Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
17 Dekabr, 2015 15:00 4691

Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları nazirliyin yaradılmasının 10 illiyini və peşə bayramlarını qeyd etdilər

Dekabrın 17-də Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılmasının 10 illiyini və peşə bayramlarını qeyd edən nazirliyin əməkdaşları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi, məzarı önünə əklil qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olundu, məzarı üstünə gül dəstələri düzüldü. Şəhidlər xiyabanında uyuyan, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları ziyarət edildi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyuldu. Kollektiv tədbirin keçirildiyi “Radioquraşdırma” zavodunun həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış büstü ziyarət etdi, önünə gül dəstələri düzdü.

Sonra “Radioquraşdırma” zavodunun Akt zalında Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə təntənəli tədbirin rəsmi hissəsinə başlanıldı.

Tədbiri açan nazir Yavər Camalov bildirdi ki, Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı ərəfəsində Respublika Prezidenti İlham Əliyev nazirliyin bir qrup əməkdaşının “Əməkdar mühəndis” fəxri adına layiq görülmələrinə, “Tərəqqi”“Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunmalarına dair Sərəncamlar imzalamışdır. Nazir bu münasibətlə Respublika Prezidenti İlham Əliyevə kollektiv adından təşəkkürünü bildirdi. 

Yavər Camalov başa çatmaqda olan 2015-ci ilin ölkə həyatında bir sıra mühüm hadisələrlə zəngin olduğunu bildirdi. Qeyd etdi ki, cari ildə ölkəmiz bir çox beynəlxalq tədbirlərə - “Bakı-2015” birinci Avropa Oyunlarına, müxtəlif sahələri əhatə edən sərgilərə, konfranslara, forumlara və digər tədbirlərə ev sahibliyi etmişdir. Belə mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi respublikamızın regionda və bütünlükdə dünyada daha yaxından tanıdılmasına xidmət edir .

Nazir bir neçə il bundan öncə başlayan və bu gün də bütün dünyada hökm sürən maliyyə, iqtisadi böhranın Azərbaycan iqtisadiyyatının inkişafına təsir edə bilmədiyini vurğuladı. Qeyd etdi ki, dövlət başçısı İlham Əliyevin yürütdüyü düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı bu böhrana qarşı dözümlülüyünü qoruyur və artan sürətlə inkişaf edir. 

Yaradılmasının 10 illiyi qeyd olunan Müdafiə Sənayesi Nazirliyinin əldə etdiyi uğurlardan danışan nazir Yavər Camalov bildirdi ki, ötən müddət ərzində nazirliyin müəssisələrində müasir növ atıcı silahlar, döyüş sursatları, mühəndis texniki vasitələri və s. müdafiə təyinatlı məmulatlar istehsal edilərək Silahlı Qüvvələrə təhvil verilmişdir.   

Məmulatların yaradılması istiqamətində aparılan məqsədyönlü işlər nəticəsində yüzlərlə məhsulun mənimsənilməsinə və silahlanmaya qəbul edilməsinə nail olunmuşdur. 

Cari ilin İstehsal Proqramına uyğun olaraq nazirliyin müəssisələrində yaradılma üzrə nəzərdə tutulan 81 mövzunu və 143 mərhələni əhatə edən təcrübi-konstruktor işləri uğurla davam etdirilir. Hal-hazıradək 11 məmulat üzrə işlər tam başa çatdırılmışdır.

2015-ci ildə gecəgörmə cihazının, kompaslı prizmatik binoklların, mina üçün atəş yığımının, qumbaraatan üçün atəş yığımlarının, müxtəlif tipli mina partladıcılarının yaradılması işləri başa çatdırılmış və seriyalı istehsalı təmin edilmişdir. NATO standartlarına uyğun xüsusi təyinatlı ”Yalquzaq” snayper tüfənginin, avtomatik topun, xüsusi təyinatlı hücum pulemyotunun və s. məmulatların təcrübi-konstruktor işləri davam etdirilir. 

Nazirliyin fəaliyyəti dövründə 1000 addan çox müdafiə təyinatlı məmulatın və onların ehtiyat hissələrinin istehsalı mənimsənilmişdir. Bunlardan universal və tank pulemyotlarını, tank əleyhinə əl qumbaraatanını, müxtəlif mm-lik minaatanları və onlar üçün minalı atəş yığımlarını, pilotsuz uçuş aparatlarını, mina təsirinə dayanıqlı zirehli texnikaları, BTR və BRDM tipli zirehli texnikaların təkmilləşdirilməsini və s. göstərmək olar.

Ümumilikdə sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi 2006-cı ilə nisbətən 2015-ci ilin ilkin yekunlarına görə 210 dəfədən çox artmışdır. Ümumi məhsul istehsalının tərkibində müdafiə və xüsusi təyinatlı məmulatların həcminin xüsusi çəkisi 2006-cı illə müqayisədə 47 faiz artaraq 86 faiz təşkil etmişdir.  

Ötən müddət ərzində tabeli müəssisələrdə 450 addan çox mülki və ikili təyinatlı məhsulların istehsalı mənimsənilmiş, mülki məhsulların yeni növlərinin yaradılması və istehsalı istiqamətində məqsədyönlü işlər davam etdirilmişdir. Görülmüş tədbirlər nəticəsində mülki məhsulların istehsal həcmi ildən-ilə artmaqdadır. Belə ki, 2006-cı illə müqayisədə 2015-ci ildə istehsal olunmuş mülki məhsulların həcmi 2,9 dəfə artmışdır. Cari ildə proqnoz tapşırığa 102,5 faiz əməl olunmuşdur. İstehsalı mənimsənilmiş mülki məhsullardan - əleyhqazı, 12 kalibrli ov tüfənglərini və onların patronlarını, müxtəlif tutumlu akkumulyator batareyalarını, müxtəlif tutumlu termosları, maskalanma torunu, DVB-T peyk dekoderini, müxtəlif laylı çap lövhələrini, plastik taraları, parket məmulatını, müxtəlif mebel dəstlərini, traktor tırtılını və s. göstərmək olar. 

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar 2009-cu ildən etibarən 15 beynəlxalq sərgidə nümayiş etdirilmiş və böyük maraqla qarşılanmışdır.

Nazirliyin təmsil olunduğu digər beynəlxalq sərgilərdə olduğu kimi cari ilin may ayında Türkiyədə keçirilən “İDEF-2015” sərgisində də nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanmışdır. İki ildən bir keçirilən “İDEF” sərgisində Müdafiə Sənayesi Nazirliyi artıq dördüncü dəfə idi ki, iştirak edirdi.

İlk qatıldığı “İDEF-2009” beynəlxalq sərgisində 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Müdafiə Sənayesi Nazirliyi “İDEF-2015”də - müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, artilleriya silahları, zirehli texnikalar, müxtəlif çaplı aviasiya bombaları, pilotsuz uçuş aparatları, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, kiçik çaplı avtomatik tapançalar üçün döyüş sursatları, optik cihazlar və s. olmaqla 184 adda məmulat nümayiş etdirdi.

 Müdafiə Sənayesi Nazirliyində 2016-cı ildə Bakıda keçiriləcək “ADEX-2016” ikinci Beynəlxalq Müdafiə Sərgisi ilə bağlı hazırlıq işləri də davam etdirilir. Artıq 100-dən çox beynəlxalq şirkət sərgidə iştirak üçün qeydiyyatdan keçib.

MSN-in müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar Azərbaycan Silahlı Qüvvələrini təmin etməklə yanaşı, artıq xarici ölkələrə də ixrac olunur.

Müdafiə Sənayesi Nazirliyində hərbi-texniki əməkdaşlıq çərçivəsində bir sıra ölkələrin qabaqcıl şirkətlərini təmsil edən nümayəndə heyətlərinin rəhbərləri ilə davamlı olaraq görüşlər keçirilir, mövcud əməkdaşlıqların genişləndirilməsi və yeni əməkdaşlıqların yaradılmasına dair danışıqlar aparılır.

Bu gün nazirlik hərbi sənayenin müxtəlif istiqamətləri üzrə dünyanın aparıcı şirkət və firmaları ilə sıx əməkdaşlıq edir. Beynəlxalq sərgilərdə nümayiş etdirilən məmulatlara artan maraq sayəsində Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlıq edən qrumların sayı artmaqda davam edir.

Nazirliyin Elmi-Tədqiqat İnstitutu (ETİ) və Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən ötən müddət ərzində yeni növ müdafiə təyinatlı məmulatların yaradılması istiqamətində məqsədyönlü işlər aparılmışdır. Belə ki, Dövlət Müdafiə Sifarişi Proqramı xətti ilə ETİ-də 17 mövzu, MAKA-da isə 12 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri yerinə yetilmişdir. 2007-2015-ci illər ərzində sözügedən qurumlar  üzrə elmi-nəzəri biliklərin istehsalata tətbiqi ilə bağlı yüzlərlə elmi-tədqiqat işləri yerinə yetirilmiş və müsbət nəticələr əldə edilmişdir.

2007-ci ildən nazirlikdə fəaliyyət göstərən Еlmi-Тexniki Şurada 7 mövzu, şuranın müvafiq bölmələrində isə 80 mövzu üzrə müzakirələr aparılmış və onlardan bir qisminin istehsalata tətbiq olunması barədə müvafiq qərarlar qəbul edilmişdir. 

Nazir vurğuladı ki, qısa müddət ərzində müdafiə sənayesinin inkişafında əldə olunmuş bu uğurlar Respublika Prezidenti İlham Əliyevin ölkənin sənaye infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirdiyi kompleks tədbirlərin nəticəsidir.

Qeyd etdi ki, son zamanlar  Ermənistanla təmas xəttində tam üstünlüyü əldə edən və düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusunun təminatını daha da gücləndirmək məqsədilə, nazirliyin müəssisələrində silah, sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. 

Nazir bütün bu sadalanan uğurları Respublika Prezidenti İlham Əliyevin ölkənin sənaye infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirdiyi kompleks tədbirlərin nəticəsi kimi dəyərləndirdi. 

Digər çıxış edənlər də Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 10 illiyinin və nazirliyin işçilərinin peşə bayramı gününün yüksək səviyyədə qeyd edilməsilə əlaqədar sevinc hisslərini bölüşdülər və qeyd etdilər ki, daim dövlət başçısının diqqət və qayğısını hiss edən Müdafiə Sənayesi Nazirliyinin kollektivi bundan sonra da Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkənin müdafiə sənayesinin inkişafı istiqamətində qüvvələrini səfərbər edərək, Azərbaycan ordusunu yeni növ silah, hərbi texnika və döyüş sursatı ilə təmin edəcəkdir.

Tədbirdə Respublika Prezidentinin müvafiq sərəncamları ilə fəxri adlara layiq görülən və medallarla təltif olunan nazirliyin əməkdaşları kollektiv tərəfindən təbrik edildi. Nazirlik tərəfindən bir neçə qabaqcıl işçiyə “Qabaqcıl müdafiə sənayesi işçisi” nişanı, Fəxri Fərman, pul və qiymətli hədiyyələr təqdim edildi. Ötən illərdə olduğu kimi, bu il də nazirliyin bir neçə əməkdaşı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Fəxri Fərmanlarla təltif olundular.

Tədbirin sonunda nazirliyin kollektivi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.