.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, digər dövlət və hökumət nümayəndələrinin “ADEX-2014” sərgisini ziyarət etməsi sərginin əhəmiyyətini daha da artırdı.

Ötən müddət ərzində hərbi-texniki əməkdaşlıq sahəsində də mühüm işlər görülmüşdür. Belə ki, nazirlik hərbi sənayenin müxtəlif istiqamətləri üzrə dünyanın aparıcı şirkət və firmaları ilə sıx əməkdaşlıq edir. Beynəlxalq sərgilərdə nümayiş etdirilən məmulatlara artan maraq sayəsində Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlıq edən qurumların sayı artmaqda davam edir.

Bu gün Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal edilən xüsusi və müdafiə təyinatlı məmulatlar xarici ölkələrə də ixrac olunur.

Nazir qeyd etdi ki, bütün bu sadalanan uğurlar Respublika Prezidenti İlham Əliyevin ölkənin sənaye infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirdiyi kompleks tədbirlərin nəticəsidir. 

Digər çıxış edənlər də “Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü”nün yüksək səviyyədə qeyd edilməsilə əlaqədar sevinc hisslərini bölüşdülər və qeyd etdilər ki, daim dövlət başçısının diqqət və qayğısını hiss edən Müdafiə Sənayesi Nazirliyinin kollektivi bundan sonra da, öz fəaliyyətində ümummilli lider Heydər Əliyevin ideyalarını rəhbər tutan Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkənin müdafiə sənayesinin inkişafı istiqamətində qüvvələrini səfərbər edərək, Azərbaycan ordusunu yeni növ silah, hərbi texnika və döyüş sursatı ilə təmin edəcəkdir.

Tədbirdə Respublika Prezidentinin müvafiq sərəncamları ilə fəxri adlara layiq görülən və medallarla təltif olunan nazirliyin əməkdaşları kollektiv tərəfindən təbrik edildi. Nazirlik tərəfindən bir neçə qabaqcıl işçiyə “Qabaqcıl müdafiə sənayesi işçisi” nişanı, Fəxri Fərman, pul və qiymətli hədiyyələr təqdim edildi. Ötən illərdə olduğu kimi, bu il də nazirliyin bir neçə əməkdaşı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Fəxri Fərmanlarla təltif olundular.

Tədbirin sonunda nazirliyin kollektivi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.