Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə İqtisad Universiteti arasında memorandum imzalanıb
Elmi-texniki nailiyyətlərin istehsal sahələrinə tətbiqi, aparıcı mütəxəssislərin davamlı olaraq, birgə elmi araşdırmalar aparmaları və əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədi ilə sentyabrın 22-də Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun (ETİ) direktoru, prof., t.e.d. Mürsəl Əliyev və institutun məsul işçilərinin iştirakı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, i.e.d. Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin ETİ-də görüşü keçirildi.
Nümayəndə heyətinin iştirakı ilə institutun həyətində Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edilərək önünə əklil və gül dəstələri qoyuldu. ETİ-nin M.Əliyev tədbir iştirakçılarını salamlayaraq, onların ETİ-də işgüzar görüşdə olmaqlarından məmnun olduğunu bildirdi. Görüşdə 44 günlük Vətən Müharibəsində qazanılan qələbədə Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi, müasir tələblərə cavab verən hərbi məmulatlar barədə geniş məlumat verildi.
M.Əliyev müəssisənin elmi-tədqiqat istiqamətləri və aparılan işlər haqqında ətraflı məlumat verərək qeyd etdi ki, son illər ETİ bir çox təhsil ocaqları və dövlət qurumları ilə səmərəli və işgüzar əlaqələr qurub. Bugünki tədbirdə imzalanan Əməkdaşlıq Memorandumu ölkəmizdə elm, texnika və sənaye sferasında rəqəmsallaşdırma siyasətinin, rəqəmsal iqtisadiyyata transformasiyanın həyata keçirilməsi ilə yanaşı, tərəflər arasında innovativ texnologiyalar və qarşılıqlı maraq kəsb edən müasir dövrün tələblərinə uyğun sahələrdə səmərəli əməkdaşlığın təşkilinin geniş imkanlar açacağına öz töhfəsini verəcəkdir.
Memorandum çərçivəsində müxtəlif rəqəmsal layihələrin həyata keçirilməsi ilə yanaşı, innovativ texnologiya, o cümlədən günün tələblərinə uyğun müasir sahələrdə birgə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi qeyd olundu.
Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndə heyəti ilə ETİ-nin “Müdafiə təyinatlı məmulatların təcrübi nümunələrinin yaradılması (fiziki modelləşdirilməsi) və ekspermental tətqiqi şöbəsi”nə məxsus istehsalat sexində müxtəlif illərdə ölkə və dünya miqyaslı sərgilərdə nümayiş etdirilmiş və müəlliflik hüququ ETİ-yə məxsus olan məmulatlarla yaxından tanış olundu. İnstitutun mütəxəssisləri nümayiş edilən hər bir məmulat haqqında tədbir iştirakçılarını ətraflı məlumatlandırdı. Tədbir Azərbaycan Dövlət İqtisad Universiteti ilə ETİ arasında əməkdaşlıq haqqında Memorandumun imzalanması ilə yekunlaşdı. Memorandumu UNEC-in rektoru Ə. Muradov və ETİ-nin direktoru M. Əliyev imzaladı. İmzalanmış Memorandumda aşağıda göstərilmiş əməkdaşlıq istiqamətləri əks etdirilir:
- UNEC-in müəllim-professor və tələbə heyəti ilə ETİ-nin aparıcı mütəxəssislərinin davamlı olaraq, birgə rəqəmsal ideyalar ətrafında elmi diskussiyalar aparılması, HAKATON-nun keçirilməsi (texniki məşvərət qrupu) üçün gənc mütəxəssislərin cəlb edilməsi və bu sahədə əməkdaşlığın edilməsi, həmçinin müdafiə sənayesi üzrə müasir tələblərə cavab verən yeni ixtisas qruplarının yaradılması üçün birgə səylərin göstərilməsi;
- ETİ-də həyata keçirilən layihələrə müəllim-professor heyətinin, gənc alimlərin və tələbələrin cəlb edilməsi, birgə layihələr üzərində elmi araşdırmaların aparılması, o cümlədən elmi-praktiki tədqiqatların yerinə yetirilməsi, gələcəkdə elmi kadrların hazırlanması mexanizminin yaradılması və inkişaf etdirilməsi ilə bağlı birgə tədbirlərin görülməsi;
- Elmi-tədqiqat işlərinin aparılması üçün rəqəmsal laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi üçün birgə səylərin göstərilməsi.
Görüşün sonunda tərəflər, ölkəmizin ali rəhbərliyinin apardığı rəqəmsal transformasiya siyasətinə uyğun olaraq, müştərək fəaliyyətin əsas istiqamətlərini müəyyən edərək müasir tələblərə cavab verən elmi-tədqiqat işlərinin səmərəli şəkildə aparılması haqqında tədbir iştirakçılarına öz tövsiyələrini verdi.