Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
03 Oktyabr, 2019 10:00 981

Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı “Kosmik Hüquq və Siyasət” mövzusuna həsr olunmuş beynəlxalq konfransda iştirak edib

Türkiyənin İstanbul şəhərində Birləşmiş Millətlər Təşkilatı (UN), Asiya Sakit Okean Əməkdaşlıq Təşkilatı (APSCO), Türkiyənin TÜBİTAK UZAY mərkəzi və Türkiyə Kosmik Agentliyi tərəfindən beynəlxalq konfrans təşkil olunub. Rusiya, Qazaxıstan, Ukrayna, Çin, Hindistan, Pakistan, Sinqapur, İtaliya, Kanada, Çili, Peru və Türkiyənin bir çox nüfuzlu beynəlxalq təşkilatlarının nümayəndələrinin iştirak etdikləri konfransda Azərbaycanı Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru, professor Natiq Hacı oğlu Cavadov təmsil edib.

“Kosmik Hüquq və Siyasət” mövzusuna həsr olunmuş tədbirdə Kosmosun təhlükəsiz və sülh naminə istifadəsinin təşviqi, kosmik fəaliyyətlə əlaqədar milli qanun və siyasət çərçivələri, kosmik texnologiyaların tətbiqi ilə davamlı inkişafın təmin olunması, ətraf mühitin qorunması, təhlükəsizliyin təmin edilməsi, iqtisadi inkişafın stimullaşdırılması yolları kimi mühüm məsələlər müzakirə edilib. Konfrans çərçivəsində professor Natiq Cavadov bir sıra dövlətlərin nümayəndələri ilə məhsuldar görüşlər keçirib. Həmin görüşlərdən birində Türkiyə Aerokosmik Agentliyinin rəhbəri cənab Sərdar Hüseyin Yıldırım yaxın zamanda Azərbaycana səfər edəcəyini və Milli Aerokosmik Agentliyinin fəaliyyəti ilə əyani tanış olacağını bildirib.

Konfransın gedişi zamanı həmçinin, BMT-nin siyasət və hüquq məsələləri bölümünün sədri və xarici kosmik işlər üzrə rəhbəri cənab Niklas Hedman, Sinqapur Aerokosmik Agentliyinin prezidenti cənab Jonathan Hung, TÜBİTAK UZAY-ın idarə heyətinin sədri cənab Lokman Kuzu, APSCO-nun baş direktor müavini cənab Aziz Koru, ASELSAN-ın peyk yükləmə proqramları üzrə direktoru xanım Alime Özyıldırım, TÜRKSAT-ın peyk əməliyyatları üzrə vitse-prezidenti cənab Hasan Hüseyin Ertokla qarşılıqlı əməkdaşlıq üzrə müzakirələr keçirilib, informasiya mübadiləsinin təşkilinin, müştərək tədqiqat işlərinin həyata keçirilməsinin əhəmiyyəti xüsusilə vurğulanıb.