Müdafiə Sənayesi Nazirliyində yuxarı sinif şagirdləri üçün növbəti məlumat turu təşkil edilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın Azərbaycanda gənclərin vətənpərvərlik, dövlətə sədaqət ruhunda yetişdirilməsi və tərbiyə edilməsi, onların təhsildə uğurlar qazanması istiqamətində apardığı uğurlu və məqsədyönlü siyasətin həyata keçirilməsi məqsədilə 11 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə yuxarı sinif şagirdləri üçün növbəti məlumat turu keçirilib.
Bakı şəhər Yasamal rayon ərazisində yerləşən məktəblərin şagird və müəllim heyəti Müdafiə Sənayesi Nazirliyinin binasını ziyarət etdikdən sonra Nazirliyinin Vətən müharibəsində şəhid olmuş əməkdaşlarının xatirəsinin əbədiləşdirilməsinə həsr edilmiş Şəhidlər Memorial Abidə Kompleksi ilə tanış olublar. Nazirliyin 72 əməkdaşının Vətən müharibəsində böyük şücaət göstərdiyi, onlardan Ağaəmi Heybətov, Nurlan Zeynalov və Nicat Hüseynovun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəldikləri, 7 əməkdaşın isə yaralanaraq qazi olduğu şagirdlərin diqqətinə çatdırılıb.
Akt zalında davam etdirilən tədbirdə ilk olaraq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Daha sonra Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev keçdiyi döyüş yolu barədə şagirdlərə məlumat verərək, Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıqlardan bəhs edib. Nazirliyin əməkdaşı Nadir Əliyev də çıxış edərək, 44 günlük Vətən Müharibəsi zamanı Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarının fasiləsiz çalışaraq Ordumuzu döyüş texnikası və silah-sursatla təmin etdiklərini diqqətə çatdırıb. Eyni zamanda Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti, istehsal olunan silah-sursat və texnikalarla bağlı şagirdləri məlumatlandırıb və onları maraqlandıran sualları cavablandırıb. Daha sonra Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinə həsr olunmuş “Salam Silah” filmi nümayiş etdirilib.
Sonda Azərbaycan Respublikasının müdafiəsi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və müharibə iştirakçılarının göstərdikləri qəhrəmanlıqları əbədiləşdirmək məqsədilə Müdafiə Sənayesi Nazirliyi tərəfindən hazırlanmış “Tarix yazan qəhrəmanlar” kitabı şagirdlərə və müəllimlərə hədiyyə edilib.
Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyi mütəmadi olaraq gənclər üçün ölkənin müdafiə qabiliyyətinin artırılmasına və Ordu quruculuğu sahəsindəki fəaliyyətə dair görüş, konfrans və məlumat turları təşkil edir.